Ömrümün yarısını “525-ci qəzet”də İŞLƏMİŞƏM

 

AzerTaym.az "525-ci qəzet”in baş redaktorunun müavini Yusif Rzayevin Modern.az saytına müsahibəsini təqdim edir:

- Yusif müəllim, öncə oxucuların sizi daha yaxından tanıması üçün özünüz haqqında ətraflı məlumat verə bilərsinizmi? 
- Düzü, inanmıram ki, elə də zəngin olmayan bioqrafiyam kiməsə maraqlı gəlsin. Ağcabədidə doğulmuşam, Ağdamda orta məktəbi bitirmişəm, Bakıda ali məktəb oxumuşam, Sovetlər birliyi dövründə Moskvada hərbi xidmət çəkmişəm, yaşım əllini haqlayıb, Bakıda yaşayıram, az qala 25 ildir "525-ci qəzet”də işləyirəm. Əgər bir ömrün bütöv mənzərəsi vur-tut 25-30 sözlə ifadə oluna bilirsə və o sözlər heç bu ömrün yiyəsi üçün də qeyri-adi bir şey ifadə eləmirsə, çətin ki, başqasına da cəlbedici görünsün. Ona görə də yaxşısı budur, növbəti suala keçək.       
- Adətən müxtəlif peşə adamlarına  "niyə bu peşəni seçdiniz” sualı ünvanlanır. Bizə də maraqlıdır, niyə jurnalistika? Bu sahəni sizə sevdirən səbəb nə olub?
- Hələ orta məktəb illərindən kitablara qəribə bir bağlılığım vardı. Orta məktəbin ilk 5 ilini Ağcabədidə kəndimizdə oxumuşam. Günümün böyük bir hissəsi məktəbimizin və kəndin kitabxanalarında keçirdi. Sonra Ağdama gəldim. Burada mühit daha fərqli, xeyli qaynar idi. Həm çoxlu kitabxanalar, kitab mağazaları vardı, həm də ədəbiyyata, sözə bağlı insanlarla ünsiyyətdə olmaq imkanı geniş idi.
O dövrün reallıqları elə idi ki, oxucuların etibar elədiyi imzalar öz sözlərini daha çox ya bədii yazılarla, ya da publisistik materiallarla deyirdilər. Belə yazılar adətən o vaxtkı "Ulduz”, "Azərbaycan”, "Qobustan” jurnallarında dərc olunardı. O jurnalların, demək olar, hər sayını izləyirdim. Qalın bir dəftərim vardı,  oxuduğum yazılar, kitablar, ünsiyyətdə olduğum adamlar, mənə təsir edən hansısa bir hadisə ilə bağlı qeydlər eləyərdim. Arada şeir yazan vaxtlarım da olub. Beləcə, bir gördüm, bu mühit, bu aura mənə çox doğmalaşıb, daha doğrusu, özümü bu mühitdə, bu aurada daha rahat hiss edirəm. Yəqin elə o səbəblərdən də məndə jurnalist olmaq arzusu yaranmışdı. Atam iqtisadçı idi, mənim də onun yolunu davam etdirməmi istəyirdi. Orta məktəbi bitirib əvvəlcə, sənədlərimi indiki İqtisadiyyat Universitetinə vermişdim, amma qədul oluna bilmədim. Növbəti il sənədlərimi indiki Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə verdim və qədul olundum. 
 
