İqbal Ağzadə: "Görəsən mən Bakıya girişdə onu yumurta, lom, lapatka ilə qarşılasam necə olar?" — MÜSAHİBƏ

İqbal Ağzadə: "Görəsən mən Bakıya girişdə onu yumurta, lom, lapatka ilə qarşılasam necə olar?" — MÜSAHİBƏ

Ağdaş rayonundan təkrar parlament seçkilərinə qatılan Ümid Partiyasının sədri İqbal Ağazadə bu dəfə də deputat seçilə bilmədi.

Seçkidən dərhal sonra İqbal Ağazadə 90 saylı Ağdaş seçki dairəsindən təkrar parlament seçkilərində saxtakarlığın olduğunu bildirdi.

Seçki prosesi, ölkədəki siyasi vəziyyətlə bağlı İqbal Ağazadə ilə söhbətləşmək üçün Ümid Partiyasının qərargahına yollanırıq.

Ölkə.Az İqbal Ağazadə ilə növbəti uğursuz seçkilərdən sonrakı müsahibəni sizə təqdim edir:

- Salam bəy, necəsiniz?

- Təşəkkürlər.

- İqbal bəy, 90 saylı Ağdaş seçki dairəsindən təkrar parlament seçkilərində namizədliyinizi verdiniz. Bu dəfə də alınmadı. Seçkinin nəticələri ilə bağlı fikrinizi bilmək istəyərdik.

- Əvvəla onu qeyd edim ki, insanlarımız, jurnalistlərimiz və ictimai-siyasi müstəvidə olan şəxslər seçkiyə hökmən "alınmaq" kimi baxırlar. Hökmən alınmalıdır. Təbii ki, hər kəs istəyir ki, girişdiyi iş hökmən alınsın. Ancaq siyasi partiyanın, institutun vəzifəsi istənilən imkanda seçici ilə təmasda olmaqdır. Biz seçici ilə təmasda olduq. Ağır şərtlər altında, əzilərək, təhqir olunaraq seçicinin qarşısına çıxdıq, ancaq çəkinmədik. Azərbaycanda güman etmirəm ki, ikinci bir siyasi təşkilat olsun ki, bu qədər məsuliyyəti və yükü bu qədər problemləri öz üzərinə götürüb bu prosesin içərisinə getsin. İmza topladığımız andan başlayaraq, seçki qurtaran günə qədər təzyiqlərlə üz-üzə gəldik. Bizə imza verənlərdən tutmuş, imza toplayanlaradək, hamısı kifayət qədər təzyiqə məruz qaldı, ancaq çəkinmədik. Çünki siyasi institut olaraq missiyamızı başa düşürük, qarşımızda duran vəzifənin nə olduğunu anlayırıq. Demokratikləşmə, insanların maarifləndirilməsi, seçkinin vərdiş halına gəlməsi və s. demokratikləşmənin başlıca şərtidir. Demokratiya əzəli mənası olan xalq hakimiyyəti anlayışından çoxdan çıxıb. Bu gün ən qəddar və diktatura rejimində olan ölkələrdə belə xalqın bu və ya digər şəkildə seçkidə və ya hakimiyyətin müəyyən olunmasında iştirakı olur. Nəticə heç də xalqın istədiyi kimi olmur. Demokratiya vərdişdir, düşüncə tərzidir, yaşam tərzidir. Bunu insanların yaşam tərzinə, düşüncəsinə, vərdişinə çevirmək üçün siyasi institutlar hökmən seçicinin yanında getməlidir, seçici ilə təmasda olmalıdır. Bu baxımdan biz seçkiyə qatıldıq və böyük uğur qazandıq. Ən azı bir rayonda seçki abu-havası necə ola bilər, onu yaratdıq. Seçici ilə təmasda olub, bizə lazım olan mesajları verdik, seçicidən həmin qarşılığı gördük.

- Nəticələr niyə belə oldu?

