Ramiz Novruzov gizlinləri açdı: “Ayağımın altını qazıyan, başımdan basan adamlar…” - MÜSAHİBƏ

Bu gün milli kinomuzun bayramıdır. Bu xoş günün dadını yalnız kino işçiləri çıxarmır. Biz tamaşaçılara da pay düşür. Tamaşaçısız kinomu olar? Bayram günündə xalq artisti, tanınmış aktyor Ramiz Novruzovu söhbətə çəkdik. Həm bayramlaşdıq, həm də... Özünüz oxuyun.

 Publika.az xalq artistinin müsahibəsini təqdim edir:

 - Kinomuzun günündə əhval-ruhiyyəniz necədir? Bir aktyor olaraq, halınızdan məmnunsunuzmu?

- Bu gün kino üçün yaradılan şərait daha gözəldir, müasir texniki avadanlıqlar sarıdan korluq çəkmirik. Yaxşı filmlər də var, amma zəif filmlər o qədərdir ki, yaxşılar onların içində itib batır. Kommerisya filmləri daha çox çəkilir. Arzulayardım ki, dövlət sifarişi ilə filmlərimiz daha çox çəkilsin.

 - Bəlkə demək istəyirsiniz ki, çörəyi çörəkçiyə versinlər, kino peşəkarlara həvalə olunsa daha çox uğura nail ola bilərik?

- Bəli, peşəkar nə qədər zəif də çəksə belə onun filmində xaltura olmayacaq.

 - Tamaşaçıların tez-tez işlətdiyi bir ifadədir: indi əvvəlki filmlər yoxdur. Razılaşırsınız bu fikirlə?

- Əlbəttə çəkilənlərin çoxu kino deyil. Amma bu filmlər mütləq ələnəcək. Üzeyir Hacıbəylidən başqa azı 50 nəfər Leyli və məcnun yazmışdı. Hətta aralarında qəssab da vardı. Ələndi və tarixdə Üzeyir bəyin adı qaldı.

 - Sizcə, məşhur aktyorların davamçıları bu gün yetişirmi?

- Bu gün tanınmaq çox asandır. Bizim dövrümüzdə bir televiziya vardı və ən zəif tamaşada oynayan aktyor belə səhəri gün məşhurlaşırdı. İndi televiziyalar da çoxdur, bir rolla populyar olmaq mümkündür. Bizdən də istedadlı gənc aktyorlar var. Sadəcə olaraq onları üzə çıxaran rejissorların olması vacibdir. Belə rejissorlar azdır.

 - Elə bir film varmı ki, o filmə baxanda ürəyinizdən keçib ki, kaş onu mən oynayaydım?

- Qibtə elədiyim rollar olub.

 - Məsələn?

- “Nəsimi” filmində Rasim Balayevin yaratdığı obrazla qürur duymuşam. “Bağlı qapı arxasında” filmində oynamaq istəmişəm. Hansı ki, o filmdə çəkilənlərin 70 faizi rus aktyorları idi. Bilirdim ki, azərbaycanlı aktyorları ora yaxın buraxmazlar. Əslində rus aktyorların dəvətinə heç ehtiyac da yox idi, öz aktyorlarımız onlardan da gözəl oynaya bilərdi.

 - Hər bir aktyorun şah rolu olur, sizcə, yaratmısınız o rolu, yoxsa hələ gözləyirsiniz?

- Hər bir aktyorun vizit kartı olur. Ondan zəif və daha yaxşı obraz da yarada bilər, amma məhz həmin obrazla çağırılır. Məsələn, Həsən Məmmədovun vizit kartı Bəxtiyar rolu olub. Həsən Turabovunku Gəray bəy. Həsən Şadlinskini ondan da gözəl oynayıb, amma tamaşaçılar onu məhz bəxtiyar kimi daha çox qəbul ediblər. Mənim  vizit kartım Həzi Aslanov obrazıdır. Bu gün də istərdim ki, Qarabağ savaşı ilə bağlı çəkilən mükəmməl bir filmdə komandir obrazını yaradım.

