Rejissor Mehriban Ələkbərzadə: "Sənədli filmlərim bütün televiziya rəhbərlərini qorxutdu"

 

mehriban-1.jpg

Mehriban Ələkbərzadə televiziya ekranlarında yoxdur. Hadisələrin axarı indi onu teatra aparıb. Amma Mehriban xanımın yeri, stili, yaradıcılığı özlənəndir. Jurnalistika – xüsusilə televiziya jurnalistikası onu unutmayıb. Əksinə, onun peşəkarlıq yağan yeri görünür.

Ancaq Mehriban Ələkbərzadə yaradıcı insan kimi orada – hazırda olduğu yerdə də rahat deyil. Çünki indi Azərbaycanda peşəkarların yeri dar olunur, onlara necə deyərlər, gözlərini açmağa imkan vermirlər. Oysa ki, məhz indi Azərbaycan mətbuatının və televiziyasının Mehriban xanım kimi peşəkarlara ehtiyacı var. Məhz indi.

Acı reallıq həm də odur ki, telekanallarımız millətimizin problemlərini gündəmə çıxarmaqdansa, onu sıradan çıxarmağa, üstünü örtməyə, dəyərləri ört-basdır etməyə çalışır. Görün, peşəkar televiziya rejissoru nə deyir: “Mənim o silsilə tarixi sənədli filmlərim bütün TV rəhbərlərini də qorxutdu. Özüm də... hər şeyi itirdim.” Bu qədər ağır və acınacaqlıdır vəziyyət. Bəs o filmləri kim çəkəcək? Millətin balalarına onların möhtəşəm tarixini kim anladacaq? Kim?!

Beləcə, tanınmış rejissor Mehriban Ələkbərzadə Strateq.az-ın “16-1” layihəsinin qonağıdır. Danışır O...

 

mehriban-2.jpg

Allah baisə lənət etsin

 

- 100-ə yaxın tarixi sənədli filmin həm rejissoru, həm də müəllifi olmusunuz. Televiziyadakı fəaliyyətinizi xatırlayıram – məsuliyyətli, bir az da insanlarda qısqanclıq yaradan ciddi xarakteriniz bu filmlərin ərsəyə gəlməsinə səbəb olurdu. Çox zaman da fasiləsiz fəaliyyətinizlə özünüzü fəda etdiyinizi düşünürdüm. Çəkmədiyiniz, araşdırma aparmadığınız mövzular qalıbmı? Bu istiqamətdə fəaliyyətinizi davam etdirmək istərdinizmi?

- Haqlısınız. Mənim o zamankı fəaliyyətimə müxtəlif  təpkilər, qarşıdurma və xəbisliklər vardı. Amma bunlar indi söz konusu deyil... Mən düşünürdüm ki, məhz  tarixi araşdırmalarımla deyəcəyim böyük SÖZ... qarşıdadır. Əlbəttə ki, hələ bu janrda çalışmam gərək idi. Allah baisə lənət etsin. Hərdən mən də bu sənədli-bədii filmlərin TV-də davamına niyyət edirəm. Hər halda bu filmlər Mədəniyyət Nazirliyi nəzdində Kinostudiya xətti ilə arzuedilməz oldu. Mən cəmisi bir film – 1918-ci ilin MART Hadisələrindən bəhs edən "Qara Oyunlar" (3 seriya) üzərində işləyə bildim - bu qədər. TV-də davamına da olumlu baxa bilmirəm. Bugünkü TV məkanında - reytinq qazanan proqram, film, verilişlərin janrı, qayəsi və dəyəri ...mənə bu niyyətdən çəkinməyi anladır. Amma... təəssüf! Kaş fərqli durum olaydı da....

 

Teatr - indi tək özünüifadə məqamımdır

 

- Belə demək olarmı, Mehriban Ələkbərzadənin gedişi ilə televiziyalarımız, kinostudiyamız itirdi, lakin teatrımız qazandı? Televiziya, kinostudiya və teatr sizin üçün hansı məna daşıyıcısıdırlar? Seçim qarşısında qalsaydınız, hansında fəaliyyətinizi davam etdirmək istərdiniz?

