İqtidar deputatları niyə Rusiyanı yox, Qərbi vururlar?

İqtidar deputatları niyə Rusiyanı yox, Qərbi vururlar?

Bəxtiyar Sadıqov: “Rusiya ilə münasibətlərini düzgün qurmayan keçmiş SSRİ dövlətlərinin hansı acıları yaşadıqlarını gördük”

 

Son vaxtlar iqtidaryönlü deputatların Qərbə hücumlarının artdığı müşahidə olunur. Maraqlıdır ki, Rusiya bu hücumlardan yenə də kənardadır, əksinə, bəzi hakimiyyət mənsubları tərəfindən ciddi şəkildə müdafiə olunur. 
Şimal qonşumuzun ölkəmiz əleyhinə fəaliyyət göstərdiyi, Ermənistana dəstəyini artırdığı dönəmlərdə belə iqtidar mənsubları onun əleyhinə danışmayıblar, ən yaxşı halda ehtiyatlı açıqlamalar veriblər. ABŞ və digər Avropa dövlətlərinə münasibətdə isə bunun şahidi olmuruq. Qərbə münasibətdə isə birmənalı şəkildə iqtidaryönlü deputatlar mənfi münasibət bildirir, ən sərt fikirləri belə səsləndirməkdən çəkinmirlər. 
Torpaqlarımızı işğal edən Ermənistanın birbaşa havadarı olan Rusiyanın iqtidar deputatlarının tənqidinə tuş gəlməməsi neçə izah oluna bilər?
YAP-çı deputat, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov Rusiyanın qonşu ölkə olduğunu qeyd etdi: “Rusiya nəhəng bir dövlətdir. Eyni zamanda orada çoxsaylı azərbaycanlılar yaşayır. Rusiya ilə bizim strateji əməkdaşlığımız var. Bu elə bir gerçəklikdir ki, bunu unutmaq və danmaq olmaz. Rusiya ilə münasibətlərini düzgün qurmayan keçmiş SSRİ dövlətlərinin hansı acıları yaşadıqlarını gördük. Amma Azərbaycan-Rusiya münasibətləri yüksələn xətlə inkişaf edir. Ən azından Rusiya ölkəmizin siyasi cəhətdən fəaliyyətini qiymətləndirəndə qərəzə yol vermir, daha çox obyektiv olur, amma Qərb əksini edir. Son bir məsələyə diqqət edək: cənab prezident Avropa Parlamentinin nümayəndələri ilə görüşündə onların qəbul etdiyi qətnaməni bir-bir şərh etdi. Sənədin necə qərəzli olduğunu, informasiyaların doğru olmadığını bir-bir faktlarla sübut etdi. Biz nə iş görürüksə, Qərbin bizə münasibəti daim qeyri-obyektiv olur. Azərbaycanda ”beşinci kolon"un üzvləri hansı informasiyanı verirsə, məlumat sərf edir deyə, yoxlamadan, onun əsasında həqiqətə uyğun gəlməyən rəylər söyləyirlər. 
Sanki əllərinə düşən bəhanəni boşa vermək istəmirlər. Bütün bunlar Azərbaycan vətəndaşlarını, millət vəkillərini qıcıqlandırır. Ölkəmiz bu qədər irəliyə gedir, demokratiyanın dərinləşdirilməsi, dünyaya inteqrasiya sahəsində, mətbuat və söz azadlığının qorunması istiqamətində inkişaf açıq şəkildə görünür, amma bir dəfə də olsun, bunu dilə gətirmirlər. Yalnız nöqsan axtarmağa çalışırlar. Daim deyirlər ki, Azərbaycanda siyasi dustaq var. Əgər bir insan nə zamansa hüquq müdafiəçisi, jurnalist olubsa, amma sonradan cinayət əməli törədirsə, niyə bu şəxsin peşəsinə görə onu dərhal siyasi məhbus hesab edirsiniz? Onun əməlini araşdırmaq lazımdır. Təəssüflər olsun ki, siyasi məhbus deyəndə onlar Şahbaz və Dilqəmi bir dəfə də dillərinə gətirmirlər. Ermənlərin onları dədə-babalarının qəbirlərini ziyarət etməyə gedəndə tutub, başlarına hansı müsibətləri açdığı, hansı şəraitdə saxlanıldıqları məlumdur. Obyektivsinizsə, bu siyasi məhbusların adlarını çəkəndə, niyə onları da çəkmirsiniz? 
Bizə münasibət necədirsə, hansı standartlardan yanaşırlarsa, biz də ona uyğun şəkildə adekvat reaksiya veririk. Rusiyanın bizdəki siyasi proseslərə münasibəti başqadır, gerçəkliyə daha çox yaxındır. Ölkəmizdə referendum keçirildi, Rusiyadan müşahidəçilər gəlib. Nə görsələr, onu da deyəcəklər. Amma Venesiya Komissiyası tələm-tələsik mənfi rəy verir. Bu nə tələskənlikdir?! Konstitusiyada hansı dəyişikliklər olacaqsa, onu xalq həll edir. Bu nə qabaqdan gəlmişlikdir? Biz daim qərəzli yanaşma, ikili standartlar, dəqiq məlumat olmadan ölkəmiz əleyhinə mənfi rəylərin verildiyini görürük. Bunları insan istər-istəməz qəbul edə bilmir. Bir vaxtlar demokratiya məkanı kimi baxdığımız Qərb, bu gün görürük ki, öz maraqlarını güdür, hələ də Azərbaycan kimi dövlətlərə ikili standartlardan yanaşır. Ona görə öz etirazımızı bildirib, reaksiyamızı veririk".

 






Fikirlər