TAHİR Kərimli: “Bu CAN nə olan şeydir ki, 62 yaşında onu QURBAN etməyim?”

Hesab etdik ki, Azərbaycanda sabitliyin qarantı İlham Əliyevdir

Budəfəki həmsöhbətimiz Vəhdət Partiyasının sədri, deputat Tahir Kərimlidir. Günün ikinci yarısına qədər bir neçə dəfə zəng etsəm də, telefonu sürücüsü açıb, “Tahir bəy görüşdədir” dedi. Nəhayət, saatlar sonra danışa bildik. Məlum oldu ki, Dünya Axıska Türklərinin rəhbərliyi ilə birgə Saatlıda yaşayan axıska türkləri ilə görüşdəymiş. Əvvəlcə bu görüş barədə məlumat verdi:

- Dünya Axıska Türklərinin rəhbəri Ziyəddin Qasanovun başçılıq etdiyi nümayəndə heyəti şənbə günündən ölkəmizdədir. Xocalı ilə bağlı tədbirlərə qatılacaq. Həmin təşkilatın birinci konfransını Azərbaycana salıblar, bunun özü də ölkəmizə hörmətdir. ABŞ-dan, digər ölkələrdəki təşkilatların sədrləri də gəlib. “Xocalı harayı”nı, Şəhidlər Xiyabanını ziyarət ediblər. Həmçinin prezident seçkilərinə öz dəstəklərini ifadə eləyiblər. Saatlıda da böyük bir toplantı oldu. Axıska türklərinin “Vətən” Cəmiyyəti ilə gözəl bir tədbir keçirildi, ətraf rayonlardan da qatılanlar var idi. Bu təşkilat çox böyük işlər aparır. İndiyə qədər parçalanmış, pərən-pərən düşmüş 600 minə yaxın Axıska türkləri artıq bütün dünyada toparlanır, birləşir, təşkilatlanır. Digər tərəfdən də Ziyəddin bəyin rəhbərlik etdiyi təşkilat bu insanların rifahı, təhsili üçün hər cəhətdən yardımlar edir. Həmçinin, Gürcüstandakı qədim Axıska yurdunda insanların məskunlaşması üçün dəstək veriblər. Əlbəttə ki, ən böyük məsələ Vətənə qayıdışı stimullaşdırmaqdır. Orada türk birliyini qoparıblar. Burada coğrafiya bir olub: Anadolu, Axıska, Borçalı, Azərbaycan, Xəzər vasitəsilə Orta Asiya. Sonrakı dönəmlərdə parça-parça ediblər. İndi Ziyəddin müəllimin başçılığı ilə bu coğrafiya təzədən birləşir. Özümçün qazanc hesab edirəm ki, iki gündür qardaşlarımızla belə tədbirlərdə iştirak edirəm. Bundan əlavə, mənim əziz dostum, uzun illər Türkiyədə professor kimi çalışan, dünya ölkələrində 59 elmi məqaləsi çap olunan Arif Səlimovla bir yerdəyik.

- Tahir bəy, Xocalı soyqırımının 26-cı ildönümünü qeyd edirik. Deputat, siyasət adamı, həm də hüquqşünas olaraq nə təklif edirsiniz, soyqırımın dünyada tanıdılması və canilərin cəzalandırılması üçün nələr etməliyik?

