“Düşünmədən QURAN oxumaq kafirlikdir”

“Quran insanlara həm əxlaq, həm də elm öyrədir”

“Quran oxumaq onun batininə baxmaq deməkdir”

“Müsəlmançılıqla İslam eyni şey deyil”

 Sərdar Cəlaloğlu: “Məqsədim müsəlmanları İslama dəvət etmək, İslamı onlara sevdirmək və tanıtmaqdır”

 ADP sədri Sərdar Cəlaloğlu Qurani-Kərim, onun dərki, mənimsənilməsi üsulları, bu qavrayışın İslam dünyasına gətirəcəyi yeniliklər və s. ilə bağlıModerator.az-a müsahibə verib. Həmin müsahibənin birinci hissəsini oxucuların diqqətinə çatdırırıq.

 -Sərdar bəy, sizcə Qurani-Kərim İslam dünyası tərəfindən yetərincə dərk edilirmi? Yoxsa XIV əsr bundan öncə insanlığa göndərilən Quranın lazımi səviyyədə dərki hələ də mümkün olmayıb?

 -Qurani-Kərimin idrak üsul və metodlarının kənardan müəyyən  edilməsi Quranın anlaşılması baxımından ciddi maneə yaradır, insanları İslam dinindən uzaqlaşdırır. Təriqət və məzhəb deyilən əyri yolların meydana çıxmasına səbəb olur. Qurani dərk etmək üçün ona Quran məntiqi ilə yanaşmaq lazımdır. Sizin əqli mühakimənizin doğru olduğunu yoxlamaq üçün də hər hansı alimin qiymətləndirilməsinə ehtiyac yoxdur. Bu mühakimələrin də doğru və ya yanlış olduğunu Quran müəyyən edir. Qurani-Kərimi anlamaq üçün metodu Qurani-Kərimdən seçmək lazımdır. Elmi, öyrəndiyiniz biliyi Qurani-Kərimdən götürməlisiniz və həmin biliyi düzgün anladığınızın sübutunu da yenə də Qurani-Kərimdən tapmalısınız. Əgər bu üç şərtdən kənara çıxsanız, heç vaxt Qurani-Kərimi anlaya bilmərsiniz. Sizin anladıqlarınızın heç biri düzgün olmayacaq, sizi hansısa təriqət və məzhəbə aparacaq.

 -İslam dünyasının xristian dünyasından əsrlərdir ki, geri qalması hər zaman əsas müzakirə mövzularından biri olub. Sizcə Qurani-Kərim kimi mükəmməl bir kitaba sahib olan ümmətin bunca geri qalmasının səbəbi nədir?

 -Əslində bu gün hamını bu sual düşündürür. Hamı düşünür  ki, İslam dünyası niyə geridə qalıb? Allah-təala deyir ki, mən Qurani-Kərimi sizə bir rəhmət olaraq göndərdim. Müsəlmanlar haqqında “Ali-İmran” surəsində deyilir ki, mən sizi digər ümmətlərdən ən yaxşı ümmət olaraq yaratdım. Biz həm xristianlardan, həm yəhudilərdən üstün hümmət olmalıyıq. Lakin bu gün görürük ki, xristianlar da, yəhudilər də inkişaf və tərəqqi baxımından  bizdən qabaqdadır. Belə olduqda isə ortaya maraqlı sual çıxır. Qurandakı bu ayə ilə həyatımızdakı bu ziddiyyət nədən xəbər verir? Bu onu göstərir ki, əgər biz xristian və yəhudilərdən geri qalmışıqsa, deməli biz Qurani-Kərimi mənimsəyə bilməmişik. Biz Allahın dediyi müsəlman deyilik. Biz özümüz-özümüzü müsəlman kimi təsəvvür edirik və öz təsəvvür etdiyimizdən ibarətik.

Məni bu problem çox narahat edirdi. Vaxtiylə İslam alimlərindən Əfqani bu istiqamətdə tədqiqat aparmışdı. Bu yaxınlarda İran alimlərindən biri də bir tədqiqat aparmışdı və həmin tədqiqat İslam qaydaları ilə yaşayan ölkələrin müəyyənləşdirilməsinə xidmət edirdi. Təsəvvür edin ki, birinci 35 ölkə arasında bir dənə də olsun bizim ənənəvi İslam dövləti adlandırdığımız İslam ölkəsi yox idi. 36-cı yerdə isə Malayziya idi. Iran, Türkiyə, Azərbaycan, Səudiyyə Ərəbistanı kimi yüz illər ərzində özünü İslam ölkəsi adlandıran ölkələrin hamısı İslam qaydaları ilə yaşamayan ölkələrdir. Bu da onu göstərir ki, müsəlmançılıqla İslam eyni şey deyil. Mənim məqsədim müsəlmanları İslama dəvət etməkdir. İslamı onlara sevdirmək və tanıtmaqdır.

 -Sərdar bəy, islam dinində elm və əxlaq necə tənzimlənir? Bu iki amilin bir-birinə münasibəti necədir?

