“ÜÇÜNCÜ DEVALVASİYA QAÇILMAZDIR” – ÇIXAN DOLLAR gələn dollardan azdır

 

ma_nat_dollar_005
Mərkəzi Bankın ikinci devalvasiyadan sonra atdığı addımlar narahatlıqdan və üçüncü devalvasiya təhlükəsindən xəbər verir. Valyutadəyişmə məntəqələrinin bağlanması, marja (valyutanın satış məzənnəsinin alış məzənnəsindən kənarlaşma həddi) ilə bağlı limitin qoyulması, banklara manatla kreditlərin verilməməsi, üstəlik, dolların da realda satılmaması kimi məsələlər ekspertləri narahat edir. Bildirilir ki, üçüncü devalvasiya realdır, gözləniləndir, sadəcə olaraq, Mərkəzi Bank bir qədər vaxtı uzatmağa çalışır…
Ekspert Əkrəm Həsənov məsələ ilə bağlı musavat.com-a bildirib ki, manatın devalvasiyası uzunmüddətli perspektivdə qaçılmazdır: “Aydın məsələdir ki, neftin qiymətinin artmaması və neft hasilatı həcminin düşməsi ona gətirir ki, Azərbaycanın valyuta gəlirləri azalan xətlə gedir. Artma ehtimalı da yoxdur. Buna görə də manatın devalvasiyası uzunmüddətli perspektivdə qaçılmazdır. Bu barədə nə qədər danışsalar da, devalvasiyanın olmayacağını desələr də, olacaq. Yalnız söhbət gedir ki, bu, nə vaxt baş verəcək- iki-üç, yaxud beş aya? Mərkəzi Bank bunun qarşısını guya almaq istəyir. Dövriyyəyə əlavə milli valyuta buraxmaqdan qorxur, manat satmır. Əslində Mərkəzi Bank dövriyyəyə pul buraxmalıdır ki, bunu etmir, manat krediti vermir. Qorxur ki, o pulu da gəlib dollara dəyişdirəcəklər, valyuta ehtiyatları tamamilə bitəcək. Amma dövriyyədə manatın olmaması ona aparır ki, indi iqtisadiyyatımız iflic vəziyyətindədir. Mərkəzi Bank iki-üç aya dövriyyəyə milli valyuta buraxmağa məcbur olacaq. Onu buraxan kimi də devalvasiya davam edə bilər.
Devalvasiyanın hansı həcmdə olmasını demək çətindir. Yəni Mərkəzi Bank növbəti manat buraxılışlarını təyinatlı, məqsədli etsə, banklara da nəzarət olunsa ki, onlar dolları dəyişməyə yox, iqtisadi inkişafa sərf etsinlər, o halda devalvasiyanın həcmi az ola bilər. Amma bunu etməsə, yüksək olacaq. Hesab edirəm ki, Mərkəzi Bankın indiki rəhbərliyi ağıllı hərəkət edə bilməyəcək. Ona görə də devalvasiya qaçılmazdır”.
Samir
Ekspert Samir Əliyev isə musavat.com-a deyib ki, süni şəkildə yaradılan manat qıtlığı problemi həll etməyəcək: “Mərkəzi Bank ikinci devalvasiyaya gedəndə bunu belə əsaslandırdı ki, manat üzən məzənnəyə keçir. Bu, o deməkdir ki, məzənnə tələb və təklif əsasında formalaşacaq. İlk günlərdə bunu müşahidə etdik, tələb və təklif əsasında manatın məzənnəsində dəyişiklik oldu. Bu dəyişiklik də çox təəssüf ki, manatın əleyhinə işləməyə başladı. Mərkəzi Bank bazarın öhdəsinə buraxanda manatın dollara məzənnəsinin 1,80 nisbəti ilə bazarda qiymətlər formalaşdı. Ona görə Mərkəzi Bank məcbur oldu marjanı ləğv etdi, sonradan bərpa etməyə məcbur oldu. 
Bir az intervalı çox, 4 faiz qoydu. Bu, bir qədər bazarda müvəqqəti də olsa, bir sabitlik yaratdı. Ardınca Mərkəzi Bank pul kütləsini sıxmağa başladı. Onsuz da birinci devalvasiyadan sonra pul kütləsini azaldırdı. Və ikinci devalvasiyadan sonra bu proses davam etdi. Hərraclarda da manatla bağlı təklifi tənzimləməyə başladı. Bununla göstərməyə çalışdı ki, dollara tələbat yoxdur, artıq manat möhkəmlənib, bankların dollara ehtiyacı yoxdur. Əslində bunun səbəbi başqadır. Səbəbi odur ki, Mərkəzi Bank pul kütləsini sıxıb, dövriyyədə manat azaldılıb. Banklar manat tapa bilmir, buna görə də dollar almağa pulları yoxdur. Əllərində olan manatı onlar dollar almağa yox, öz korporativ öhdəliklərini yerinə yetirməyə yönəldirlər. Ona görə də belə süni şəkildə qıtlıq yaradılır. Manat bahalaşır süni surətdə. Bu, birinci devalvasiyadan sonrakı prosesin təkrarıdır. Devalvasiyadan sonra da manat bahalaşmağa başladı. Bu, düzgün olmayan bir addımdır. Bəlkə də maliyyə sabitliyi, manata etibar yaratmaq üçün bir psixoloji addımdır. Ancaq bu gün manatın bahalaşmasının gerçək iqtisadi əsası yoxdur.
Manatın üzən məzənnəyə keçidi elan olunan kimi dəyərini kəskin itirəcək. Mərkəzi Bank dəstək verməlidir. Amma valyuta ehtiyatları da azalır. Bu gün ehtiyatlar 5 milyarddan da aşağı düşüb. Deməli, Mərkəzi Bank bunu uzun müddət saxlaya bilməyəcək. Proseslər onu göstərir ki, manata təzyiqlər var. Əgər neftin qiymətində dəyişiklik olmasa, bahalaşma olmasa, düşünürəm ki, manatı indiki kimi saxlamaq çox çətin olacaq. Manatın bahalaşması real deyil, əsası yoxdur. Ona görə də manat dəyərini itirəcək. İndi bunun adı üçüncü devalvasiya olacaq, olmayacaq, fərqi yoxdur.
Nəzərə alsaq ki, rəsmi olaraq manatın məzənnəsi üzən məzənnə olduğuna görə, bu, o deməkdir ki, onun məzənnəsini bazar müəyyənləşdirir. Nəzəri olaraq sabah bazarda manatın dəyərdən düşməsini müşahidə etsək, Mərkəzi Bank bunun adını devalvasiya qoymaya bilər. Mərkəzi Bank elan edə bilər ki, devalvasiya baş verməyib, üzən məzənnəyə, bazara uyğun olaraq manat dəyərini azaldıb. İstənilən halda, bu, manatın dəyər itirməsidir. Ölkədə dollar qıtlığı var, çıxan dollar gələn dollardan azdır”.(musavat.com)

 






Fikirlər