Aeroport və Sumqayıta metro XƏTT ÇƏKİLİR?

1967-ci il noyabrın 6-da istifadəyə verilən Bakı Metropoliteninin 25 stansiyası,1 elektrik deposu və 36,6 kilometr uzunluğunda 3 xətti var. 

 “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Modern.az-a tikintisi davam etdirilən stansiya və depolarla bağlı son məlumatları verib.

 O qeyd edib ki, hazırda bir neçə istiqamətdə tikinti işləri davam etdirilir:

 “Bənövşəyi xəttin B№ -li (şərti ad) stansiyasında tikinti işləri davam etdirilir. Eyni zamanda Xocahəsəndə Bənövşəyi xəttin, Dərnəgüldə Yaşıl xəttin ikinci deposunun tikintisi aparılır. Perspektiv inkişaf planına uyğun olaraq yeni xətlərin tunel, stansiya və depolarının inşası ilə yanaşı, mövcud stansiyaların mərhələlərlə yenidən qurulması və müasir avadanlıqlarla təchiz olunması, dərin özüllü birçıxışlı stansiyaların ikinci çıxışlarının tikintisi nəzərdə tutulub”.

 N.Paşayev bir neçə il əvvəl müzakirə olunan hava limanı və Sumqayıt istiqamətinə metro xəttinin çəkilməsinin nəzərdə tutulmadığını açıqlayıb.

 Qeyd edək ki, perspektiv plana əsasən, ümumi uzunluğu 28,5 km olacaq mövcud Qırmızı xətt Badamdar qəsəbəsindən başlayaraq Zığ qəsəbəsinədək uzanacaq. 19 stansiyadan ibarət olacaq xəttin hazırda 13 stansiyası və 1 elektrik deposu istismardadır. Layihədə «İçərişəhər» stansiyasından sonra 4, «Həzi Aslanov» stansiyasından sonra 2 stansiyanın inşası nəzərdə tutulub.

Ümumi uzunluğu 41,8 km olacaq Yaşıl xətt Xətai, Nəsimi, Yasamal, Binəqədi, Nəriman Nərimanov, Nizami, Sabunçu və Suraxanı rayonlarını əhatə edəcək. Perspektiv inkişaf planına uyğun olaraq, gələcəkdə bu xətt üzrə Bakı metrosunda ilk dəfə qatarların dairəvi hərəkəti təşkil olunacaq. 23 stansiyası olacaq bu xəttin hazırda 10 stansiyası istismardadır. Xəttin bir elektrik deposu hazırda inşa olunur, daha biri isə layihələndirmə mərhələsindədir. 

Perspektiv inkişaf planına uyğun olaraq, “28 May” stansiyasının layihəsini dəqiqləşdirərək yenidən qurulmasının başa çatdırılması ilə mövcud Qırmızı və Yaşıl xətlərdə qatarların sərbəst hərəkətinin təşkili nəzərdə tutulub.

Uzunluğu 18,5 km olacaq yeni Bənövşəyi xətt Xocəsən qəsəbəsindən başlayaraq Qaraçuxur qəsəbəsinədək uzanacaq. Metropolitenin perspektiv inkişaf planının birinci prioritet istiqamətinə daxil olan Bənövşəyi xəttin «Avtovağzal» və «Memar Əcəmi» stansiyaları 2016-cı il aprel ayının 19-da sərnişinlərin istifadəsinə verilib.
Perspektiv inkişaf planına uyğun olaraq bu xətt üzrə 6-sı keçid olmaqla, 10 yeni stansiya inşa olunmalıdır. Hazırda Xocəsən qəsəbəsində Bənövşəyi xəttin deposunun tikintisi davam edir. 

 Uzunluğu 16,3 km olacaq Mavi xətt Yeni Yasamal yaşayış sahəsindən başlayaraq Sabunçu rayonunun Bakıxanov qəsəbəsinə qədər uzanacaq. Xətt üzrə 7-si keçid olmaqla, 11 stansiya və 1 elektrik deposu tikiləcək. 

Uzunluğu 14,7 km olacaq Sarı xətt Binəqədi rayonundan başlayaraq Səbail rayonunun Bayıl qəsəbəsinədək uzanan xətt olacaq. Bu xətdə 5-i keçid olmaqla, 11 stansiya və 1 elektrik deposu inşa olunacaq.






Fikirlər