“Kolxozçu”ların akademik QƏZETİ

Seymur Verdizadə,

Jurnalist Araşdırmaları Mərkəzinin sədri
“Kolxozçu” qəzetində çap olunan yazılarımı səliqə ilə kəsib, ailə albomuna yapışdırırdım. Çox sonralar anladım ki, yazı da övlad kimidir, gərək onun boyunu sevəsən. Məqalələrimin boyunu sevə-sevə onları böyüdüb, boya-başa çatdırırdım...

 “Kolxozçu” qəzeti ilə əməkdaşlığa 1989-cu ildə başlamışdım. Aradan 28 il ötüb, amma mən həmin günü olduğu kimi xatırlayıram. Poçtalyonumuz Azad ilk məqaləmin dərc olunduğu qəzeti atama verib, ondan yaxşı muştuluq almışdı. O vaxt mən orta məktəbin 9-cu sinif şagirdi idim. Əvvəllər “Azərbaycan pioneri” qəzetində və “Pioner” jurnalında bir-iki kiçik məqaləm dərc olunmuşdu. Mətbuatda ilk addımlarımı “Kolxozçu” qəzetində atmışam. Yaradıcı kollektivin qayğısı sayəsində qısa müddət ərzində addımlarım mətinləşdi, bir-birinin ardınca irihəcmli məqalələr yazmağa başladım. Orta məktəb illərində rayon qəzetində 60 yazım dərc olunmuşdu. Cəbrayıl işğal olunanda arxivimin bir hissəsi itdi, göz-bəbəyim kimi qoruduğum qəzetlərin taleyi rayonumuzun taleyi kimi qara gəldi. Amma ilk məqaləmin sərlövhəsi yaddaşıma ömürlük həkk olunub. Nə yaxşı ki, qarı düşmən yaddaşımızı işğal edə bilmədi...

 Soltanlı kəndində dədə-babadan yaxşı bir kəhriz olub. 1989-cu ildə kənd camaatı öz vəsaiti hesabına bu kəhrizi bərpa etdi. O vaxt mən də bir neçə gün öz arıq, sümükləri hələ bərkiməmiş zəif çiyinlərimi bu yükün altına vermişdim. Həmin vaxt Səməd Vurğun adına kolxozun sədri işləyən əmim Həsən Verdiyevin təklifi ilə kəhrizə “Qarabağ” adı verildi. “Kolxozçu” qəzetində dərc olunan ilk məqaləm sərlövhəsini bu kəhrizin adından götürmüşdü: “”Qarabağ” yenidən çağlayır”... 

Azərbaycan müstəqilliyini əldə etdikdən sonra qəzetin adı dəyişib, “Xudafərin” oldu. Mənimçün bu gün də doğma olan qəzet o vaxt “Kolxozçu” adlandırılsa da, akademik səviyyədə çap olunurdu. Qəzetin kiçik kollkektivi istedadlı qələm sahiblərindən formalaşmışdı. Əvvəl “Kolxozçu”nun, sonra isə “Xudafərin”in yükünü daşıyan əməkdaşların heç biri peşəkarlığına görə mərkəzi mətbuatda çalışan jurnalistlərdən geri qalmırdı. Redaktorumuz Hafiz Hüseynov istedadlı jurnalist olmaqla yanaşı, həm də yaxşı rəhbər, qayğıkeş insan idi. Başda Hafiz müəllim olmaqla “Kolxozçu”nun kollektivi gənclərə həmişə qayğı ilə yanaşıb. Əslində, o vaxt biz gənc deyildik, yeniyetməlik dövrünə yenicə qədəm qoymuşduq. Buna baxmayaraq, qəzetdə tez-tez yazılarımız dərc olunurdu.

