Elman Rüstəmov: `Neftin qiyməti xeyli aşağı olacaq`

 

 


 

 

"Yüksək dollarlaşma səbəbindən Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları azalıb". 

"AzerTaym.az" bildirir ki, AzVision.az-ın məlumatına görə, bunu Milli Məclisinin növbəti plenar iclasında 2016-cı il üçün dövlət büdcə zərfinin müzakirəsi zamanı Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.

Baş bankir qeyd edib ki, 2014-cü ildə AMB-nin valyuta ehtiyatları 15 mlrd. dollar olub: "Bu ehtiyatları biz daxili bazardan almışdıq. Devalvasiyadan sonra ilk dəfə may-iyun aylarında biz daxili bazardan dollar aldıq. İyul ayında isə dollarlaşma səviyyəsi yenidən yüksəldi. İndi dollarlaşma səviyyəsi 10 il əvvəlki səviyyədədir".

E. Rüstəmov deyib ki, hazırda AMB-nin valyuta ehtiyatları 7 milyard dollardır ki, bu göstərici beynəlxalq normalara uyğundur.

MB sədri vurğulayıb ki, çevik məzənnə siyasətinə keçidlə bağlı məsələlər ciddi araşdırılır: `Bu siyasətə keçid texniki hazırlıq və soyuqqanlı yanaşma tələb edir. Bununla bağlı beynəlxalq təşkilatlarla müzakirələr aparırıq. Manatın məzənnəsi neftin qiyməti, tədiyyə balansının vəziyyəti və tərəfdaş ölkələrin valyuta siyasəti ilə müəyyənləşir. 2016-cı ildə də belə olacaq. Göründüyü kimi, məzənnəyə təsir edən başlıca amillər ölkədən, milli iqtisadiyyatdan kənarda formalaşır. Müxtəlif çevik məzənnə siyasəti çoxdandır ki, AMB-nin gündəliyindədir. Bu məsələlər ciddi araşdırılır. Əlaqədar beynəlxalq təşkilatlarla geniş müzakirə edilir`.

Baş bankir qeyd edib ki, dünya iqtisadiyyatında geosiyasi gərginliklər artıb, iqtisadi ticarət və iqtisadi aktivlik zəif olaraq qalır. 

“Qarşıdakı ildə neftin qiymətləri əhəmiyyətli dərəcədə aşağı olacaq. 2011-ci ildə tədiyyə balansı 17 milyard dollar idi. 2015-ci ilin sonun tədiyyə balansının 2 milyard dollar olacağı gözlənilir. Başqa sözlə, tədiyyə balansı 2011-ci il ilə müqayisədə 8 dəfə az olacaq" – deyə E. Rüstəmov bildirib.






Fikirlər