Qiymətlər kəllə-çarxa çıxıb, nazirlik isə bahalaşma qeydə almayıb – SİYAHI

 

12112015-ci ilin fevral devalvasiyasından sonra baş verən qiymət artımını dövlət qurumları inzibati yolla tənzimləndi. Ancaq bahalaşma avqust ayından sonra daha ciddi hiss edildi.
Ekspertlər bunu süni qiymət artımı hesab edərkən, hökumət yenidən yoxlama və nəzarəti gücləndirməyə başladı.
Bu gün isə bahalaşma həddini aşmaq üzrədir. Hər kəsə bəllidir ki, paytaxtın bir çox market və mağazalarında kütləvi bahalaşma müşahidə edilməkdədir.
Əvvəllər gündəlik tələbat məhsullarının bazarlığına sərf etdiyimiz 100 manata lazımı ərzaqların hamısını ala bilmirik. İndi isə məhz həmin məhsullar üçün ən azı 40-50 manat əlavə vəsait xərcləməli oluruq.
Xüsusilə ərzaq və ərzaq məhsullarının qiymətində 30-40 faiz artım var.
Məsələn, əvvəllər “Berqa” çayları 100 qramlıq paketlərdə 85-90 qəpiyə, 250 qramlıq paketlərdə 2 manat 15 qəpiyə satılırdısa, indi 100 qramlıq paketlərdəki “Berqa” 1 manat 20 qəpiyə, 250 qramlıq paketlərdə 2 manat 45 qəpiyə alıcılara təklif edilir.
100 qramlıq paketlərdə 90 qəpiyə satılan “Beta” çayları indi 1 manat 40 qəpiyə, 250 qramlıq paketlərdə 2 manat 20 qəpiyə satılan çaylar isə 2 manat 75 qəpik olub.
Bahalaşma şəkər, şəkər tozu, konfet, şirniyyat, yuyucu toz, vanna otağı üçün istifadə edilən kimyəvi təmizləmə məhsullarında həddindən artıq hiss edilir. Bu məhsullarda da əvvəlki ilə müqayisədə 40-50, bəzən 70 qəpik artım müşahidə edilir. Çəki ilə satılan şirniyyatlar, tortlar və qənnadı məhsullarının qiyməti azı 1 manat artıb. Məsələn əvvəllər 3 manata satılan kiçik ölçülü “Nağıl” tortu indi 4 manata, 6 manat 50 qəpiyə satılan nisbətən iri ölçülü “Nağıl” toru isə 7 manat 50 qəpiyə alıcılarını gözləyir.
Yuyucu tozlarının qiymətinin bahalaşdığını xüsusi qeyd etmək lazımdır. Belə ki, “Ariel”, “Tayd”, “Omo”, “Persil” kimi daha çox ehtiyac duyulan məhsulların qiymətindəki fərqlər də əvvəlki ilə müqayisədə 80-90 qəpik arasındadır.
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev Modern.az saytına bildirib ki, Antiihisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin istehlak bazarında apardığı müşahidələr zamanı ərzaq mallarının qiymətində dəyişiklik qeydə alınmayıb.
Bundan başqa, vitrində qoyulan məhsulların qiyməti ilə kassada verilən qəbzdəki qiymətlər üst-üstə düşmür. Məhsulların əksəriyyətinin qiymətlərinin yuvarlaq rəqəmlər olmaması da alıcıları çaşdırır. İşçilərə irad bildirib, rəhbərliyi çağıranda isə hamısı müdir qarışıq gözünü yerə dikir. Deməli, hamının hər şeydən xəbəri var…
Abbas Əliyev bu cür faktlarla qarşılaşan müştəriləri 012 498 15 01, 012 498 15 04 nömrəli telefonlarla İqtisadiyyat və Sənaye Nazirliyi Yanında Antiihisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə, eləcə də İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 çağrı mərkəzinə müraciət etmələrini bildirdi: “Müraciət edilən təqdirdə bütün lazımi tədbirlər həyata keçiriləcək”.

 






Fikirlər