Bu gün Kəlbəcərdə girov düşərək öldürülən Həsən Həsənovun meyitinin Azərbaycana təhvil verilməsindən bir il ötür.

ANS TV-nin məlumatına görə, Azərbaycan tərəfi Həsən Həsənovun meyitini ötən ilin bu günü təmas xəttinin Ağdam istiqamətində dövlət komissiyası, Müdafiə Nazirliyi və Qırmızı Xaç Komitəsinin iştirakıyla geri almışdı.

Həsən Həsənov keçən ilin iyulun 14-də Dilqəm Əsgərov və Şahbaz Quliyevlə birlikdə Kəlbəcərdə ermənilərə əsir düşmüş, o öldürülmüş, digər iki vətəndaşımız isə əsir götürülmüşdü.

Bir ildən artıqdır ki, Həsən dünyada yoxdur, bir ildən artıqdır ki, onun anasının göz yaşı qurumur və bir ildən artıqdır ki, Dilqəmlə Şahbazın günahsız olduğunu dünyaya sübut edə bilmirik. Hərçənd bu kadrların özü onların kəşfiyyatçı, və ya hansısa diversant qrupun üzvü olmadığının ən yaxşı sübutudur.

Beynəlxalq qurumlar isə bir ildən artıqdır ki, onların azad edilməsi istiqamətdə heç bir iş görmür. Baxmayraq ki, Azərbaycan tərəfi hər iki girovun adından Avropa İnsan Haqları Məhkəməsinə müraciət edib.

Həsən Həsənovun ermənilər tərəfindən öldürülməsi ilə bağlı şikayəti isə sözügedən məhkəməyə mərhumun ailəsi edib. Hələlik sükutdur. Təkcə Beynəlxalq Qızıl Xaç Komitəsi öz mandatına uyğun olaraq hərdənbir girovlara baş çəkir. 

Sonuncu dəfə qurum rəsmiləri girovlarımızla sentyabrın 19-da görüşüb, onların saxlanma şəraiti ilə maraqlanıb ailələrinə məktub gətirib.

Onların qapısı nə vaxt açılacaq və ümumiyyətlə açılacaqmı? Bunu heç kim bilmir. Çünki qondarma məhkəmə birinə ömürlük, digərinə isə 22 il iş kəsib.

Həsən isə haqqın dərgahındadır. Ondan geriyə bir qızı, bir də Dilqəmin çəkdiyi son kadrlardakı görüntülər qalıb... O, kameraya sadəcə əl yelləyirdi. Bilmirdi ki, həyatıyla da vidalaşır...