Bu gün Nizami Gəncəvinin doğum günüdür

 



Nizami 26 sentyabr 1141-ci ildə Gəncə şəhərində anadan olub, bütün ömrü boyu orada yaşayıb yaradıb və 12 mart 1209-cu ildə Gəncədə vəfat edib.
Nizami təhsilini Gəncə mədrəsələrində allıb, daha sonra şəxsi mütaliə yolu ilə o dövrün elmlərini mükəmməl öyrənib, xüsusən də Yaxın Şərq xalqlarının şifahi və yazılı ədəbiyyatına yaxından bələd olub. Ana dilindən başqa ərəb və fars dillərini də mükəmməl bilən şairin Yunan dili ilə də tanış olduğu, həmçinin qədim yunan tarix və fəlsəfəsini, astronomiya, tibb və həndəsə elmlərini yaxşı mənimsədiyi əsərlərindən aydın görünürdü.
Nizami Gəncəvi yaradıcılığa lirik şeirlərlə başlayıb. Əsərlərindən məlum olur ki, şair böyük divan yaradıb, qəzəl və qəsidələr müəllifi kimi şöhrətlənib. Lakin Şərq təzkirəçilərinin 20 min beyt həcmində olduğunu qeyd etdikləri bu divandakı şerlərin çox az hissəsi dövrümüzədək gəlib çatıb. Nizami Gəncəvi bütün yaradıcılığı boyu lirik şerlər yazıb, sonralar poemalarında irəli sürdüyü mütərəqqi ictimai-fəlsəfi fikirlərini ilk dəfə həmin şerlərində ifadə etdirib.
Nizami Gəncəvi lirikası yüksək sənətkarlığı, məhəbbətə dünyəvi münasibəti, insan taleyi haqqında humanist düşüncələri ilə seçilir.
Lakin Nizami Gəncəvi dünya ədəbiyyatı tarixinə məsnəvi formasında yazdığı 5 poemadan ibarət "Xəmsə" ("Beşlik") müəllifi kimi daxil olmuşdur. 1177-ci ildə bitirdiyi "Məxzənül-əsrar" ("Sirlər xəzinəsi") adlı ilk poeması şairə böyük şöhrət qazandırıb. 
III Toğrulun sifarişi ilə qələmə aldığı "Xosrov və Şirin" poemasını 1180-cı ildə bitirib və Məhəmməd Cahan Pəhləvana göndərib. Cahan Pəhləvanın ölümündən sonra taxta çıxan Qızıl Arslan Gəncənin yaxınlığında öz çadırında şairlə görüşüb və onun nəsihətlərini dinləyib, şairə Həmdünyan adlı bir kənd bağışlayıb. 1188-ci ildə Şirvan hökumdarı I Axsitan şairə "Leyli və Məcnun" mövzusunda bir əsər yazmağı sifariş edib.
Nizami Gəncəvi bundan boyun qaçırmaq istəsə də oğlunun təkidi ilə təklifi qəbul edib az müddətdə "Leyli və Məcnun" poemasını (Şərqdə ilk dəfə) yaradıb. 1196-cı ildə Əlaəddin Körpə Arslanın adına "Yeddi gözəl" əsərini, nəhayət, ömrünün sonlarına yaxın bütün ədəbi-estetik, ictimai-fəlsəfi görüşlərini yekunlaşdırdığı "İsgəndərnamə" (təqr. 1203) poemasını qələmə alıb.
Nizami Gəncəvinin ilkin Şərq Intibahının zirvəsi olan yaradıcılığında dövrünün ən humanist, ümümbəşəri ictimai-siyasi, sosial və mənəvi-əxlaqi idealları parlaq bədii əksini tapıb.
Nizami Gəncəvi üçün şəxsiyyətin ən yüksək meyarı insanlıq idi. İrqi, milli və dini ayrı-seçkiliyi qətiyyətlə rədd edən bu şairin qəhrəmanları içərisində türk, fars, ərəb, çinli, hindli, zənci, yunan, gürcü və s. xalqların nümayəndələrinə rast gəlirik. 
Hümanist şair müxtəlif dinlərə mənsub bu qəhrəmanların heç birinin milliyətinə, dini görüşlərinə qarşı çıxmır. Onun qəhrəmanları ədalət, xalq xöşbəxtliyi, yüksək məqsədlər uğrunda mübarizə aparırlar. İnsan şəxsiyyətinə, insan əməyinə ehtiram şairin yaradıcılığının aparıcı mövzularındandır.
Nizami Gəncəvi həm də vətənpərvər idi. O, təsvir etdiyi bütün hadisələri Azərbaycanla əlaqələndirməyə, vətənin keçmiş günlərini tərənnüm etməyə çalışıb. Nizami Gəncəvi yaradıcılığında vətən məhəbbəti doğma xalq yolunda qəhrəmanlıq ideyası ilə birləşib.
Nizami əsərlərini fars dilində yazıb. O, türk dilində yazmamasını "Leyli və Məcnun" əsərində özünə qüsur tutub, sonra "Yeddi gözəl"də bu məsələyə bir daha toxunmayıb.






Fikirlər