- Bunun bir sıra fundamental səbəbləri var. Bizim ilk müşahidə etdiyimiz məsələ o oldu ki, Ağdaş uzun illər idi belə seçki görmürdü. Uzun illərdir insanlar, məntəqə üzvləri deyirdi ki, bu nə seçki tufanıdır belə, biz belə seçki görməmişik. Burada həmişə seçici səsini gəlib verib, sakitcə çıxıb gedib. Orada hər kəs ayaqda idi, icra nümayəndəsi də, bələdiyyə də, dairə, məntəqə üzvləri də. Hər kəsin içərisində bir xof, həyəcan var idi. Seçici ilk günlərdə prosesin içinə düşə bilmirdisə, 4-cü, 5-ci gün seçici prosesin içərisinə girə bildi. Bəzən qeyd edirdilər ki, bizim üçün Ağdaş yad rayon idi. İmkanlarımız məhdud idi.

- Keçən dəfə sizinlə görüşəndə dediniz ki, icra başçısının müavini, rəqibiniz Cavid Osmanov demişdi ki, Ağdaşdan ancaq ağdaşlı seçilməlidir.

- Bütün bu sindromların hamısını qıra-qıra getdik. Təəssüf ki, inzibati resursların, seçki saxtakarlığının qarşısını ala biləcək müxanizmilərimiz yoxdur və ya biz 3-cü mərhələni işləyə bilmədik. Buna bizim zamanımız çatmadı. Bu, seçki məcəlləsindəki qüsurlardan irəli gəlir. 23 gün ərzində bu qədər iş görmək mümkündür. Bundan əvvəlki dönəmlərdə seçkidə təbliğat-təşviqat 60 gün idi, sonra isə təbliğat təşviqat 45 günə endirildi. Bu müddətlərdə işləmək çox rahat idi. Ağdaşda 46 kənd və şəhər məntəqəsində işləməli idik. Şəhərin özündə 13 min seçici var. 46 kənddə isə 27-dən çox seçici yaşayır. Bu kəndlərin hər biri də bir-birindən məsafəcə kifayət qədər uzaqdır. Onların hər birində olmaq, seçici ilə ünsiyyətə girmək asan məsələ deyil. Şəhər əhalisinin demək olar ki, hamısı ilə ünsiyyətə girdik. 46 kənddən 41-də seçici ilə 2 dəfə təmasda olduq. Yerdə qalan 5 kənddən dördündə bir dəfə, birində isə seçici ilə təmasda ola bilmədik.

- Təbliğat-təşviqat necə keçdi?

- Təbliğat-təşviqat dönəmində kifayət qədər maneəçiliklər törətdilər. Bələdiyyə sədrləri, icra nümayəndələri hamısı bu prosesə cəlb olunmuşdu. İnsanlarla təmasa imkan verilmirdi. Əvvəlcə bizi qorxutmağa çalışırdılar, biz qorxmayıb irəli gedəndə seçicini qorxutmağa çalışırdılar. Hətta bukletlərimiz evlərə paylanandan dərhal sonra gedib o bukletləri geri yığmağa çalışırdılar. Çox maraqlı tendensiya var idi, seçici deyirdi, bukletin ikisini verin. Deyirdik, niyə? Deyirdilər, birini gəlib alacaqlar. Birini alanda biri də bizdə qalsın. Əslində bu ürəkaçan məqam idi. Kim deyirsə ki, seçici normal və düzgün mesajlara cavab vermir, bu yanlışdır. Sadəcə işləmək lazımdır. Bizim isə sosial şəbəkələrdən, KİV-dən daha uzağa gedən siyasətimiz olmayıb. Düzdür, bunun obyektiv səbəbləri də var. Hakimiyyət imkan vermir ki, yerlərə gedək. Çalışmaq lazımdır. Bu prosesdən çox razı qaldıq.

- Parlament seçkilərində Araz Əlizadə ilə rəqib idiniz. O zaman protokolları əldə edə bilmişdiniz. İndi necə, protokolları əldə edə bildiniz?

- Protokolları əldə edə bilmədik.

- Niyə?