 - Tələbə vaxtından bu günə qədər "525-ci qəzet”də işləyirsiniz. Qəzetin yaranma mərhələsində iştirak etmisiniz. Maraqlıdır, Rəşad Məcidlə yollarınız necə birləşdi? Qəzet necə yarandı?
- Bəzən söz düşəndə zarafatla deyirəm ki, ömrümün yarısını "525-ci qəzet”də işləmişəm. Qəzet yarananda tələbə idim. Rəşad Məcid təsisçi kimi qəzetin ilk sayında kiçik bir yazı yazmışdı, özünə güvənən gəncləri qəzetə dəvət eləmişdi. Belə də oldu və qısa vaxtda qəzet populyarlaşdı.
Rəşad Məcidlə yollarımızın kəsişməyinin yaşı isə, az qala, "525”in yaşının iki misli qədərdir. Rəşad Məcidi hələ uşaqlıqdan, ağlım kəsəndən tanıyıram. Yəni "525” yarananda biz artıq çoxdan onunla bir-birimizə doğma adamlar idik.
Qəzetin necə yaranması haqda indiyəcən çox danışmışıq. Ötən əsrin 90-cı illərində Azərbaycanda yeni-yeni qəzetlər nəşr olunmağa başlayırdı. Biz də qərara gəldik ki, yeni bir qəzet təsis edək. Beləcə, "525-ci qəzet” yarandı və ilk sayı 1992-ci il noyabrın 17-də nəşr olundu. Yadımdıdır, qəzetin ilk sayını həmin gün Azadlıq meydanında Milli Dirçəliş Günü ilə bağlı keçirilən mitinqdə iştirakçılara paylamışdıq və çox böyük maraqla qarşılanmışdı.
- Bildiyimizə görə, diplom işinizin mövzusu çalışdığınız qəzetlə bağlıdır. Həmin vaxtı  necə xatırlayırsınız? Diplom müdafiəniz necə keçdi? Müəlliminiz Famil Mehdi razı qaldımı işinizdən?
- Diplom işi ilə bağlı mövzu götürəndə "525” artıq bir neçə ay idi, nəşr olunurdu. Mən qəzetin baş redaktoru idim. Elmi rəhbərim əziz müəllimimiz, mərhum professor Famil Mehdi idi. Diplom işinin mövzusu kimi "525”i seçmək təklifi də elə Famil müəllimdən gəldi. Dedi ki, götür baş redaktoru olduğun qəzeti müdafiə elə. Sonra da qayıtdı ki, bu, bizim fakültənin tarixində birinci hadisə olacaq - tələbə özü baş redaktor olduğu qəzeti diplom işi mövzusu kimi götürür və müdafiə edir. Famil müəllim dediyi kimi də elədik, qəzetin 17 sayını götürüb diplom işi hazırladım. Yadımdadır, müdafiədə Famil müəllim hamıdan çox sevinirdi. Ruhu şad olsun!
- İndiki gənclər tez-tez iş yeri dəyişirlər. Lakin siz hələ də "525-ci qəzet”ə sadiqsiniz. Sizi bu qəzetə bağlayan nədir?
- Əgər ciddi bir səbəb yoxdursa, mən tez-tez iş yeri dəyişməyin tərəfdarı deyiləm. Zərurət yaranar, sosial şərtlər məcbur edər, iş yerini dəyişərsən, bunu başa düşürəm. Amma tez-tez iş yeri dəyişməyin, hər gördüyün ocaq başında bir iz buraxmaq istəyinin əleyhinəyəm.
Mən yarandığı gündən "525”dəyəm. Bura mənim üçün sadəcə, iş deyil, ondan qat-qat ötədir. Noyabrda qəzetin 25 yaşı tamam olacaq. Bu 25 ildə ”525”də çoxlu insanlarla bir yerdə işləmişəm, onların əksəriyyəti mənim üçün doğmalaşıb. İndi onların bir xeylisi müxtəlif yerlərdə çalşır. Bu qəzet mənə həm o adamlarla, həm də indi çalışdığım insanlarla çox əzizdir, doğmadır. Özümü burada rahat hiss edirəm.   
 - Artıq son 7-8 ildir ki, qəzetin bütün yükü sizin üzərinizdədir. Bu, sizi yormur ki? Mətbuatdan bezib getmək istədiyiniz anlar olub? Nə vaxtsa mətbuata gəldiyinizə görə peşman olmusunuz?
- Yox, elə bir yük yoxdur, həmişə necə olubsa, indi də elədir, öz işimi görürəm, vəssalam. Məncə, insan işdən yorulmur, gördüyü işdən zövq ala bilməyəndə yorulur. Bu mənada, əlbəttə, yorulduğum vaxtlar da olub, peşmançılıqlar da olub, həm də çox olub. İdeal heç nə yoxdur. Bütün başqa sahələr kimi jurnalistikanın da öz problemləri var. Təsəvvür edin, dəmir yoludur, bu yolda uzun bir qatar gedir. Bu qatarda olan vaqonların biri o birindən sürətli gedə bilər? Gedə bilməz. Cəmiyyəti uzun bir qatara bənzətsək, jurnalistika da o qatara qoşulmuş vaqonlardan biridir və sürəti o biri vaqonlarınkı qədərdir. Bu gün jurnalistikanın problemləri var, amma bu problemlər təkcə jurnalistikanın özünün yaratdığı, ya da jurnalistikanın özündən yaranan problemlər deyil. Ona görə də yorulsan da, bəzən hətta peşmançılıq keçirsən də, əgər hər hansı bir sahədə çalışırsansa, gərək onun əngəllərinə, çətinliklərinə qatlaşasan. 
- Uzun müddətdir ki, jurnalist kimi fəaliyyət göstərirsiniz. Bu müddət ərzində "525-ci qəzet”də yaddaqalan imzalar olub. Gənclərlə işləyirsiniz. Maraqlıdır, gənc jurnalistlərlə bağlı nə düşünürsünüz?
- Bayaq da dedim, bu 25 ildə "525”də çox adam işləyib. Aralarında bugünün bir çox tanınmış imzaları var. Azərbaycanda elə bir nüfuzlu televiziya, qəzet, jurnal yoxdur ki, nə vaxtsa orada "525”in yetirməsi olmuş jurnalistlər işləməsinlər. İndi də gənclər gəlirlər, "525”də çalışırlar, müəyyən zamandan sonra başqa yerlərə gedənlər də olur, qalanlar da. Bu, təbiidir, indiyəcən olub, bundan sonra da olacaq. Biz də gənc olmuşuq, bizim vaxtımızda da bizdən yaşca böyüklər, öyrəndiyimiz insanlar olublar. Vaxt gələcək bu gün bizdən öyrənənlərdən də kimlərsə öyrənəcək. Bu, zaman məsələsidir, kimsə gənc olanda kimsə də yaşlı olmalıdır. Nə deyə bilərəm ki? İndi jurnalistikaya gələn gənclər sabah bu sahənin yükünü çəkən insanlar olacaqlar. Hamısına uğurlar arzulayıram, yolları açıq olsun. 
- Yusif müəllim, biz o vaxt təcrübə üçün  "525-ci qəzet”ə gələndə bizimlə maraqlanırdınız. Belə deyim, çox səmimi və mehriban, o cümlədən mülayim insan təəssüratı bağışlamışdınız. İnanmıram ki, kiminləsə mübahisəniz olar. Amma maraqlıdır, mətbuatda işlədiyiniz bu müddət ərzində hansısa həmkarınızla sözünüz çəp gəlibmi? 
- İlk müşahidənin adamı aldatdığı məqamlar da az olmur. O qədər də mülayim adam deyiləm. Əvvəllər iş prosesində lap sərt olardım. İndi, ola bilər, yaş da öz işini görüb. Amma siz gələndə yəqin əhvalımın xoş vaxtına düşmüsünüz. Bir də, siz 3-5 günün qonağı idiniz, qonaqla da gərək xoş davranasan.
 
