20 YANVAR ŞƏHİDLƏRİNİN XATİRƏSİ TƏRTƏRDƏ DƏRİN HÜZNLƏ yad edilib

 20 Yanvar faciəsi qurbanlarının xatirəsi respublikanın hər yerində olduğu kimi, cəbhə bölgəsində yerləşən Tərtər rayonunda da dərin hüznlə yad edilib.

 Azertaym.az xəbər verir ki, yanvarın 20-də rayon rəhbərliyi, əmək kollektivlərinin nümayəndələri, məktəblilər, ağsaqqallar və gənclər Tərtər şəhərində 20 Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış abidə-kompleksin önünə tər çiçəklər düzərək şəhidlərin xatirəsini ehtiramla yad ediblər.

Tədbir Gənclər Mərkəzində davam etdirilib. İştirakçılar burada təşkil edilən sərgidə məktəblilərin 20 Yanvar faciəsinə həsr etdikləri rəsmlərə baxıblar.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək 26 il əvvəl sovet ordusu tərəfindən Bakıda həyata keçirilən qırğının səbəbləri və ağır nəticələri barədə ətraflı danışıb. Bildirib ki, 1990-cı il yanvarın 20-də Azərbaycan xalqına qarşı həyata keçirilən terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaq. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.

Bildirilib ki, 20 Yanvar faciəsi zamanı xalqının səsinə hər kəsdən əvvəl səs verən ulu öndər Heydər Əliyev oldu. Ümummilli Liderimiz Moskvada özünün və ailə üzvlərinin həyatını açıq təhlükə qarşısında qoyaraq hadisələrdən dərhal sonra, 1990-cı il yanvarın 21-də ölkəmizin Moskvadakı daimi nümayəndəliyinə gəldi, təcavüzə kəskin etirazını bildirdi. Ulu Öndər faciəni törədənləri, şəxsən M.S.Qorbaçovu kəskin ittiham edərək qoşunların Bakıdan çıxarılmasını tələb etdi. Xalqımızın ümummilli lideri Heydər Əliyevin 1990-cı il 21 yanvar tarixli bəyanatı, eyni zamanda, faciəyə elə imperiyanın mərkəzində verilən ilk siyasi qiymət idi.

Çıxışlarda 20 Yanvar hadisələrinə hüquqi-siyasi qiymət verilməsində, faciənin günahkarlarının üzə çıxarılmasında, şəhidlərin adının əbədiləşdirilməsində ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən bəhs edilib, Ulu Öndərin siyasi xəttinin hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən davam etdirildiyi bildirilib.

Mərasimdə rayon mədəniyyət evinin özfəaliyyət kollektivinin hazırladığı “Şəhidlər ölmürlər” adlı ədəbi-bədii kompozisiyaya göstərilib.






Fikirlər