- Çünki bizim müşahidəçilər seçki məntəqələrinə buraxılmadı. Bizim 100-ə qədər müşahidəçimiz ümumiyyətlə müşahidəçi vəsiqəsini ala bilmədi. Mərkəzi Seçki Komissiyası (MSK) bu barədə çox böyük saxtakarlığa yol verdi. MSK-ya səlahiyyətli nümayəndələrin təqdim etdiyi razılıq ərizələri ilə bir yerdə, seçki məcəlləsinin bütün tələblərinə uyğun olaraq müşahidəçi vəsiqələrini bizə təqdim etmək əvəzinə dairəyə göndərdi. Halbuki 200-ə yaxın müşahidəçinin vəsiqəsi bizə təqdim olunmalı idi. Onların səlahiyyətli nümayəndəsi biz idik. Bütün seçki dönəmlərində də bu cür olub. MSK müşahidəçi vəsiqələrini dairə seçki komissiyasına göndərdi, bildirdi ki, vəsiqələri dairə seçki komissiyasından alın. Təbii ki, dairə seçki komissiyasına getdik. Dairə seçki komissiyasına getdik, orada dedilər ki, müşahidəçilər özləri gəlib vəsiqələrini almalıdırlar. Biz buna da razılaşdıq. Nümayəndələrimiz seçkidən əvvəl əziyyət çəkərək gedib aldılar. Uzun prosesdən sonra cəmi 54 nəfərin müşahidəçi vəsiqəsini ala bildik. Biz MSK-ya 2-ci, 3-cü dəfə müşahidəçi üçün siyahı göndərdik. Bizə dedilər ki, bu qədər müşahidəçini neynirsiniz? Bildirdik ki, qanunda bunun məhdudiyyəti yoxdur. Qəbul etmədilər. Müşahidəçilərimizi yerləşdirə bilmədik. Yerləşdirdiyimiz müşahidəçilərin böyük bir qismi şantaj edilib və şər atılaraq məntəqələrdən çıxarıldı. Beləliklə biz seçkini müşahidə edə bilmədik.

- Nəticədə 8%-ə yaxın səs yığdınız...

- Biz rəqəmin üzərinə getmədik. Bizim üçün rəqəm önəmli deyildi. Bu günə qədər Ağdaşdan 2100 seçici ilə telefonla danışmışam. Ağdaşda 2100 nəfər seçici sizi dəstəkləyirəm deyib, telefon nömrələrini verib bizə. O ailə başçılarının hər biri ilə telefonla danışmışam. (İqbal Ağazadə həmin şəxslərin telefon nömrələri yazılmış kağızları gətirib bizə göstərir.) Bu adamlar könüllü şəkildə sizə səs verəcəyik dedilər. Bütün bunlardan sonra səsin faizinə baxmaq düzgün deyil.

- Ağdaşı necə gördünüz? Xüsusən kəndləri...

- Dəhşətli vəziyyətdə. Azərbaycanın çox az-az rayonunu bu şəkildə görmüşəm. Təsəvvür edin, coğrafi nöqteyi-nəzərdən düzəngahlıqdır. Relyefi çətin deyil, keçilməz dağ silsilələri yoxdur. Əksər kəndlərdə su problemləri var. İnsanlar kanaldan su götürür. O suyu görmək dəhşətlidir. Əl yumaq mümkün deyil o suda. Qapqara palçıqlı suyu günlərlə süzüb içirlər. Bir kənddə qaz yoxdur. Yenicə kəndi var, camaat oraya gəlmək üçün 10 km məsafə qət etməlidir. Mərkəzi yoldan o kəndə gedən yolu bağlayıblar. Kəndə getmək istəyən adam Ağdaşın mərkəzinə getməlidir. Adi elementar problemləri həll etmirlər.

İnsanların bu qədər problemləri var, sosial yardımlar ala bilmirlər, rüşvət istənilir, heç kim insanları qəbul etmir. Bu qədər problemin qarşılığında 10 il icra başçısının birinci müavini işləmiş birinə insanlar niyə səs versinlər? Məntiq bunu demir. Özü də, 75% səslə. Hər bir şeyin həddi var, saxtakarlığın da. Bizim üçün səs faizinin elə bir əhəmiyyəti yox idi. Biz seçkiyə qatılaraq bir rayonu aldıq, o rayonu qazandıq.

- Deyirsiniz, seçkidə saxtakarlıq oldu. Müxalif düşərgədən səsinizə səs gəlmədi. Heç adi bir bəyanat da vermədilər.

- Müxalif düşərgənin faciəsi bundadır ki, müxalif düşərgə təşkilatları uğrunda çalışır, demokratiya uğrunda yox. Əslində demokratiya uğrunda çalışanlar üçün namizədin kimin olmasının heç bir əhəmiyyəti olmamalıdır. Heç məni sevməsinlər, mənə nifrət etsinlər, ancaq demokratiyaya nifrət etmirlər axı. Bu demokratiya uğrunda gedən bir prosesdir. Burada hökmən müxalif düşərgənin mövqeyi, münasibəti olmalı idi. Təəssüflər olsun ki, artıq müxalifət bu vərdişləri də unudur.

