"Həyatın çətin anlarında üz tutulan iki çarədən biri səbir, digəri də namazdır..."

Namaz sureleri sıralaması! Namazda hangi sureler okunur? Namaz kılarken okunan zammı sureler - Masiva Haberleri

Namazın fərdi və ictimai faydaları...

Namazla tökülən günahlar...
 
Namaz bir İslam aliminin sözləri ilə desək, insanda sözün əsl mənasında, tövbə şüurunu formalaşdırır. İnsan gündə beş dəfə dili ilə tövbə etməsə də, onun qıldığı namazlar öz-özlüyündə əməli tövbə sayılır.
 
Səhabələrdən Əbu Osman (radiyallahu anh) nəql edir:
 
–Tanınmış səhabələrdən olan və Peyğəmbərimizin “Əhli-beytimdəndir” deyib ucaltdığı Salman Farisi ilə bir ağacın altında oturmuşduq. Salman Farisi ağacın budaqlarından birini tutdu və silkələməyə başladı. Ağacın yarpaqları tökülənəcən silkələdi. Sonra mənə belə dedi:
 
– Ey Osman! Bunu niyə etdiyimi soruşmayacaqsan?
 
Mən onun bu hərəkətinin səbəbini anlamamışdım. Soruşdum:
 
– Rica edirəm, de görüm, niyə belə edirsən?
 
O da bu hərəkətinin səbəbini izah elədi:
 
– Bir dəfə Allah Rəsulu ilə indiki kimi bir ağacın altında oturmuşduq. Ağacın budaqlarından birini tutub yarpaqları tökülənəcən silkələdi və mənə: “Ey Salman! Bunu niyə etdiyimi soruşmayacaqsan?”– deyə buyurdu. Mən də: “Ey Allahın Rəsulu, bunu niyə edirsiniz?”– deyə soruşdum. Mənə: “Bir müsəlman yaxşıca dəstəmaz alıb beş vaxt namazını qılarsa, onun günahları bax bu ağacın yarpaqları kimi tökülər”, – buyurdu, sonra da “Gündüzün iki başında və gecənin bəzi saatlarında namaz qıl! Həqiqətən, yaxşı işlər pis əməlləri silib aparır. Bu, düşünən və ibrət alanlar üçün bir nəsihətdir”[7] ayəsini oxudu[8].
 
Namaz səadət və hüzur mənbəyidir...
 
Həyatda gözəlliklərlə yanaşı, xoşumuza gəlməyən hadisələrlə də qarşılaşırıq. Çünki dünya imtahan yurdudur. Bu kimi hallarda insanın yeganə təsəllisi başda namaz olmaqla, ibadətlərdir. Namaz bir qisim çətinliklərə sinə gərməkdə möminə güc və mətinlik verir. “Ey iman gətirənlər! Səbir etmək və namaz qılmaqla (Allahdan) kömək diləyin. Həqiqətən, Allah səbir edənlərlədir!”[9]
 
Ayədən də göründüyü kimi həyatın çətin anlarında, bir köməyə ehtiyac olanda üz tutulan iki çarədən biri səbir, digəri də namazdır. Mütəmadi şəkildə əda edilən namaz insanın iradəsini gücləndirir, əhal-ruhiyyəsini yaxşılaşdırır. İnsan bu güc sayəsində, – həm də Allahı inayəti ilə – bəla və müsibətlərə sinə gərir, qəzəb hislərini cilovlayır və nəfsani arzularına hakim olur və insanların əziyyətlərinə qarşı dözümlü olur.
 
Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) bir işə görə kədərlənəndə dərhal namaz qılardı”[10]. Çünki namaz Onun üçün hüzur qaynağı idi. O, namazla rahatlanır və təsəlli tapırdı.  
 
(Davamı var)
 
Mənbələr:

[7]“Hud” surəsi, 11/114.

[8]Buxari, “İman” 39.

[9]“Bəqərə” surəsi, 2/153.

[10]Əbu Davud, “Salət” 312; İbn Həcər, “Fəthül-bari”, 1/211

Meneviyyat.az

 

 

 






Fikirlər