Kor Valoxların Ata Abdullayevlərə çevrildiyi dünya və yaxud da Ramiz müəllimin Davud kişi olmağa cəsarəti çatacaqmı?

Ata Abdullayev haqda film çəkdilər, sosial şəbəkələrdə REKORD ...

Keçən əsrin ortalarında tərəkəmə elatında Davud adlı nüfuzlu, sanballı və sayılıb-seçilən bir adam yaşayırmış. Bəy nəslndən olan Davud əsilli-nəcabətli ailədə doğulsa da, uşaqlıdan yetim qalmış, çətinliklər görmüş, ağrılar-acılarlar içərisində böyümüşdür.

Lakin ağlı və bacarığı sayəsində zəmanəsinə uyğun təhsil almış, ev-eşik qurmuş, var-dövlət qazanmış, oğul-uşaq sahibi olmuşdur. Eldə-obada dünyagörmüş, tədbirli, qayğıkeş adam kimi tanınan Davud kişi yol göstətərən, çörək verən, qan yatıran ağsaqqalıymış. Həmin eldə kor Valox adında bir adam da yaşayırmış. Kor Valox bu kəndə uşaqkən dağlıq obaların birindən anasının yanında gəlibmiş. Nəinki kənd camaatı, bəlkə də heç Kor Valoxun özü də əsl adının nə olduğunu düz-əməlli bilmirdi. Anası Valoxun uşaq vaxtı meşədən odun yığarkən gözünə ağac parçası batdığını desə də, sonradan Valoxun doğulduğu obadan yaşadığı kəndə gələn bir aşıq onu tanımış, toyuna gəldiyi adama Valoxun on iki-on üç yaşlarında olarkən obanın sayılan bir kişisinin həmin obada yaşayan başqa bir hörmətli adamın arvadı ilə bir yerə gördüyü barədə şaiyə uydurmasını, sorğu-sual zamanı həmin obadan olan bir nəfərin öyrətməsi ilə böhtan atdığını etiraf etməsini, öyrədən adamın qayadan atılmasını, Valoxun isə gözünün birinin ocaqda qızardılmış şişlə dağlanılmasını , bundan sonra anasının Valoxu da yanına alıb, obadan çıxdığını demişdir. Bundan xəbər tutan Kor Valox gecəykən aşığın atını və sazını oğurlamış, aşıq da o gedən getmiş və bir daha o kəndə qayıtmamışdır. Amma söhbət kəndə yayılmış, kənd adamları Kor Valoxu nəinki evlərinə heç həndavərlərinə buraxmamışlar. Kor Valox gündüzlər obada fırlanır, orda-burda qarnını otarar, söz toplayar, gecələr hərəninin öz sözünü özünə çatdırar, gündüzdən bələdlədiyi əşyaları şırpışdırıb, aparardı. Kor Valoxu heç kim xoşlamazmış, yaşlı adamlar ondan mümkün qədər uzaq gəzərmiş, uşaqlar isə hoydu-hoyduya qoyaraq onu incitməkdən ləzzət alarlarmış. Yalnız Davud kişi ona bir insan kimi baxarmış, onun qarnını doydurar, ona əyin-baş alar, hərdən pul-pənə də verərmiş. Həm də Davud kişiyə görə kənd adamları Kor Valoxa dəyib-dolaşmaqdan çəkinərmişlər. Bir gün Kor Valox Davud kişiyə bir əmlik quzu gətirir. Davud kişi payı götürmək istəməyəndə, Kor Valox kişinin şübhələniyini görüb, onu inandırmaq üçün əmliyi obada yaşayan Bəşir kişidən quzularına küz (quzuların qışda saxlanması üçün yer) düzəltməsi üçün qamış qırmasının əvəzində aldığını demiş və çoxdan qəlbindən Davud kişiyə pay vermək keçdiyini deyərək, onu birtəhər quzunu götürməyə razı salmışdır. Davud kişi quzunu pay kimi qəbul etsə də, dəyərini Kor Valoxa artıqlaması ilə ödəmişdir. Çox keçmədən Kor Valoxu tutmuşlar, o da bülbül kimi cəh-cəh vuraraq bütün oğurladıqlarını boynuna almışdır. Kor Valox onu qurtarsın deyə oğurluqların bir çoxunu Davud kişinin təhriki ilə etdiyini və gətirdiklərindən ona da verdiyini demiş və buna görə Davud kişini məsuliyyətə cəlb etmişlər. O vaxt hələ yetçmişinci illərə xeyli vardı, onda hələ qurd uzu ilə otlayırdı, onda insanlıq ölməmişdi, adamlara dəyər verilrirdi, məhkəmələr işə sifarişlə baxmırdı. Hakim Davud kişini dəmir barmaqlıqlar arasında, Kor Valoxun yanında deyil, adamların içərisində əyləşdirmişdi. Onda kişiləri sındırmaq üçün qandalla məhkəməyə gətirmək və o vəziyyətdə işə baxmaq praktikası da formalaşmamışdı. Davud kişiyə hörmətlə yanaşan hakim son söz verəndə Davud kişi başını qaldırmadan “Xahiş edirəm, məni güllələyin!” demiş, hakimin “Nəyə görə?” sualına isə “Adım Kor Valoxla yanaşı çəkiləndən sonra yaşamağın nə mənası var ?” deyə suala sualla cavab vermişdi. O dövrdə abır-həya varıydı, indiki məmurlar kimi bilərəkdən özünü təhqir etdirmək, ünvanına yağdırılan söyüşlərin çoxluğu ilə qürrələnmək yox idi.

O zaman hələ səlahiyyətli şəxsləri günahsızlara cəza və işgəncə verməkdən ləzzət alma xəstəliyi tutmamışdı və o vaxtın hakimi Davud kişiyə icbari iş verməklə, onu həbsdən azad etdi. Lakin Davud kişi evə gələndən otağın birinə qapanmış, gözaydınlığına gələnlərin üzünə çıxmamış, bir arvadından başqa heç ailə üzvlərini də yanına buraxmamışdı.

Çox çəkmədən Davud kişi xəstələnərək, dünyasını dəyişmişdi. Öləndən sonra yastığının altında tapılan kiçik kağız parçasında uşaqlarına Çalışın tayınızı tapın, mənliyinizi qoruyun, bacarmasanız özünüzü öldürün! deyə vəsiyyət yazmışdı.

Təyyar Abbaslı.






Fikirlər