Vəfa Quluzadə vəfat etdi..

Vəfa Quluzadə vəfat etdi..Azərbaycanın tanınmış politoloqu Vəfa Quluzadə bu gün vəfat edib.


V.Quluzadənin səhhəti qəflətən pisləşib və o, Bakıdakı xəstəxanalardan birinə yerləşdirlib. Onun ürəyində şuntlama əməliyyatı keçirilib, əməliyyatdan sonra V.Quluzadə palataya yerləşdirilib. Lakin bir az sonra onun səhhəti qəflətən pisləşib və dünyasını dəyişib.

Vəfa Quluzadə 21 dekabr, 1940-cı ildə Bakıda anadan olub. 1990-1999-cu illərdə Azərbaycan Respublikasının xarici siyasət məsələləri üzrə dövlət müşaviri vəzifəsində çalışıb.

V.Quluzadə 1963-cü ildə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirmiş, 2 il Azərbaycan radiosunda ərəb dilində verilişlər aparmışdı. O, 1962-1964-cü illərdə SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun aspiranturasında təhsil almışdı. Dissertasiyasını müdafiə edərək filologiya elmləri namizədi elmi adı almışdı.

V.Quluzadə 1970-ci ildə Misirdəki SSRİ səfirliyində attaşe kimi işə başlamışdı. Ərəb-İsrail müharibəsinin getdiyi bir vaxtda Misir prezidenti Ənvər Sədatın SSRİ xarici işlər naziri Andrey Qromıko ilə görüşündə iştirak etmişdi.

1973-cü ildə vətənə qayıdan V.Quluzadə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində işə başlamışdı. Həmin illərdə Sov.İKP MK yanında İctimai Elmlər Akademiyasını bitirmişdi. Yenidən diplomatik xidmətə qaytarılan V.Quluzadə Əlcəzairdəki SSRİ səfirliyinə məsləhətçi qismində göndərilmişdi.

1990-ci ildə Azərbaycana qayıdan V.Quluzadə Azərbaycan Respublikasının xarici siyasət üzrə dövlət müşaviri işləyir. Növbəti iki prezidentin - Əbülfəz Elçibəy və Heydər Əliyevin hakimiyyəti dövründə də öz postunda qalmışdı.

Bu zaman ərzində Vəfa Quluzadə Azərbaycan xarici siyasətinin formalaşmasında yaxından iştirak etmişdi. 1999-cu ildə istefa verənə qədər Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının üzvü olub.

O, Qarabağ münaqişəsinin həll olunması üzrə aparılmış danışıqlarda aktiv iştirak etmişdi. Azərbaycan-Ermənistan danışıqları zamanı nümayəndə heyətinə rəhbərlik etmiş, ATƏT-in sammitlərində, Cenevrə (1984) və İstanbulda keçirilmiş beynəlxalq konfranslarda, NATO-nun iclaslarında iştirak etmişdi.

V.Quluzudə peşəkar diplomat idi. Ərəb, rus, ingilis və fars dillərini bilirdi.

Vəfa Quluzadənin bir qızı və dörd nəvəsi var. Oğlu Murad 2010-cu ildə 36 yaşında ikən onkoloji xəstəlikdən vəfat edib.

Allah rəhmət eləsin.






Fikirlər