Dövləti aldadan sahibkarlar

75 qəpiklik qoz bazarlarımızda 16 manata necə satılır?

"Azərbaycana ərzaq məhsulları idxal edən bir çox sahibkarlar sənədlərdə qiymətləri saxtalaşdıraraq vergidən yayınırlar".

Bunu ANS PRESS-ə açıqlamasında İqtisadi Tədqiqatlar Mərkəzinin mütəxəssisi Vahid Məhərrəmov deyib. Onun sözlərinə görə, bəzi ərzaq məhsulları var ki, həmin məhsulların göstərildiyi qiymət real deyil. 



"Azərbaycana idxal edilən bir sıra ərzaq məhsullarının qiyməti süni şəkildə aşağı göstərilir. Məsələn, İrandan aşağı qiymətə texniki sort kartof gətirilir və təbii ki, onun sənədləşməsi də yüksək göstərilə bilməz. Digər məhsullarla bağlı, məsələn, 40 qəpiyə pendir ola bilməz, yaxud da ki, quru meyvələrin də sənədlərdə göstərildiyi kimi ucuz qiymətə gətirilməsi real deyil. Heç bir ölkədə belə qiymətlər mövcud deyil", - deyən Vahid Məhərrəmov bunun heç də bütün məhsullara aid olmadığını da qeyd edib.

"Amma bu, o demək deyil ki, bütün məhsulların qiyməti süni olaraq aşağı göstərilib. Bir çox məhsullar da var ki, həqiqətən, çox ucuz qiymətə gətirilir və dəyərindən onlarla dəfə baha satılır. Bir sözlə, hər iki halla rastlaşmaq mümkündür", - deyə kənd təsərrüfatı üzrə mütəxəssis əlavə edib.


Azərbaycana gətirilən bəzi qida məhsullarının idxal və satış qiyməti


Onun sözlərinə görə, həmin qiymətlərə müəyyən mərhələlərdə nəzarət edilməli, onlar yoxlanılmalıdır. "İqtisadi İnkişaf NazirliyindəGömrük Komitəsinin nəzdində belə şöbə olmalıdır. Qanunu pozanlar araşdırılmalı və cəzalandırılmalıdırlar", - deyə Vahid Məhərrəmov əlavə edib.


Vahid Məhərrəmov


Beləliklə, hər iki halda - idxal qiymətlərinin süni şəkildə aşağı göstərildiyi və göstərilmədiyi halda - sahibkarların dövlət və xalqın mənafeyinə zidd davrandıqları aşkardır. 

Birinci halda onlar dövlətdən real qiyməti gizlətməklə vergidən yayınır, dövlət büdcəsinin gəlirini azaldırlar.

İkinci halda isə sahibkarlar, həqiqətən də, sənədlərdə göstərdikləri qiymətə məhsul gətirsələr də, onu onlarla dəfə baha qiymətə satır, ölkədə sün qiymət artımına şərait yaradırlar.
(Azərtaym.az)






Fikirlər