BİR doğum GÜNÜ, İKİ fərqli baş nazir

 Bir doğum günü, iki fərqli baş nazir

Fəzail Ağamalı: “Artur Rasi-zadəni Davudoğlundan daha yuxarı dövlət məmuru hesab edirəm”

 

Fevralın 26-da Azərbaycanın baş naziri Artur Rasi-zadənin 81, Türkiyənin baş naziri Əhməd Davudoğlunun 57 yaşı tamam oldu. Hər iki ölkənin baş nazirinin doğum günlərinin fonunda onların yaşı müqayisə edilərək, Davudoğlunun daha çevik, işlək olduğu deyildisə, Rasi-zadənin yaşlı olması müzakirə obyektinə çevrildi. 
 
Azərbaycanın ikinci səlahiyyətli şəxsi postsovet məkanında, eləcə də Cənubi Qafqazda ən yaşlı vəzifə sahibi olaraq daim mətbuatın gündəmində olur. Hər hansı bir ölkədə baş nazir dəyişikliyi olan kimi, ilk göz önünə gələn isim Rasi-zadə olur. 
Heç şübhəsiz ki, yaşlı nazirin tez-tez gündəm olmasının səbəblərindən biri də onun passiv fəaliyyətinin müşahidə olunması, mətbuata çıxmaması, yalnız ara-sıra dövlət iclaslarında sükutu pozmasıdır...
İqtidaryönlü deputat Fəzail Ağamalı deyilənlərlə razılaşmır. O hesab edir ki, Rasi-zadə üzərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirir: “O yetərincə yüksək intellekti olan vətənpərvər, son dərəcə təmiz imici olan dövlət məmurudur. Hökumət üzvlərinin fəaliyyətini peşəkarlıqla əlaqələndirə bilir. Prezidentin hökumət qarşısına qoyduğu vəzifələrin öhdəsindən məharətlə gəlir. İdarəçilik sistemi kifayət qədər məsuliyyətlidir. Burada sədaqətli, vətənini sevən insanların olması vacibdir. Ölkə başçısı bununla bağlı konkret addımlar atmaqdadır. Yaxınlarda Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə gənci rəhbər təyin etdi. 
Yer boşaldıqca, yeni kadrlara ehtiyac duyulur. İdarəçilikdə yaşlı nəsli kənara qoymaq olmaz. Onların biliyi, təcrübəsi son dərəcə əhəmiyyətlidir. Bu baxımdan yaşlı, enerjisi tükənməyən şəxslərin idarəçilikdə olmaları vacibdir. Yaşlıları çıxar, gəncləri gətir kimi fikirlər düzgün yanaşma deyil. Kim ki işləyə bilmir, səhhətində problem var, etimadı itirib, o şəxsləri uzaqlaşdırmaq lazımdır. Amma Artur Rasi-zadə son dərəcə dəyərli bir məmurumuzdur. Müsbət keyfiyyətlərinə görə o, uzun müddətdir baş nazir işləyir. 
Bundan sonrakı fəaliyyətində ona cansağlığı, uğurlar arzulayıram. Bir sıra məsələlərlə bağlı ona xahişlərim olub. Problemləri ona deyəndə dərhal reaksiya verərək, uyğun addımlar atır. Salyandakı problemlərlə bağlı ondan nə xahişim olubsa, dərhal yerinə yetirilib. Orada Xıdırlı kəndi var. İnsanlar sözün həqiqi mənasında suya görə olmazın zülmü çəkirdilər. Bununla bağlı Artur müəllimin yanına getdim. Onun tapşırığından sonra ora müasir texnologiyalı ən yüksək su xətti çəkildi. Bu gün həmin kənd su problemi yaşamır. Artur müəllimlə bağlı xırda bir misal çəkdim. Bütün millət vəkillərinin xahişinə o, çox həssaslıqla yanaşır. Onun üçün xalqa, dövlətə xidmətdən ali heç nə yoxdur. Bunu tam məsuliyyətlə deyirəm. Arzu edirəm ki, o yüz il yaşasın”.
 
Deputat baş nazirin Davudoğlundan üstün siyasətçi olduğunu söylədi: “Davudoğlu ilə Artur müəllimin müqayisəsini qüsurlu hesab edirəm. Təbii ki, Davudoğlu qardaş ölkənin baş naziridir. O da üzərinə düşən vəzifələri uğurla yerinə yetirir. Türkiyə dövlətinə əhəmiyyətli töhfələr verir. Açığı, Artur Rasi-zadəni Davudoğlundan daha yuxarı dövlət məmuru hesab edirəm. Çünki ən çətin məqamlarda, xoşagəlməz vaxtlarda, ulu öndərimizin səhhətində problemlər yaşandığı zamanlarda Artur müəllim Azərbaycan dövlətinə öz xidmətlərini göstərdi. O, ambisiyasız adamdır. Görmüş olduğu işləri heç vaxt təqdim etməyə icazə vermir. Dünyanın müxtəlif dövlətlərinin rəhbərliyində təmsil olunan şəxslərin onunla görüşləri keçirilir, amma o, heç vaxt bu görüşlərin televiziyalarda işıqlandırılmasına razı olmur. Bu insan çox təvazökardır. Dövlət qarşısında xidmət göstərməyi özünə şərəf bilir.
Bütün məmurlarımız dövlətə xidməti şərəfləri bilsəydilər, heç bir problem olmazdı. Bir neçə müddət bundan əvvəl MTN naziri xoşagəlməz durum yaratdı. Ondan qabaq ayrı-ayrı nazirlərin ambisiyaları problemlər yaratdı. Bu məmurlar silahlı toqquşmaya belə hazır şəxslər idi. Bunlarla müqayisədə Artur müəllim özünə hörmət edən nəcib bir insandır. Unutmaq olmaz ki, o, hər birimizin şlyapamızı çıxarıb, ruhu qarşısında baş əyəcəyimiz Hüseyn Cavidin qardaşı oğludur”.

 






Fikirlər