Moskva TANAP-a sürpriz hazirlayıb?

Vahid Əhmədov: “ABŞ və Avropa bu kəmərin çəkilişini dəstəklədiyi üçün Rusiyadan ciddi maneələr gözləmirəm”
Moskva TANAP-a sürpriz hazirlayıb?

Azərbaycan və Türkiyə arasında təbii qazın Türkiyəyə və Avropaya çıxarılmasını təmin edən Trans-Anadolu təbii qaz boru kəmərinə (TANAP) dair bu il iyunun 26-da İstanbulda imzalanmış sazişin Milli Məclisdə ratifikasiya olunması gündəmə yeni mövzu çıxardı. Söhbət Azərbaycana qarşı onsuz da son aylar qəzəbli olan Rusiyanın bu məsələyə necə reaksiya verəcəyindən gedir.
TANAP Türkiyənin “BOTAŞ” şirkəti ilə ARDNŞ-in imzaladığı sazişdir və buna uyğun olaraq illik 6 milyard kubmetr qazın Türkiyəyə satışı, daha 10 mlrd. kubmetrin isə Türkiyə vasitəsilə Avropaya çatdırılması planlaşdırılır. ARDNŞ-in payı isə 51 faizdən az olmayacaq.
Kremlin basqılarına və müxtəlif formalı təzyiqlərinə baxmayaraq, Azərbaycan neft-qazını 7 kəmərlə dünya bazarına çıxarır. Gələcəkdə Xəzər regionunda istehsal olunan qazın Avropa bazarına çıxarılması üçün əlavə layihələrin reallaşdırılması da nəzərdə tutulur ki, Moskva buna da imkan vermək istəmədiyini nümayiş etdirir. Bu mənada Azərbaycanı Avrasiya İttifaqına, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına, vahid gömrük sisteminə qoşmaq üçün “Milyarderlər ittifaqı”, “Sadval” kartı və digər faktorlara əl atan Kremlin Bakıya növbəti hansı sürprizi edəcəyi düşündürücüdür.
Deputat Vahid Əhmədov deyir ki, Rusiya daim belə layihələrə qarşı olub: “O mənada güman etmirəm ki, ciddi maneə törədə bilsin. Amma əlbəttə, buna səy göstərəcək, necə ki, indi də göstərir. Çünki Avropanın əsas hissəsinə qazı Rusiya verir. Ona görə də Rusiya təbii ki, Azərbaycan qazının Avropaya öz ərazisi ilə ixracını istəyər. Amma artıq məsələ həll olunub. Bu layihə uğurlu layihədir. Çünki TANAP-la qazın Türkiyə vasitəsilə Avropaya çıxarılması çox mühüm addımdır. Bu, 1994-cü ildə imzalanan ”Əsrin müqaviləsi"nə bərabər əhəmiyyətli sazişdir".
Bu layihənin həyata keçirilməsini əngəlləmək üçün 2013-cü seçki ilində Kreml Azərbaycana qarşı ciddi təxribat planını işə sala bilərmi? V.Əhmədov dedi: “Onlar həmişə buna çalışır. Bu, gizli deyil ki. Bu yaxınlarda da müəyyən fəaliyyəti gördük. Amma ABŞ tərəfindən Transxəzər Qaz Kəməri ilə əlaqədar xüsusi bəyanatın olması barədə xüsusi bəyanat verildi. Yəni ABŞ özü də bu kəmərin çəkilişini dəstəkləyir. Ona görə də hesab etmirəm ki, Rusiyadan ciddi maneə yaradılsın. Ümumi razılığa gəlmək mümkün olacaq. ABŞ və Avropa bu layihənin həyata keçirilməsinə çox maraqlıdır. İldə təqribən 10 milyard kubmetr qaz alacaqlar, hətta ola bilər ki, sonra bunun həcmi daha artıq olsun. Onlar üçün çox əhəmiyyət kəsb etdiyinə görə bu kəmərin çəkilməsinə maraqlıdırlar”.
V.Əhmədov parlament iclasında neft-qaz kəmərlərinin keçdiyi ərazilərin Azərbaycan tərəfindən alınmasını da təklif etmişdi. Lakin bu sahədə problemin olmadığı, məsələnin sazişlərdə əksini tapdığı deyildi. Bəs deputat bu cavabla qane olubmu? “Mənə verilən cavab bu oldu ki, o torpaqlar alınıb, sazişdə əksini tapıb. Amma mən bu kontraktları görməmişəm. Bəlkə sonradan nəsə dəyişiblər. Çünki müqavilələrdə belə şey yox idi. Ona görə bu məsələni qaldırdım ki, Gürcüstan Azərbaycandan gələn kəmərlər və verdiyimiz elektrik enerjisi hesabına dolanır. Yəni Azərbaycanın imkanı var idi ki, o borular keçən torpaqların ətrafını da alsın və sabah kəmərlərə təhdidlər olmasın. Ancaq deyildi ki, torpaqlar artıq alınıb, sənədlərə möhür vurulub. Bunun nə qədər düz olub-olmadığını isə deyə bilmərəm”.
İqtisadi Tədqiqatlar Mərkəzinin direktoru Qubad İbadoğlu isə dedi ki, parlamentin TANAP layihəsini ratifikasiya etməsi Cənub qaz dəhlizi, o cümlədən NABUKKO qaz kəməri üçün müəyyən əhəmiyyət kəsb edir: “Bu, kifayət qədər ciddi qərardır. 2013-cü ildən artıq tikintinin başlanması üçün də əsaslar var və bu istiqamətdə Azərbaycan qazı 2018-ci ildən başlayaraq bu kəmərlə ixrac olunacaq. Bu, həm də Azərbaycan qazının daşınması üçün alternativ kəmər funksiyasını yerinə yetirəcək. Çünki Bakı-Tiflis-Ərzurum kəməri ilə Gürcüstan və Türkiyənin bir bölgəsinin qaz təminatını həyata keçiririk. Digər tərəfdən, bu, həm Türkiyə, həm Avropanın qaza olan ehtiyacını ödəmək baxımından Azərbaycanın faydasına olacaq”.
İqtisadçı-alim bu böyük layihəyə Rusiyanın maneçilik göstərməkdə davam edəcəyini istisna etmir: “Təbii ki, bu kəmərin işə düşməsi ilə bağlı parlamentin qərarı Rusiyada birmənalı qarşılanmayacaq. Rusiya bu kəmərin işə düşməsi əleyhinə əlindəki bütün vasitələrdən hələ tam istifadə etməyib. Nəzərə alsaq ki, 2013-cü il Azərbaycan üçün siyasi həssas ildir, Rusiyanın bu kəmərin ləngidilməsi və ümumiyyətlə fəaliyyət göstərməməsi üçün səyləri növbəti ildə daha çox hiss olunacaq. Bu da siyasi təzyiqlər və təsirlər vasitəsilə özünü büruzə verə bilər”.






Fikirlər