- Hər şeydən əvvəl Xocalı müasir dünyada hamının gözünün qarşısında baş verən çox ciddi soyqırım aktıdır. Yüz illərlə başımıza gətirilən fəlakətləri, öz torpağımızda soyqırıma uğramağımızı bəzən inkar edirlərsə də, bu, inkarolunmaz faktdır. Ona görə də tək Azərbaycan deyil, bütün Türk və İslam dünyası bu faktdan yapışmalı, dünyanın müdafiə etdiyi Ermənistana öz yeri göstərilməlidir. Xatırlayıram ki, o zaman Xocalı hadisəsi baş verəndə gedib qərargahda oldum, daha sonra Daxili İşlər Nazirliyi ilə danışdım, sonra parlamentdə çıxış etdim. Doğrudan da bu, çox dəhşətli hadisə idi. Əvvəlki illərdə düşünürdüm ki, bu, bir az kampaniya xarakteri alıb. Amma mən görürəm ki, son illər Xocalı ilə bağlı bütün dünyada çox ciddi şəkildə işlər gedir. Elə bu gün (dünən -red.) Dünya Axısta Türkləri adından bu məsələnin gündəmə gətirilməsi buna nümunədir. Amma bu işlərlə kifayətlənmək olmaz. Artıq Milli Məclisdə bəşəriyyət əleyhinə cinayətlər haqqında qanunvericiliyi müzakirə etmişik. Çox təəssüf edirəm ki, Beynəlxalq Məhkəmə 2002-ci ildən sonrakı bəşəri cinayətlərə baxır, əvvəlki dövrlərə baxmır. Amma biz buna nail olmalıyıq. Necə ki, Ruandada, Yuqoslaviyada xüsusi məhkəmələr yaradılmışdı, biz də xüsusi məhkəmənin yaradılmasına nail olmalıyıq. İmkanımız çatan qədər çalışmalıyıq ki, əvvəlki cinayətlərə də baxılsın. İkinci tərəfdən, BMT məhkəməsi də baxmır, çünki o halda qarşı tərəfin, dövlətin də razılığı lazımdır. Deməli, yol qalır xüsusi bir məhkəmənin yaradılmasına. Hesab edirəm presedent hüququ buna imkan verir. Nürnberq Məhkəməsi, Ruanda Məhkəməsi, Yuqoslaviyadakı məhkəmələr imkan verir ki, Xocalı ilə bağlı analoji beynəlxalq məhkəmələr yaradılsın və təqsirkarlar məsuliyyətə cəlb olunsunlar.

- Tahir bəy, köhnə hərəkatçı kimi o hadisələrə siz də şahidlik etmisiniz. Azərbaycan daxilində Xocalı ilə bağlı ya eks-prezident Ayaz Mütəllibov, ya da cəbhəçilər ittiham olunur. Necə bilirsiniz, bütün bunlar diqqəti əsas düşmənimizdən yayındırmağa xidmət etmirmi?

- Biz o vaxt SSRİ-nin tərkibindən çıxmış yeni bir dövlət idik, dövlət strukturları hələ tam formalaşmamışdı. Şübhəsiz ki, o təşkilatlarda Moskvaya bağlılıq qalırdı. Amma dediyiniz kimi, daxili ittihamlar bizi əsas hədəfdən, ümumi düşməndən yayındırır. Axı, Azərbaycan rəhbərliyində, yaxud AXC rəhbərliyində olanların heç vaxt belə bir niyyətdə ola bilməzdi ki, bu hadisələr baş versin. Ola bilər ki, təcrübəsizlik olub, kimlərsə aldadılıb. Ünvan aydındır: erməni və onların havadarları, 366-cı alayın sahibi Rusiya, Xocalı soyqırımını törədən, cinayətkarlar bunlardır. Bugünkü Ermənistan rəhbərliyi də o hadisələrdə iştirak edib, qatildirlər. Ona görə də diqqəti ümummilli birliyi pozmağa deyil, ümumi düşmənimizin ifşasına yönəltmək lazımdır. Lap deyək ki, Azərbaycan cəmiyyətində kimlərsə təqsirkardır, amma bu polemika getsə, bizi daxildən daha çox parçalayacaq. Zatən, uzun illərdir ki, heç bir şey edə bilmirik. 

“Yaxşı olardı ki, Xocalı abidəsi protokola salınsın”

- Serj Sərkisyan da açıq etiraf etmişdi ki, Xocalıya qədər azərbaycanlılar elə bilirdilər ki, biz onlarla zarafat edirik...

- Bəli. Yaxud yazıçı Zori Balayan şəxsən iştirak edirdi soyqırımda, qətllər törədirdi. Dediyiniz kimi, erməni prezident deyirdi azərbaycanlılar elə bilirdi mülki əhaliyə toxunmayacağıq. Avropa Şurasındakı son çıxışında sarsaqladı, istədi ki, dediklərini bir az yumşaltsın. Amma bu, faktdır, azərbaycanlılarla ermənilərin birgə yaşayışının qeyri-mümkünlüyünü sübut etməkdən ötrü bu etirafı edib. Həmçinin o, türkə olan nifrətini ifadə edib. Ona görə də bunun altından heç yerə qaça bilməz.