- Müxalif düşərgədən incidiyiniz adamlar oldu?

- Bəzi şeylərə alışqınam. İnsanların düşüncəsinə görə, mövqeyinə görə qırıla bilmirəm. Kiminsə mövqeyini dəyişən deyiləm. Mövqeyimi deyirəm, demokratiya uğrunda belə mübarizə aparmırlar. Parlamentdə olanda mənə münasibətindən asılı olmayaraq, hüququ tapdalanan hər kəsin haqqını müdafiə etmişəm.

- İki seçkinin nəticəsindən də narazı qaldınız. Məhkəməyə müraciət etmisiniz?

- Hüquqi mübarizəmiz davam edir.

- İkisi də?

- Bəli.

- Avropaya qədər bu məsələni aparmaq istəyirsiniz?

- Buradakı prosedurları qurtardıqdan sonra davam edəcəyik.

- Bir çoxları seçkinin nəticələri açıqlanandan sonra bildirdi ki, hökumət İqbal Ağazadəni bitirir...

- Azərbaycan müxalifətinin böyük əksəriyyəti parlamentdə yoxdur. Bu gün demək olar ki, müxalif düşərgədən parlamentdə heç kim yoxdur. Niyə mən bitirəm? Əgər elədirsə, onda onlar çoxdan bitiblər. Parlamentdə olub-olmamaq bitmək deyil. Siyasi institutda olanların parlament təmsilçiliyi ola da bilər, olmaya da bilər. Bu, bitmək anlamına gəlmir. Yanlış yanaşmadır. Bu qərəzdən irəli gəlir.

- Seçkinin nəticəsi açıqlanandan sonra Siyavuş Novruzov bildirdi ki, İqbal Ağazadənin Ağdaşdan deputat seçilmə şansı sıfıra bərabər idi. Harada dairə boşaldı, oradan namizədliyini irəli sürmə prinsipi seçki praktikasına kənardır.

- Bu siyasi cəhətdən diletant yanaşmasıdır. Siyasi partiya varsa, seçki varsa oraya getməlidir. Səngər qazıb müharibə etməliyik? Siyasi partiya seçkiyə qatılmalıdır. Biz partiya olaraq region partiyası deyilik. Ümumrespublika əhəmiyyətli partiyayıq. Bizim üçün regionun heç bir əhəmiyyəti yoxdur. Necə ki, Ağdaşa getdib ağdaşlıların rəğbətini qazandıq, eləcə də digər bölgələrə gedə bilərik. Ona görə də bu diletant yanaşmasıdır.

- Siyavuş Novruzovun sizinlə bağlı daha bir açıqlaması oldu. Açıqlamada bildirdi ki, siz bir şillə, iki təpikdən sonra televiziyaya çıxıb, silahdaşlarının üzünə durub, onların həbsinə səbəbkar olmusunuz. Hətta Siyavuş Novruzov şantaj kimi səslənən bir fikir səsləndirdi ki, prokurorluq orqanlarında sizin öz silahdaşlarınız və həmfikirləriniz əleyhinə yazdığınız kifayət qədər izahat var. Lazım olsa, çıxarıb, onları mətbuatda təqdim edəcəklər.

- Bu heç kimə gizli deyil ki, Bandotdeldə hansı işgəncələr olmuşdu və hansı şərtlər çərçivəsində o izahatlar yazılmışdı. Bunlar hamısı da məhkəmədə sübut olundu. Avropa məhkəməsi bu işə baxaraq mənə bəraət və kompensasiya verib. Bu məsələlərdə jurnalistlərdən gileyliyəm.

- Niyə?

