16.03.2014. - Bu gün Vaqif Mustafazadənin doğum günüdür

16.03.2014. -  Bu gün Vaqif Mustafazadənin doğum günüdürBu gün məşhur Azərbaycan cazmeni, pianoçu və bəstəkarı Vaqif Mustafazadənin doğum günüdür.

V.Mustafazadə 1940-cı il, martın 16-da Bakıda anadan olub. Atasının ölümündən sonra, anası Vaqifin tərbiyəsi ilə məşğul olmağa başlayır. O yerli məktəbdə musiqi müəlliməsi idi. Vaqif 1963-cü ildə Asəf Zeynallı adına musiqi məktəbini bitirərək Bakı Musiqi Akademiyasına daxil olmuşdu. İlk məşhurluq da elə bu zaman gəlir. Vaqif burada kiçik konsertlər verir, klublarda çıxış eləyir. O əsasən klassik caz, bluz və oynaq mahnılar ifa edir.
1964-cü ildən "Orero" ansamblına, "Qafqaz" caz üçlüyünə, "Leyli" və "Sevil" qadın vokal instrumental və "Muğam" instrumental ansambllarına rəhbərlik edib. Beynəlxalq caz müsabiqələri və festivallarının ("Tallin-66", "Tbilisi-78", Monte-Karlo) laureatı olub. Fortepiano və simfonik orkestr üçün konsertin, "Muğam" simfoniyasının (tamamlanmamış), bir sıra caz kompozisiyalarının və pyeslərin müəllifidir.

Vaqif Mustafazadə Azərbaycan caz musiqisinin banisi və yeni caz fikrinin (devizinin) təsisçisidir. O, Azərbaycan musiqisinin, muğamın klassik Amerikan caz musiqisi ilə sintezini yaratmışdır. Onun yeni devizi Caz-Muğam adlanır. O, Azərbaycan Muğam Caz Hərəkatının memarıdır. Onun həyat yoldaşı Eliza Mustafazadə Azərbaycanın peşəkar caz-muğam tərzində oxuyan ilk qadınıdır.

V.Mustafazadə 1979-cu il, dekabrın 16-da Daşkənddə qastrol zamanı ürək tutmasından vəfat edib, Bakıda dəfn olunub.







Fikirlər