- Xocalını anım gününü necə keçirməyi təklif edirsiniz? Yaxud hesab etmirsinizmi Xocalı abidəsinin dövlət protokoluna salınması məsələsində gecikirik?

- Anım yürüşlər keçirilir, sabah da (bu gün - red.) ziyarət olunacaq. Amma mən hesab edirəm ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini keçirdiyimiz bir ildə elə 1918-ci il mart soyqırımının da 100  illiyinin keçirilməsi elan olunub. Bundan əvvəl də zaman-zaman, Rusiya imperiyasının tərkibinə daxil olduqdan sonra erməni və havadarları bizə qarşı soyqırım cinayətləri törədib. Ona görə də vaxtdır ki, böyük bir kompleks yaradılsın və əlbəttə ki, bu kompleks əsasən Xocalıya aid olsun. Amma burada bizim memorial, muzey, mavzoley olsun. Məsələn, Sank-Peterburqda Skaryov qəbiristanlığı var, vaxtilə orda olmuşam, orda daim kədərli musiqi səsləndirilir, protokol qaydasında əklil qoyulur, ziyarət olunur. Yaxud Volqoqradda eyni qaydada Mamayev- Kurqan var. Çox möhtəşəm komplekslərdir. Mən görürdüm ki, oranı ziyarət edənlər nə dərəcədə təsirlənirlər, istər Rusiya vətəndaşları, istər digərləri olsun. Xocalı ilə bağlı belə bir güclü bir kompleks yaradıb onu protokola salmaq olar ki, xaricdən gələnlər də, məktəblilərimiz də ziyarət etsin, dostu-düşməni yaxşı tanısınlar. Yaxşı olar ki, Xocalı abidəsi protokola salınsın. Ola bilər kimlərsə bu protokola əməl etməkdən imtina etsin. Amma istənilən halda, bu istiqamətdə addım atmalıyıq. Həmçinin mütləq böyük bir kompleks yaratmalıyıq. Ermənistanda saxta “soyqırım”la bağlı böyük abidə qoyublar, protokola salıblar, hətta dünya ölkələrinin prezidentləri İrəvana gələndə onu ziyarət edir. Belə olan təqdirdə nə üçün öz torpağımıza başımıza müsibət gətirildiyi halda, genosidə biz uğradığımız halda, bizim bir qüdrətli abidəmiz olmasın? Yaxşı, indi olanımız budur, heç olmasa onu protokola salmağımız yaxşı olardı.

- Tahir bəy, sizin Afrin əməliyyatı ilə bağlı dedikləriniz, “oğlumu da götürüb Afrində döyüşməyə hazıram” sözləriniz birmənalı qarşılanmadı, yəqin izlədiniz. Hətta bəziləri iddia etdilər ki, Tahir Kərimli Qarabağ müharibəsində hardaydı və sair... 

- Təşəkkür edirəm bu məsələyə toxunduğunuza görə. Mən çox təəssüf edirəm ki, bizim bəzi siyasətçilərimiz məhz bu gün Qarabağın ön cəbhəsinin Afrində olduğunu qəbul edə bilmir. 1918-ci ildə Qafqaz İslam Ordusu olmasaydı, Azərbaycanda bəlkə də indi bir türk yaşamırdı. Bizim tale birliyimiz var, biz Türkiyə ilə təbii müttəfiqik. Türkiyə yeri gəlsə, Azərbaycanın, bütün Türk dünyasının qarantıdır. 81 milyonluq böyük bir dövlətdir. Biz bilirik ki, Afrin hadisələri nə deməkdir. Orda Bərzani hakimiyyəti ilə birləşib, okeana çıxış əldə etmək, kürd dövləti yaradıb, Türkiyəni sarsıtmaq, Türk dünyasını kiçiltmək istəyirdilər. Necə ki, zaman-zaman bu faciələri başımıza gətiriblər. Bunu başa düşməmələri mənə çox təsir edir. İkincisi, mənim oğlum Qarabağ bölgəsində, təmas xəttində xidmət edib. Siz bilirsiniz, bacım oğlu - o vaxt mənim uşaqlarım kiçik idi - könüllü gedib, Qarabağ uğrunda şəhid olub. Mənim babamın qardaşı Əliqulu kişi gedib vaxtilə Qarabağda şəhid olub.