- Jurnalistlər onun dediyinə yox, ilk dəfə olaraq YAP-ın icra katibinin müavini, parlamentdə komissiya sədri işgəncə faktını etiraf etdiyinə görə, hüquq mühafizə orqanlarına müraciət etməli idilər. Artıq jurnalistlər o aspektdən yanaşmalı idi ki, ilk dəfə YAP-ın icra katibinin müavini, komissiya sədri işgəncənin olduğunu etiraf edib. Biz deyirdik, inanmırdılar, təkzib edirdilər. İndi özləri etiraf edib. Jurnalistlər bunun üzərinə getməli idilər. İfadələrə gəldikdə, ilk ifadəm də var, məhkəmə ifadəm də var və aralıq dönəmində verdiyim ifadəmdə də var. Bunu şantaj vasitəsinə çevirməyin heç bir mənası yoxdur. Məhkəmədə bununla bağlı dəfələrlə demişəm və bunun videosu da yayımlanıb. Burada şantaj etməli heç nə yoxdur. Hesab edirlərsə ki, bunu şantaj vasitəsi kimi istifadə edəcəklər, o şərtlər çərçivəsində kimisə, nə iləsə (bunun detallarına varmaq istəmirəm) şantaj etmək istəyəcəklərsə, şərtlər budursa, heç kimi zərbə altında qoymayacam. Mənə nə deməklərindən asılı olmayaraq insanların əziyyət çəkməsinə razı olmayacaq. Siyavuş Novruzov bilirdimi ki, hansı iyrənc metodlarla şantaj edirlər? Bilsə, bir Azərbaycan kişisi kimi belə sözləri dilinə gətirməz. Əgər gətirirsə, bu onun qüsurudur. Dünyanın başqa bir ölkəsində bu açıqlamalar dəhşətli bir qalmaqala çevrilərdi. Hakim partiyanın icra katibinin müavini, parlamentin komitə sədri faktiki olaraq ölkədə işgəncənin olduğunu deyir. Ona görə də, bunu mənim problemim kimi yox, mənə qarşı olan informasiyanı yayımlamaq kimi yox, onun dilindən çıxan o informasiyanın hüquqi tərəfini araşdırmaq və ictimai hadisəyə çevirmək lazım idi. Faktiki olaraq hakimiyyət rəsmisi işgəncəni etiraf etdi.

- Bunun üstünə müxalif düşərgə yenə gəlmədi.

- Sosial şəbəkədə bu açıqlamanın üstünə çox getdilər. Başqa düşərgədə və düşüncədə olanlar belə Siyavuş Novruzovun o açıqlamasını işgəncənin etirafı və şantaj kimi qiymətləndirdilər. Sosial şəbəkədə bu açıqlama qınanıldı və mediaya müraciət olundu ki, media bu işin üstünə getsin.

- Bundan sonrakı planlarınız nədir?

- Siyasət davam edir. Biz heç vaxt geriyə baxmırıq. Ağdaş bizim üçün geridə qalmış bir mərhələdir. Siyasətçini geridə xoş xatirədən başqa heç nə gözləmir, o da müəyyən yaşdan sonra. Siyasətçini hər şey irəlidə gözləyir. İrəli baxırıq. Proses davam edir. Partiyalaşma, demokratiyaya verə biləcəyimiz töhfə, yeni insanları partiyaya cəlb etmə və növbəti seçkilərə hazırlaşmaq bundan sonrakı işimizdir.

- Bəzən siyasətçilər bizi qınayır ki, niyə siyasətdən az yazırlar, ancaq ölkədə siyasi proses getmir. Siyasi mövzu qıtlığı var.

- Razıyam sizinlə. Seçki ilinə hələlik 2 il var. Seçki ili olmadığına və siyasi rəqabət mühitinin də zəif olduğuna görə, ancaq bəyanatlara və partiya iclaslarına rast gələ bilərsiniz. Dünyada o qədər qlobal proseslər baş verir ki, götürək Ermənistanla Azərbaycan arasında baş verən son döyüşlər, Yaxın Şərqdəki vəziyyət. Bu proseslər siyasətçiləri daha çox ekspertə çevirir. Bu gün diqqət etsələr, siyasi institutların funksionerləri və rəhbərləri Avropada, Yaxın Şərqdə, Ermənistan Azərbaycan arasında baş verən proseslərə münasibət bildirir. Əslində bu siyasi institutların zəiflədilməsindən xəbər verir. Siyasi institutlar zəiflədildikdə qruplar ortaya çıxır. Hakimiyyət bunu ciddi şəkildə nəzərə almalıdır. Polyak yazıçısının Rza Şah Pəhləvi haqqında yazdığı əsərdə çox gözəl bir məqam var. Deyir, Rza Şah Pəhləvi iki yol qoydu iranlılar üçün, ya savadla əməkdaşlıq, ya da dinə qayıdış. Partiyalaşma və digər üçüncü yol olmadı. Adamlar savadı yox, dini seçdi və İranda dini bir hakimiyyət quruldu.