- TV, kinostudiya itirdimi? Mənim bu sonuca varmam doğru olmaz. Amma mən enerjimi, gücümü və səyimi  depozitdə saxlamağa vadar oldum - bu doğru. Teatr - indi tək özünüifadə məqamımdır. Amma gec-tez bizim Nazirliyimiz burada da məni itirə bilər. Hələ ki, son çarpışmalarla da olsa, varam. Səmimi etiraf edirəm ki, mən hərdən "ayə... bəlkə bu filmləri deyil, məhz sifarişlə bəzilərinə yarayacaq işlər görməli idim" - deyə düşünürəm. Mənim o silsilə tarixi sənədli filmlərim bütün TV rəhbərlərini də qorxutdu. Özüm də... hər şeyi itirdim. Amma mən Dövlətçilik ideologiyasının təcəssümündə israrlı idim. Bu sonu bilsəydim də, inanmıram ki, fərqli mövqe göstərəydim. Seçimim yoxdur, əzizim. Teatr tamaşalarım hələ qaranlığa açıq divarla mənim işimdir! Deyim ki, bu, o qədər də maraqsız həyat deyil. Mən yenə də rejissoram!

- Rejissoru olduğunuz bir çox tamaşalarda bir parça da Siz varsınız. Teatr həm də özünüifadə üçün vasitədirmi?

- Bəli! Mənim şüurumdan qidalanan hər şeydə - mən varam. Hətta həyatım və hisslərim də.

 

 Mən indi istədiyim həyatı yaşamıram

mehriban-3.jpg

 - Akaki Şveyk deyirdi ki, “çox da ciddi olmayın və yolun sonunu düşünməyin, onsuz da nəyin baş verəcəyini yolun sonunda biləcəksiniz”. Sizi tanıdığımız qədərilə hər zaman yolun sonunu düşünənlərdən olmusunuz. Bəlkə də bir çoxlarından fərqli olaraq sizə rahatlıq verən  – arzuladığınız demirik – həyatı yaşayırsınız. Sizcə həqiqətən də əvvəldən yolun sonunu düşünmək insan üçün heç nəyi dəyişmir?

 - Məşhur bir ifadə var: "Sonunu düşünən qəhrəman olmaz". Mən indi istədiyim həyatı yaşamıram. Amma alman filosofu A.Şopenhauer: «Dünya kor iradə və boş təsəvvürdür» - deyir. Onun fikrincə, insan illüziya və «kabuslardan» xilas olub gələcəyi yara­dır. Bu gələcək ona tam uyğundur, demək.  Həmin illüziya və kabusların içərisində sadəlövh, uzaqgörməz optimizm də olur... mənim kimi. Həyatda olan bütün hadisələr isə, iradənin dəyərlənməsi mərhələsidir. Daha dəqiq desək, həyatda baş verən bütün hadisələr, adamların işi, tarix və təbiət qanunları – yəni, Dünya – təcəssümləşmiş iradədir. Həyat – uzun yuxugörmədir. Mən bu yuxugörmədən ayılıb yaşamağa məhkum olduğum həyatla üzbəüzəm. Amma hələ də, nələrisə dəyişə bilmək gücüm var - düşünürəm.

 

Bir də dünyaya gəlsəydim...

 

- Mehriban xanım, “həyatda səhv etmək olmaz” məsləhətini hər zaman eşidirik. Amma hər zaman da həyatımızda iz buraxacaq o səhvlər bizdən qaynaqlanmır. Necə düşünürsünüz, ideal və ya artıq hər şeyi kodlaşdırılmış bir cəmiyyətdə azad yaşamaq mümkündürmü?

