""QARA BAZARI" BANK RƏHBƏRLƏRİ YARADIR"- ƏKRƏM HƏSƏNOV

"Onlar düşünür ki, dolları “Qara bazar”da satmaqla yüksək gəlir götürə biləcəklər"

Bank sahibləri düşünür ki, dolları "qara bazar”da daha yüksək qiymətə sata bilər.

Bunu Sherg.az-a Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmovun dolların ""qara bazar”dakı məzənnəsi ilə rəsmi məzənnəsi arasındakı fərq çox cüzidir" fikirinə münasibət bildirərkən, iqtisadçı-ekspert Əkrəm Həsənov deyib. 
Onun sözlərinə görə, "qara bazar”ın aktivləşməsi ilə bağlı bir sıra obyektiv və subyektiv səbəblər sadalamaq olar: 
"İlk olaraq, qeyd etmək lazımdır ki, Mərkəzi Bank (MB) kommersiya banklarına kifayət qədər dollar satmır. Bunun səbəbi isə onun müəyyən etdiyi məzənnə ilə bazar məzənnəsinin üst-üstə düşməməsidir. Əslində, dolların məzənnəsi yüksəkdir və MB valyuta ehtiyatlarının azalmasını istəmir. Çünki devalvasiyanın qaçılmaz olduğunu bilir. 2017-ci ilə qədər manatın ucuzlaşmasının davam edəcəyi də realdır. Banklar tərəfindən dolların satışı rəsmi məzənnədən dörd faizlik fərqlə satılır. Dolların az satılması vətəndaşların məhdudiyyətsiz dollar almasına şərait yaradan "qara bazar”ın meydana çıxmasına səbəb olur”.
Bank rəhbərlərinin bu vəziyyətdən istifadə etdiklərini söyləyən Ə.Həsənov bu yolla qanunsuzluğa şərait yaradıldığını bildirib: 
"Bankları idarə edənlər düşünür ki, dolları MB-ın məzənnəsindən dörd faiz baha satmaqla daha az qazanc əldə edəcəklər. Əksinə, "Qara bazar”da satmaqla isə yüksək gəlir götürə biləcəklər. Buna əsas səbəb bankirlərin əksəriyyətinin savadsız olması ilə bağlıdır. İndiyə qədər MB yüksək güzəştlər həyata keçirməklə, banklara sərbəstlik verib və tam nəzarəti təmin edə bilməyib. Bu vəziyyətin aradan qaldırılması istiqamətində hüquq-mühafizə orqanlarının da üzərinə böyük məsuliyyət düşür. Baş bankirin bu açıqlaması da problemlə bağlı ciddi tədbirlərin görülməsinə işarədir. Növbəti ildə "qara bazar”a tamamilə ləğv olunacağına ümid edirəm”.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov "qara bazar” və rəsmi məzənnə arasındakı fərqin cüzi miqdara endiyini deyib.

 






Fikirlər