- Bizdə elə bir təhlükə var?

- Bəli, bizdə də elə bir təhlükə var. Siyasi institutlar olmayanda açıq, gizli qruplar ortaya çıxır. Bu gün bəlkə bir məhkəmədə deyilən fikrin, dini təşkilatın bəyanatlarının üstündən sükutla keçmək olar. Ancaq nə qədər, nə zamana kimi? Hökumət siyasi institutların qapılarını açmalıdır. Siyasi institutlardan zərər gəlməyəcək. Siyasi institutlar bu ölkəni fərqli şəkildə görə bilərlər, hakimiyyəti dəyişmək, seçkidə qələbə qazanmaq kimi modellərini görə bilərlər, ancaq ölkənin fundamental əsaslarını və idarəetmə prinsiplərini, unitarlığını, konstitusiya quruluşunu dəyişməyə cəhd etməzlər.

- Müxalif düşərgə həmişə seçkilərə bloklar, birliklər şəklində qatılardı. Ancaq son seçkilərdə bunun şahidi olmadıq. Ümumiyyətlə son zamanlar sanki müxalifət müxalifətlə çəkişir.

- Lətifəsi bizdən uzaq, deyir, "yer bərk olanda öküz öküzdən görər". Proseslər o qədər çətin və qəliz gedir ki, tərəflər bir-birini ittiham edir. Ona görə də, o ittihamlar bəzən birləşməyə, vahid mövqe qoymağa imkan vermir. Demokratikləşmə, demokratik düşüncə və vərdişlər yaratmaq bir siyasi institutun gücü daxilində deyil. Onlar daha çox səy göstərib, bunu birlikdə həyata keçirməlidirlər. Birlik modeli ən yaxşı modellərdən biridir. Ola bilsin ki, ortaq hakimiyyət yaratmayasan. Demokratikləşmə təkcə hakimiyyət məsələsi deyil. Hakimiyyət, seçki demokratikləşmədə sonuncu mərhələdir. Ona qədər insanlar qəbul etməlidirlər, niyə və nəyin dəyişməyinin fərqində olmalıdırlar. Birgə mübarizəni hər kəs qəbul etməlidir ki, birgə daha çox iş görmək olar. Problem çox olanda hamı bir-birini görüb deyə, hamı bir-birini ittiham edir deyə dediyiniz birliklər alınmır. Kim nə qədər demokratiyaya töhfə verə bilirsə, onunla o qədər getmək lazımdır. Gerisi gələcəyin işidir.

- Bu məsələlərlə bağlı planlar var?

- Hər halda danışıqlarımız olur. Çay süfrəsi arxasında müzakirələrimiz olur. Hələ ki, isti, müsbət bir şey yoxdur.

- Rəqibiniz olmuş və Ağdaşdan deputat seçilmiş Cavid Osmanova deyəcəyiniz nəsə var?

- Cavid Osmanov icra başçısının müavini olarkən ağdaşlılara 10 il xidmət etmədi. Bundan sonra da xidmət edəcəyini güman etmirəm. Məni və mənim seçki qərargahımın üzvlərini yumurta, lom, lapatka ilə qarşıladı. Görəsən mən Bakıya girişdə onu yumurta, lom, lapatka ilə qarşılasam necə olar? Milli dəyərlər var, yaşda da məndən kiçikdir, o dəyərlərə hörmət etsin. Həyat təkcə o mandatdan, deputatlıqdan ibarət deyil. Əminəm ki, növbəti mərhələdə Cavid Osmanov adlı adam deputat olmayacaq. Əminəm ki, Azərbaycanın ictimai-siyasi həyatında Cavid Osmanov adlı tarixdə adam qalmayacaq. Çünki 10 il icra başçısının birinci müavini olaraq bir ağdaşlının yadında qalmayıbsa, bir ağdaşlının xatirəsində müsbət bir xatirə ilə qalmayıbsa, adam 4 illik deputatlığı zamanı heç yada düşməyəcək. Oradan çıxıb, gəlib burada oturacaq. Ona görə də, bir az dəyərlərə hörmət etsin.






Fikirlər