"Rəhim Rəhimlinin yerində olsaydınız, nə edərdiniz?"-

"Rəhim Rəhimlinin yerində olsaydınız, nə edərdiniz?"-"MƏTANƏT O HƏRƏKƏTİ MƏNƏ QARŞI EDƏ BİLMƏZ"

Bir neçə gündür media və sosial şəbəkələrdə Mətanət Əliverdiyevanın ağzına su alaraq müğənni Rəhim Rəhimlinin üstünə tökməsi müzakirə olunur.
Aparıcının bu hərəkətindən sonra sənətçi M.Əliverdiyevanı qucağına alaraq onu studiyadan çıxarır. Aparıcı özü isə açıqlamasında R.Rəhimliyə tüpürmədiyini, soyuq duş etdiyini bildirib.

Bəs, digər müğənnilər bu situasiyada hansı addımı atardılar?

Axşam.az saytı məsələ ilə bağlı şou-biznesin bəzi kişi nümayəndələrindən münasibət öyrənib.

Müğənni Elçin Hüseynov: “Nə mən Rəhimin yerində, nə də o, mənim yerimdə ola bilər. Hər kəsin öz mövqeyi var. Rəhimlə də, Mətanət Əliverdiyeva ilə də münasibətim yaxşıdır, xətirlərini istəyirəm. Onlar şounu sevən insanlardır. Həmin an şou yaradıblar. Orada qərəzli heç bir şey ola bilməz. Təvazökarlıqdan uzaq olsa da deyim ki, mən ağırtəbiətli adamam. Mənə qarşı elə bir hərəkət edə bilməzlər. Məni tanıyan, efirə dəvət edən hər kəs bunu bilir. Hamıya hörmətlə yanaşıram - istər uşaq olsun, istər böyük. Və bu hörmətin qarşılığını da görürəm. Onu da deyim ki, şou deyəndə ağlıma ilk olaraq Rəhim gəlir. Hər kəsin bir xasiyyəti var. Hamını olduğu kimi qəbul etmək lazımdır”.

Prodüser Tarix Əliyev (Tolik): “Biz tanınmış insanlar efirdə hər zaman hörmət gözləyirik. Şişirdilmiş sualları sevmirəm. İki-üç aparıcı var ki, onların verilişində rahat oluram. Bəzən redaktorlar qulaqcıq vasitəsilə aparıcılara mövzuya uyğun olmayan, qalmaqallı suallar verirlər. Bəli, verilişdə şou lazımdır. Məsələn, Mətanət Əliverdiyeva canlı yayımda "şpaqat" açdı. Bu hərəkəti alqışlayıram. Amma Mətanət xanımın Rəhim Rəhimlinin üstünə su tökməsini izləməmişəm. Əgər belə hadisə olubsa, bu, həqiqətən əndazədən çıxmış hərəkətdir. Mətanət xanım dostumdur, xətrini çox istəyirəm. Amma Allah eləməsin ki, mənim başıma belə bir hadisə gələ. Mən heç vaxt buna imkan yaratmaram".

Müğənni Yaşar Cəlilov: “Bu hərəkətlər şou xarakteri daşıyır. Bəzi insanlar bunu öncədən razılaşdırılmış şəkildə edirlər: "sən mənim üzümə tüpür", yaxud "sən mənə sillə vur". Bu cür ucuz şouya heç vaxt yol vermərəm. Rəhim mənim dostumdur, onun xətrini çox istəyirəm. Doğrusu, həmin görüntüləri izləməmişəm. Əgər mən belə bir vəziyyətə düşsəydim, verilişi tərk edərdim və Mətanəti bir daha danışdırmazdım. Düzdür, Mətanət o hərəkəti mənə qarşı heç vaxt edə bilməz. Əgər etsə, ona səhvini başa salaram və üzr istəməsini tələb edərəm".

Müğənni Vasif Məhərrəmli: “Bakıda olmadığımdan həmin hadisədən xəbərim yoxdur. Mən hələ ki, belə bir hadisə ilə üz-üzə gəlməmişəm. Bircə onu bilirəm ki, Mətanətə al da yaraşır, şal da. Əgər belə bir hadisə başıma gəlsəydi, Mətanətdən inciməzdim. Amma düşünürəm ki, mənə elə etməzdi. Gərək həmin anı yaşayıb biləsən. Rəhim o hərəkətdən sonra Mətanəti qucağına aldı. Yəqin mən də durub Mətanətin üzündən öpərdim”.







Fikirlər