DSMF Əmək və ƏHALİNİN Sosial MÜDAFİƏSİ Nazirliyinə verilib

DSMF Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə verilib

Azərbaycan prezidenti İlham Əliyev “Əhalinin sosial müdafiəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” fərman imzalayıb.

 
“APA-Economics” xəbər verir ki, fərmana əsasən sosial müdafiə sahəsində vahid dövlət siyasətinin və səmərəli idarəetmənin həyata keçirilməsi, əhalinin sosial tələbatlarının ödənilməsində müasir informasiya texnologiyalarının tətbiqi ilə kompleks yanaşmanın gerçəkləşdirilməsi, o cümlədən əmək pensiyaları və digər sosial ödənişlərin təyinatının “bir pəncərə” prinsipi üzrə təşkilinin təmin edilməsi məqsədi ilə Dövlət Sosial Müdafiə Fondu Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edilib və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu adlandırılıb.
 
Fərmana əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə strukturun və fəaliyyətinin optimallaşdırılması, habelə işçilərinin ümumi say həddi barədə təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan prezidentinə təqdim etmək tapşırılıb.
 
Bundan başqa, Nazirlər Kabineti Azərbaycan Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində Azərbaycan prezidentinə təqdim etməli, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını iki ay müddətində təmin edib Azərbaycan prezidentinə məlumat verməli, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamalı və bunun icrası barədə iki ay müddətində Azərbaycan prezidentinə məlumat verməli və bu fərmandan irəli gələn digər məsələləri həll etməlidir.
 
Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.  
RedaksiyadanQeyd edək ki, belə bir islahatın vacibliyi iqtisadçılar və jurnalistlər tərəfindən hələ keçən ildən ölkə mediasında bir neçə dəfə səsləndirilib. Bu kimi bənzər funksiyaları daşıyan strukturların vahid dövlət strukturnda cəmləşdirilməsinin və bu hesaba əsaslı ixtisarlar aparılmasının məqsəduyğun olduğu bildirilirdi. Qeyd olunurdu ki, bu və digər strukturlarda aparılan bu islahatlar dövlət büdcəsini izafi ballastlardan, artıq yüklərdən xilas edə bilər. Görünür, fevralın 21-də baş verən devalvasiyadan sonra bu addımın atılması qaçılmaz olub.






Fikirlər