“Azərbaycana terror YALNIZ kənardan gələ bilər”

ilham-ismayi;

İlham İsmayıl: «Xüsusi xidmət orqanları Azərbaycana xaricdən gələn və terrorla əlaqəsi olan şəxsləri nəzarətdə saxlamalıdır»

Bir-birinin ardınca Avropanın mərkəzində baş verən terror aktları bir daha IŞID-in nələrə qadir olduğunu göstərdi. Təhlükəsizlik tədbirlərinə baxmayaraq IŞID Parisdən sonra Avropanı silkələyə biləcək daha bir dəhşətli terror aktına imza atdı.

Bu fakt onu göstərir ki, IŞID artıq Qərblə öz sərhədlərindən kənarda müharibəyə başlayıb. Brüsseldə baş verən terakt miqyasına görə də Paris terrorunun təkrarı oldu. Eyni zamanda Türkiyədə baş verən teraktlar da artıq terrorun ciddi bir problemə çevrilməkdə olduğunu göstərdi. Və geniş imkanlara sahib olan dövlətin terror qarşısında aciz düşməsi birgə tədbirlərin görülməsini vacib edir. Baş verənlərin fonunda Qərb hansı addımları atacaq? Reallığı nəzərə alaraq Azərbaycan hansı qabaqlayıcı tədbirlər görməlidir? Çünki dəfələrlə vurğulanıb ki, IŞID-in hədəflərindən biri də Azərbaycandır.

Təhlükəsizlik məsələləri üzrə ekspert Ilham Ismayıl bildirdi ki, Paris terrorundan sonra bir müddət Rusiya və Qərb Suriyada bərabər fəaliyyət göstərməyə başladılar. I.Ismayılın sözlərinə görə, Qərb Rusiyanın mövqeyində dəyişiklikləri görəndən sonra yanaşmasını dəyişdi. Çünki Rusiyanın məqsədi Suriyadakı rejimi saxlamaq idi: “Nəticədə Suriyada IŞID-ə qarşı mübarizə arxa plana keçdi. Daha çox siyasi məsələlər ön plana çıxdı. Əgər IŞID Avropanın mərkəzində bu cür addımlar atırsa və gələcəkdə də yeni terror aktları gözlənilirsə, deməli artıq dövlətlərin orduları fəaliyyət gstərməlidir. IŞID-ə qarşı quru qoşunları hərəkətə keçməlidir. Düşünürəm ki, yaxın zamanlarda ABŞ-ın təşəbbüsü ilə yenidən dünya liderləri bir araya gələrək, daha konkret addımların atılması istiqamətində qərar verəcəklər. Terror addım-addım gəlir. Ona görə bu istiqamətdə addım atmağın zamanıdır”.

Azərbaycanın yaranmış vəziyyətdə ata biləcəyi təhlükəsizlik tədbirlərinə gəlincə isə, I.Ismayıl bildirdi ki, Azərbaycan IŞID-in hədəfində olsa da, Avropa ölkələri və Suriya ilə qonşu dövlətlər daha ön plandadır: “Azərbaycanın elə bir mövqeyi yoxdur ki, nəsə həll etsin. IŞID bütün müsəlman ölkələrini hədəf alıb. Guya, IŞID bütün müsəlman ölkələrində şəriət dövləti quracaq. Terrora qarşı xüsusi xidmət orqanlarının fəaliyyəti nə qədər güclü olsa da, terroru proqnozlaşdırmaq asan deyil. Terror nə qədər güclüdürsə, onun qarşısını almaq da bir o qədər çətindir. IŞID-in Azərbaycanda nə zamansa terror törədib-törətməyəcəyini proqnozlaşdırmaq çox çətindir. Terrorun xarakterik xüsusiyyətlərindən biri də onun qəflətən baş verməsidir”.

I.Ismayıl onu da vurğuladı ki, Azərbaycan daxilində terrora meyl yoxdur. Azərbaycana terror yalnız kənardan gələ bilər. “Ona görə xüsusi xidmət orqanları Azərbaycana xaricdən gələn və terrorla əlaqəsi olan şəxsləri nəzarətdə saxlamalıdır. Terror təşkilatlarına dəstək verən şəxslər nəzarətdə saxlanılmalıdır”, deyə I.Ismayıl qeyd etdi.






Fikirlər