 - Həm teatr, həm də kinoda maraqlı obrazlar yaratmısınız. Özünüzü harada daha rahat hiss edirsiniz-səhnədə yoxsa, çəkiliş meydançasında?

- Əlli-əlliyədir. Teatr belədir ki, ən gözəl tamaşada belə səhnəyə çıxırsan və uzaqbaşı səni 200-300 tamaşaçı izləyir. Axırda 5-6-sının yadında qalırsan, ya qalmırsan. Amma kino elədir ki, səni bütün dünyada tanıda bilər. Məsələn, Yusif Vəliyev teatr aktyoru idi. Amma oynadığı Əmir Teymur və Qurd Cəbrayıl rollarını elə möhtəşəm yaradıb ki, onu heç bir kinoaktyor belə mükəmməl yarada bilməzdi.

 - Aktyor haqqında çox tərif söyləmək olar: populyar aktyor, sevilən aktyor, böyük aktyor, mogikan aktyor… Bunların hansını özünüzə daha çox yaraşdırardınız?

- Mən yerini və qiymətini bilən aktyor olmuşam. Hətta mənə təklif olunan baş roldan imtina etmişəm, demişəm ki, o rol mənim üçün deyil.

 - Məncə, həm də şanslı aktyorsunuz. Sizcə, bəxtiniz nədə gətirib?

- Bəli bəxtim onda gətirib ki, qarşıma yaxşı insanlar çıxıb. Bəzən deyirlər e, ayağımın altını qazıyan, başımdan basan insanlar olub. Məndə də olub e, amma əhəmiyyət verməmişəm. Bütün dünyada belədir, uğurlu aktyoru vurmağa çalışıblar.

 - Tək aktyoru yox, ümumiyyətlə, uğurlu, istedadlı insanı vurmağa çalışıblar…

- Tamamilə razıyam. Amma istedadlı insan həmişə qələbə çalıb. Mən həmişə demişəm, yenə də bu fikirdəyəm. Əgər zamanında Yusif Vəliyev kimi bənzərsiz aktyoru hansısa rejissor filminə çəkməyibsə, bundan özü və filmi itirib, Yusif Vəliyev yox. Yusif Vəliyev elə Yusif Vəliyev olaraq böyük aktyor kimi tarixdə qalıb. Amma onu çəkməyənlər çoxdan unudulub.

 - Dünyasını dəyişən hansı rejissorun filmində rol almaq istəmisiniz, amma qismət olmayıb?

- Hüseyn Seyidzadə, Həsən Seyidbəyli.

 - Bu gün kino bayramında əlini sıxmaq və təbrik etmək istədiyiniz aktyorlar varmı, hansı ki, indi həyatda yoxdurlar. Əlbəttə söhbət fiziki yoxluqdan gedir, çünki onlar çəkildikləri filmlərdə bu gün də yaşayırlar.

- Çox böyük sevinclə Səməndər Rzayev və Hamlet Xanızadəninin əlini sıxardım. Kinoda heyran qaldığım Məmmədrza Şeyxzamanovu bağrıma basardım.

 - Milli filmlərimizin hər biri baxımlıdır, gözəldir. Amma üç çox sevdiyiniz filmin adını eşitmək istərdik…

- Məndə bir xüsusiyyət var, bir tamaşaya baxıram, xoşuma gəlmirsə, ikinci dəfə baxmıram. Amma elə filmlər var ki, mən o filmlərə baxdıqca baxmaq istəyirəm: “Nəsimi”, “Sən niyə susursan?” “Gün keçdi”, “Yeddi oğul istərəm”…

 - Dörd oldu. Bu da o deməkdi ki, milli filmlərimiz bir-birindən gözəldir. Təbrik edirik, siz gözəl rollar yaradın, biz də baxaq zövq alaq. Həmişə səsiniz səhnədən, çəkiliş meydançasından gəlsin.

- Cox sağ olun.

 Cəvahir Səlimqızı

 * Fotoları təqdim edirik

 






Fikirlər