 -İslam dini iki biliyin sintezindən - əqli bilik ilə əxlaqın sintezindən ibarətdir. Halbuki, dünyavi elmlərin heç birində belə bir şey yoxdur. Məsələn, siz fizikanı oxuyub əxlaq əldə etmirsiniz. Mexanikanın qızıl qanununda əxlaq yoxdur. Əksinə, dedaktiv, əxlaqi ədəbiyyatı oxuyursunuz, ordan da kimya biliyini əldə etmirsiniz. Amma Allah-təalanın, Quranın bir hikməti də ondan ibarətdir ki, bir ayədə sizə həm davranışq qaydasını öyrədir, həm də sizə bilik verir. Bunu anlamamaq lazımdır. Allah-təala deyir ki, yetimləri himayə edin. Bunu bir əxlaq norması kimi götürüb biliyini anlamadınsa, deməli Qurandan uzaqlaşırsan. Başqa bir ayədə göstərilir ki, ulduzlar, günəş ona görə yaradılıb ki, siz onunla vaxtı ölçəsiniz. Bunun elmi tərəfini dərk edib əxlaqi tərəfini görməsiniz, yenə də İslamdan uzaqlaşacaqsınız. Deməli, düzgün yol əqli elmlərdə əxlaqi nəsihətlərimənimsəmək, əxlaqi ayələrdə isə əqli bilgiləri mənimsəməkdir. Quranin istənilən ayəsi bizə həm əxlaqi davranış normalarını öyrədir, həm də elmi bilgi verir. Hətta “Allahdan başqa Allah yoxdur” ayəsinin özü də bizə həm bilik, həm də  əxlaq öyrədir.

Quran ayələri Allah-təala tərəfindən göndərildiyi üçün bu, bir ehkamdır. Ehkam mütləq həqiqət deməkdir. mütləq həqiqət insan tərəfindən dərk olunmazdır. Əgər bunu qəbul edirsinizsə, o zaman siz Qurani-Kərimin ayəsini oxuyub zahirinə görə necə dərk edə bilirsiniz? Əgər siz Qurani-Kərimin ayələrini zahirinə görə dərk edirsinizsə, bu o deməkdir ki, siz onu ehkam hesab etmirsiniz. Ehkam insan ağlına sığmayan bilikdir. Quranı adi kitab kimi oxuyanların heç biri Quranı anlamır. Onların oxuduqlarının hamısı küfürdür. Quranda Məhəmməd surəsi var. Əgər sən düşünürsən ki, bu, Məhəmməd peyğəmbər, onun bioqrafiyası haqqındadır, ona necə peyğəmbərlik verilməsindən bəhs edir, yaxud Musa peyğəmbər haqqında deyilənlər yalnız ona aiddir, bu o deməkdir ki, sən Quranı anlamırsan və küfr edirsən.

Allah-təalanən ayələri mütləq həqiqətdir. Bunun mənasını ancaq Allah bilir. Sən də həmin ayəni zahirinə görə anlayanda, bu məntiqlə demək sən də Allah olursan.

 -O zaman Qurandakı həqqiətləri anlamaq üçün nə etmək lazımdır?

 

-Biz ayələrin zahiri yox, mütləq batini mənasını anlamağa cəhd etməliyik. Ayələrin batinindən zahirinə necə keçmək olar? Biz batini görmür, zahiri isə görürük. Görünəndən görünməyə necə keçə bilərik? Biz elmi təbiətə baxaraq öyrənirik. Məsələn, almaya baxır və onun haqqında bilik əldə edirik. Görürük, sonra dərk etməyə başlayırıq. Qurani-Kərimin hər bir ayəsini oxuyandan sonra onu mənimsəmək üçün düşünməlisən. Düşünmədən Quran oxumaq kafirlikdir. Bir çox adamlar Quran oxumaq deyəndə bunu Quranı ucadan, avazla oxumaq kimi başa düşürlər. Quranı oxumaq Quranın batininə baxmaq, onun batinini görmək deməkdir. Quranla bağlı oxumaq, yazmaq sözü bizim başa düşdüyümüz oxumaq və yazmaq deyil. Biz “alın yazısı” ifadəsini işlədiriik. Məgər alında yazı var? “Bəxt yazısı” deyirik. Belə bir şey var? Quranı oxumaq bizim başa düşdüyümüz oxumaq deyil. Quranı oxumaq ona baxmaq, yəni daxilinə baxmaq deməkdir. Bəs ona necə baxmaq lazımdır? Oxuyandan sonra düşünmək lazımdır. Bu, Quranda da öz əksini tapır. Orada xüsusi vurğular var. Məsələn, Quranda qeyd edilir ki, heç düşünmürsünüz? Habelə, bəzi ayələrdə qeyd edilir ki, yalnız sağlam ağıl sahibləri bunu dərk edə bilər. Ayələrdə bu cür xüsusi qeydlərin olması göstərir ki, həmin ayələr xüsusi bilik tələb edən ayələrdir.

 

 -Quranın zahirindən batininə keçmək üçün xüsusi bir üsula ehtiyac varmı?






Fikirlər