- Əslində, bu həyatı bir dəfə yaşamaq və səhv etməmək, məncə, mümkünsüz. Ya bir də dünyaya gəlmək olsaydı, hə, onda böyük yanlışlıqlardan mütləq qaçardım. Amma bildiyiniz kimi, insanın daxilində 4 insan yaşayır: «Mən», «Maska», «Kölgə» və nəhayət, «Ruhun obrazı». «Mən» – fərdin inkişafıyla bağ­lı son məqsəddir. «Maska» – şəxsin sosial dərisidir. «Mən» üçün qalxan rolunu oynayan «Maska», eyni zamanda son nəticədə onu simasızlaşdıra bilər. «Kölgə» «Mən»in tutqun və aşağı oxşarıdır. «Kölgə» şəxsin daxili «mən»i, onun yarımyuxulu «şər» «mən»idir, insanın zirzəmisində yaşayan vəhşi insandır. İndi bu açıdan baxsaq: Yarımyuxulu, sosial dərslərdən dərs ala bilməyən, qalxansız ruhun... səhv etməməyi də olumlu deyil. Amma yadıma bir ifadə düşdü. Mina axtaranlar iki dəfə səhv edir. Birinci səhv - bu peşəni seçməkdir. İkinci səhv - yanlış yerə ayaq basmaqdır. O səhvin qarşılığı ölümdür. Mən o durumdayam...

 

Bəzən o qara zolaq bitmir

 

- Nurun dəyərini bilmək üçün mütləq qaranlıqdan keçmək lazımdır. Çoxları bu qaranlıqdan keçmək xoşbəxtliyinə nail ola bilmirlər. Amma elə insanlar da var ki, dəfələrlə bu tuneli adlayırlar.  Ümumiyyətlə, qaranlıqlardan keçmək çətin deyil ki?

- Əbu Turxan yazır: "Yalnız işıq vardır, qaranlıq işığın yoxluğudur". Eyni zamanda dünyanın məhz yoxluqdan var olması fikri təkcə fəlsəfədən və dindən gəlmir; müasir fizika da yoxluğun varlığa, virtual zərrələrin real zərrələrə çevrilməsindən bəhs edir. Bəli, indiki fizika artıq lirika səviyyəsinə çatmışdır. İndi o qaranlığı dağıtmaq cəhdi o qaranlığı keçməkdən daha güclüdür mənim içimdə. Amma bəzən o qara zolaq bitmir. Dönüb zülmət yola çevrilir. Keç ki keçəsən. Sənin bu zülmətə məhkumluğun səni içəridən yeyib dağıdır. Nur nədir... alaqaranlıq məkan istəyi sənə kosmos qədər geniş görünür.

- Belə deyirlər ki, dəli dünyaya baxmaq, onu dərk eləmək üçün başın aşagıda dayanmalısan. Başı aşağıda dayanmağa dəyərmi?

- Yuxarıda ancaq ALLAHdır. Hər şeyə rəğmən, ona baxmaq yetərlidir. Qalan hər şey onsuz da solacaq. Filosoflar “Yaşca hər şeydən böyük Allahdır, çünki O, doğulmayıb”- deyirlər. Onda "Hər şeydən gözəl Kosmosdur, çünki o, Allahın yaradıcılığının məhsuludur”- desək də doğru olar. İndi ona necə baxmaq deyil, nə qədər tam görə bildik, anlaya bildik? Bax, mən bunu mərak edirəm.

- Bu sualı verməyə də bilərdik. Əgər lazım bilməsəniz cavab verməyə bilərsiniz: İş və ailə. Bir araya gələ də, gəlməyə də bilir. Bunu öz axarına salmaq da mümkündür, salmamaq da... Həyatda bundan da çox şeyə nail olmaq imkanlarınız olub. Xaraktercə prinsipial olmağınız, səhvləri bağışlamamağınız, bəzən sizin üçün dəyər kəsb edən şeylərə mənliyinizi qurban verməməyiniz sonunda Sizə ağır itkilər hesabına başa gəlib. Sonradan peşimançılıq hissləri yaşamısınızmı, yoxsa bu gün də düzgün addım atdığınızı düşünürsünüz?

- Bilmirəm. Dogrudan da bilmirəm. Amma bu mənəm. Başqa türlü olmaq istərdim. Amma ola bilmədim. Ömər Xəyyam demiş:

                      Tanrının yazdığını mən poza bilsəydim, həmən...

                      Onu arzumla, məramımla yazardım yenidən.

 

Hazırladı:

Əvəz Zeynallı

Məlahət Zeynallı






Fikirlər