80-ci illərin axırlarında, 90-cı illərin əvvəllərində mənimlə yanaşı, Şeyda Nəsibli, Könül Hacıyeva, Şakir Albalıyev, Ruqiyyə İsmayılqızı və digər orta məktəb şagirdlərinin əvvəl “Kolxozçu”, sonra isə “Xudafərin” qəzetində mütəmadi olaraq yazıları çap olunurdu. Qəzet yeni dövrün tələbləri ilə ayaqlaşır, cəmiyyətdə sağlam mənəvi mühitin formalaşamsına xidmət edirdi. Hafiz Hüseynovdan sonra qəzetin “sükan”ı arxasına keçən Sərməst Seyidəliyev də, Afər Əhmədov da bu ənənəni qoruyub-saxladılar, yaşatdılar. Rəhmətlik Qabil Əhmədlini həmişə böyük hörmət və ehtiramla anıram. Əlirza Əzizli təkbaşına bir məktəb idi. Aradan 25 ildən çox vaxt keçib, amma Əlirza müəllimin imzasını bu gün də axtarıb-arayır, yazılarını acgözlüklə oxuyur, təmiz dağ havası kimi ciyərlərimə çəkirəm. Hürriyyət Məmmədzadə özünəməxsus  yazı üslubu olan jurnalist idi. O vaxtın gəncləri Hürriyyət müəllimdən çox şey öyrənirdi. Sözsüz ki, mənim əməkdaşlıq etdiyim 1989-92-ci illərdən əvvəl də, sonra da “Kolxozçu” və “Xudafərin” qəzetlərində çox istedadlı jurnalistlər çalışıb. Bu adamlar öz imzaları ilə adlarını mətbuat tariximizə həkk ediblər.

 Kompüterin qarşısında oturub bu sətirləri klaviaturada döyəcləyəndə xəyal məni 25-27 il əvvələ aparır. Mənə qonorarın şirinliyini ilk dəfə doğma, əziz “Kolxozçu” qəzeti daddırıb. Qəzetdə dərc olunan hər yazımıza görə redaktorlar bizə qonorar yazırdı. Məqalələrimizin həcmi kiçik olsa da, qonorarımzı həmişə böyük olurdu. Orta məktəb şagirdi olduğumzu üçün redaktorlar bizə həmişə artıqlaması ilə qonorar yazırdı. Mən qonorarımı kəndimizdəki poçtdan alırdım. Hazırda ömrünün səkkizinci onilliyini xırdalayan Şamil Məmmədov mənə çatacaq pulu son qəpiyinə kimi sayıb, ovcumun içinə basırdı. O vaxt başqa dövr idi, uşaqların uğuruna böyüklər hamıdan çox sevinirdilər.

 Ayda bir dəfə redaksiyaya gedirdim. Hansı əməkdaşın qapısını döyürdümsə, məni xoş üzlə qarşılayır, qol-qanad verir, ruhlandırıb yola salırdı. Bundan sonra daha çox yazır, daha inamla mövzu axtarışına çıxırdım. Kəndimiz rayon mərkəzindən xeyli uzaqda yerləşsə də, arabir mətbəəyə gedir, hərflərin düzülüşünə tamaşa edirdim. Hər dəfə mətbəəyə gedəndə, özümü sirli-sehrli bir aləmdə hiss edirdim...

 Cəbrayıl Azərbaycanın böyük ziyalı potensialına malik olan beş-altı rayonundan biri idi. Cəbrayılda təkcə ziyalılar deyil, kolxozçular da qəzet oxuyurdu. Buna görə də müəlliflər daim öz üzərlərində işləyir, kiçik bir səhvə belə yol verməməyə çalışırdılar. Cəbrayılda böyük jurnalistika məktəbi vardı. Təsadüfi deyil ki, bu gün öıkəmizin tanınıb-seçilən jurnalistlərinin sırasında Cəbrayılın yetirmələri ön sırada dayanır. Bu adamların çoxu “Kolxozçu”nun şinelindən çıxıb. Mən və digər qələm dostlarımız mətbuatda qazandığımız uğurlara görə ilk növbədə “Kolxozçu” – “Xudafərin” qəzetlərinə, bu qəzetllərin istedadlı və qayğıkeş kollektivinə borcluyuq. 

Qəzet 85 yaşına məhz yaradıcı kollektivin gərgin əməyi, yuxusuz gecələri sayəsində gəlib çatıb. Bayramınzı mübarək, əziz həmkarlar!

 






Fikirlər