Füzuli Musayevin tələbəsindən tələbi: "ÖZÜNƏ də demişəm ki, bax ha..."
“Biz uzun illərdir ki, karatenin olimpiya idman növləri sırasına daxil olmasını gözləyirdik. Karate olimpiya idman növləri sırasına daxil olmağa çox yaxın idi. Təəssüflər olsun ki, hər dəfə buna nəsə bir əngəl yaranırdı. Nəhayət karatenin olimpiya idman növləri sırasına daxil olması ilə böyük idman hadisəsi baş tutdu”. Bunu Modern.az-a açıqlamasında karate üzrə ikiqat dünya çempionu, Fövqəladə Hallar Nazirliyinin idman-sağlamlıq klubunun rəisi, polkovnik Füzuli Musayevdeyib. O bildirib ki, karatenin olimpiya idman növləri sırasına daxil olmasında Azərbaycan böyük rol oynadı: “Dünyanın 200-dən çox ölkəsində 70 milyondan çox idmançı karate ilə məşğul olur. İdman növləri sırasında çox maraqlı növdür. Mən karateçi olduğuna görə demirəm, amma bu doğrudan da belədir. Biz 2020-ci ildə Tokioda baş tutacaq Olimpiya Oyunlarında karateni də görə biləcəyik. Qeyd edim ki, karatenin olimpiya idman növləri sırasına daxil olmasına ən böyük təkanı elə Azərbaycan vermiş oldu. Çünki Azərbaycanda karateyə olan dövlət qayğısını bu gün bütün dünya görür. Karatenin Bakıda baş tutan ilk Avropa Oyunlarına daxil edilməsi və bunu da Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxın izləməsi ona Azərbaycanda verilən qiyməti bir daha sübut etdi. Füzuli Musayev 2020-ci ildə Tokioda baş tutacaq Olimpiya Oyunlarında karate üzrə qızıl medal gözlədiyi idmançıların adlarını da açıqlayıb: “İnanıram ki, 2020-ci ildə Tokioda bizim karateçilərimiz böyük uğurlar qazanacaqlar. Onların hər birindən qızıl medallar gözləyirik. Bizim karateçilərimiz bütün dünyada tanınırlar. Təbii ki, onların arasında dünya arenasının 1 nömrəlisi Rafael Ağayevdir. İnanıram ki, 2020-Tokio Olimpiadasında Rafel qızıl medal qazanacaq. Ayxan, Niyazi, Rafiz, Firdovsi, qızlardan İlahə də 2020-Tokio Olimpiadasında qızıl medala namizədlər sırasındadır”. Rafael Ağayevin məşqçisi olmuş Füzuli Musayev onun 35 yaşında Tokioda qızıl medal qazanacağına inanır: “İnşallah 2020-ci ildə hər şey qaydasında olsa, Rafael Ağayev 35 yaşında, həyat və karyerasının ən gözəl çağında Azərbaycana karatedən olimpiya qızılı gətirəcək. Rafaellə görüşümdə də onun özünə demişəm ki, bax ha, sənin müəllimin 35 yaşında dünya çempionu oldu. Amma sən 35 yaşında mütləq olimpiya çempionu olmalısan. Bu artıq 2020-ci ildə Rafaelin qismətinə düşüb . İnanıram ki, Rafael Ağayev bunu bacaracaq. Fürsətdən istifadə edib Braziliyada açılışı olan “Rio-2016 Olimpiya Oyunları”nda Azərbaycan yığmasına uğurlar arzulayıram. Arzu edirəm ki, onlar Rio de Janeyrodan qızıl medallarla vətənə dönsünlər. Bütün Azərbaycan xalqı bunu gözləyir”.
Böyük tarixi idman hadisəsi Azərbaycandan olduğu kimi, bütün dünyada karate fanatlarını sevindirdi”.