(Rəşad Məcid, İlhamə Qasımlı, Anar, Yusif Rzayev. Ankara.)
- O dövrün mətbuatı ilə indiki dövr arasında kifayət qədər fərq var. Sizcə, mətbuatımızın əsas problemləri nələrdir? O dövrün mətbuatının hansı xüsusiyyətinin indi də olmasını istəyərdiniz?
- Məncə, 15-20 il qabaq jurnalistika mühiti daha qaynar idi. Jurnalistikanın elə janrları var ki, bu gün, ümumiyyətlə, onlara müraciət edilmir. Bu gün bizdə otaq, ofis jurnalistikası daha geniş yayılıb. Yazıların böyük əksəriyyəti masa arxasında, telefonla, internetlə, sosial şəbəkələr vasitəsi ilə hazırlanır. İndi daha çox ya müsahibə yazırlar, ya da köşə yazıları. Daha əziyyətli, maliyyə vəsaiti tələb edən janrlara, demək olar ki, müraciət olunmur. Bunun bir çox səbəbləri var, əsas səbəb də, məncə,  medianın maddi durumu ilə bağlıdır. Bahalı layihələr üçün maliyyə lazımdır.  
- Bir jurnalist kimi indiyə qədərki fəaliyyətinizdən razısınızmı? Bu peşə ilə bağlı elə bir şey varmı ki, çox etmək istəmisiniz, amma reallaşmayıb.
- Bayaq dedim ki, bioqrafiyamı 25-30 sözlə ifadə eləmək mümkündür. İndi, sizcə, 27 illik jurnalistika fəaliyyəti bir-iki cümlə ilə ifadə olunan bir adam öz fəaliyyətindən razı qala bilərmi? Əlbəttə, qala bilməz. Cavan vaxtı insan arzularının sərhədi olmur. Əlbəttə, reallaşmayan çox arzular, istəklər olub. Amma ta indən belə onları yada salmağın da əhəmiyyəti yoxdur. O tamaşada necə deyir, dünyada hər nə ki olub olacaq, olmayan şey də ola bilməz və bir şey ki, ola bilməz, o heç vaxt olmayacaq.
- Adətən indiki gənclərin jurnalistikanı seçmə səbəbi müəyyən qədər məşhurluq qazanmaqdır. Sizcə, öndə olub tanınmaq, yoxsa "gözəgörünməz” qalmaq yaxşıdır?
- Kimin üçün necə rahatdırsa, o yaxşıdır. Tanınmaq, məşhur olmaq istəyi insana xas olan hissdir və bunun nəyi pisdir ki? Kim istəyirsə və buna çalışırsa, qoy olsun. Onsuz da bu dünyada heç kəs kiminsə yerini tutmur. Müvəqqəti, ötəri yalnışlıqlar olsa da, zaman hər kəsi öz yerinə qoyur. Ona görə də narahat olmağa dəyməz, məncə. 
 