“Mən həmin Tahir Kərimliyəm ki, Azərbaycanın hər yerindən 17 doludağıdan topu Cəbrayıl rayonuna aparıb, orada payladım”

Çox təəssüf edirəm ki, müxalifət liderləri də feysbukda bizim müqəddəs duyğularımızı təhqir edir, onlarla insanı əleyhimizə təbliğat aparmağa vadar edirlər. Doğrudan bunlar başa düşmür? Məgər biz Qarabağda vuruşmaqdan imtina etdik? Yaxud “oğlumla Afrində döyüşməyə hazıram” demək o deməkdir ki, biz Qarabağı istəmirik? Bugünkü Qarabağımız Afrindir, başa düşsək. Qarabağ uğrunda da eyni şeyləri edərik. Necə ki, etmişik. Min dəfə üzr istəyirəm, populistlik alınar. Bəlkə heç yazmayasınız, mən həmin Tahir Kərimliyəm ki, Azərbaycanın hər yerindən 17  doludağıdan topu şəxsən özüm K-700 ağır traktorları vasitəsilə Cəbrayıl rayonuna aparıb, orada payladım. Gücüm çatandan silah-sursat apardım cəbhəyə. Mənim gecə-gündüzüm vaxtilə Ağdamda, Cəbrayılda keçib. Mən həmin adamam ki, Qəbələ RLS-i hədələdim, dedim vurub-dağıdacağıq oranı, rusun iki generalı Tiflisdən gəldi, dedilər gəl, oturaq, danışaq. Mən məcbur olub xatırladıram e. Bəlkə mən bütün qazancımla özümə evlər, saraylar tikmişəm, nəyim varsa, hamısını Qarabağa qoymuşam. Bəlkə qardaşlarım, balalarım elə etməyib? Mən insanların bu cür ittihamlarına görə çox təəssüf edirəm. Şübhəsiz ki, Qarabağ torpağımızdır, əzizimizdir, hamımız da hazırıq. Əgər Qarabağda döyüşlər başlayarsa, orda olacağıq. Əgər Afrində ehtiyac yaranarsa, mən yenə də sözümdən qaçmıram. Afrin bizim Qarabağımızdır, bizimçün Afrinlə Qarabağın fərqi yoxdur. Mən elə tədbirdə nümayiş etdirilən kadrlara baxıb, çox kövrəldim. Azərbaycan əsgəri deyib ki, məni göndərsələr, dərhal Afrinə gedərəm, canımı da qurban verərəm! Dediyim budur ki, bizim türk qardaşlarımıza can borcumuz var. Bu can nə olan şeydir ki, mən 62 yaşında onu qurban etməyim?

- Tahir bəy, partiya sədri olaraq prezident seçkilərinə namizəd olaraq iddianız olmadı və hakim partiyanın namizədini müdafiə etdiniz. Bu qərarınızı nə ilə əsaslandırardınız?

- Bəli. Şənbə günü Baş Məclisimizin iclasını keçirtdik və hesab etdik ki, Azərbaycanda sabitliyin qarantı İlham Əliyevdir. Partiyamızın da xətti var, onu müdafiə haqqında qərarımızı verdik. Mən hesab edirəm ki, bu, düzgün qərardır. Suriyada 5 milyon insan öz haqları, demokratiya uğrunda ayağa qalxmışdı. Nail oldularmı? Niyə həmin adamlar indi demokratiyadan, insan haqlarından danışmırlar? Bu adlar altında bir ölkəni cəhənnəmə döndərdilər. Bizə sabitlik lazımdır. Azərbaycanı da, Türkiyəni də parçalamaq istəyən, Suriya, Liviya vəziyyətinə salmaq istəyənlər var. Cənab prezident indi bu sabitliyi yarada, qoruyub-saxlaya bilir. Mən başqa birini, onun alternativini görmürəm, kimsə görürsə, desin. Ona görə hesab edirəm ki, biz düzgün qərar qəbul etmişik.  

 

 






Fikirlər