 - Bu il "525-ci qəzet”in 25 yaşı tamam olacaq. Sizcə, qəzetin indiyə kimi ən böyük nəaliyyəti  nə olub?
- Hə, noyabrın 17-də 25 yaşı tamam olacaq. Ən böyük naliyyət nədir? Bu 25 ildə saysız-hesabsız qəzetlər açılıb və çoxusu da bir neçə ildən sonra bağlanmağa, fəaliyyətini dayandırmağa məcbur olub. Amma bütün qalxmalara-enmələrə, uğurlara və uğursuzluqlara baxmayaraq "525” 25 yaşına gəlib çata bilib. Məncə, bu illər ərzində qəzeti qoruyub saxlaya bilməyin özü elə ən böyük nailiyyətdir.    
- Son olaraq, Yusif müəllim, media  nümayəndələrinə, gənc jurnalistlərə hansı tövsiyyələr verə bilərsiniz? Bu yolda yeni addımlamağa başlayan bir gənc kimi mənə də maraqlıdır.
- Nə deyə bilərəm ki? Mənim tövsiyyə, nəsihət verməklə aram yoxdur, daha doğrusu, belə şeylərdən utanıram. Əstağfürüllah, Dədə Qorqud deyiləm ki, kiməsə öyüd-nəsihət vermək iddiasina düşəm. Mən ancaq öz arzularımı deyə bilərəm. Çox istərdim ki, hər kəs, illah da gənclər doğru hesab elədikləri işləri görsünlər, arzularını reallaşdırmaq üçün çalışmaqdan yorulmasınlar, lap hardansa səhv eləsələr də, yenə ruhdan düşməsinlər, bezməsinlər. Zəhmət, əziyyət heç vaxt itmir, nəticəsi əvvəl-axır olur, mütləq olur.
 






Fikirlər