“Zərdüşt Əlizadə, Araz Əlizadə kimi milli satqınlar...”

“17 noyabr 1988-ci ildə keçmiş Lenin meydanında baş tutmuş mitinq təbii ki, birdən-birə olmadı. Ermənistanın Azərbaycana torpaq iddiası, təcavüzü ilə bağlı bundan əvvəl də dəfələrlə tədbirlər keçirmişdik.

Oktyabrın 2-də də mitinq təyin etmişdik. Sadəcə hüquq-mühafizə orqanları mitinqin baş tutmasına imkan vermədi. 17 noyabr isə Azərbaycan tarixində, bir millətin tarixində yüz, min ildən bir baş verəcək fenomenal hadisədir”. 

Bunu Moderator.az-a açıqlamasında Milli Azadlıq Hərəkatının liderlərindən biri, Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı bildirib. 

Nemət Pəhanlı sözlərinə görə, millət 18 gün gecə-gündüz bütün varlığı ilə meydanda olub ki, bu da unikal bir addım kimi qiymətləndirilməlidir: “17 noyabrdan qabaq da mitinqlər keçirilib, 17 noyabrdan sonra da. Ancaq onların heç biri 17 noyabr mitinqi kimi əzəmətli, möhtəşəm olmayıb. Bütün Azərbaycanı yumruq kimi özündə birləşdirən ikinci belə gün olmayıb. Məhz bu gün sayəsində qul psixologiyasından xilas olduq, Sovet imperiyasının köləliyindən qurtulduq. Lenin meydanının adı dəyişdi, ora Azadlıq meydanı adı qoyuldu. Milli azadlığımızın təməl daşı məhz 17 noyabrda qoyuldu. Bu mitinqdən sonra meydan elə bir formada milləti köklədi ki, ondan sonra Sovet imperiyası bütün güc sturukturlarını, təxribat mexanizmini işə saldı. İstədilər ki, o mübarizəni dayandırsınlar, söndürsünlər, bacarmadılar. Bunun kulminasiya nöqtəsi 20 yanvar idi. Azərbaycan xalqını qan içində boğmaq istədilər, bacarmadılar. Bu gün müstəqilliyimizin əsası həmin gün qoyuldu”. 

Nemət Pənahlı meydanda çox əziyyəti olan adamlar haqqında da danışıb: “Məhəməd Hatəmi Cənubdan gəlmişdi, onun çox böyük xidmətləri olub. İsfəndiyar Coşqun vardı, gözəl şair idi. Doğrudur, xalq onu tanımır, xalqımız şair işləyənləri tanıyır. İran İslam İnqilabının iştirakçısı olmuş fədailər vardı. Məhz həmin hadisələrin, o dirçəlişin sayəsində Azərbaycan ilin milləti elan edildi. Dünyanın ən mübariz, mütəşəkkil xalqı elan olundu. UNECO tərəfindən. O ocağı söndürə bilmədilər”. 

Milli Dövlətçilik Partiyasının sədrinin sözlərinə görə, indiki nəsil o dövrü, o hadisələri tam şəkildə anlaya bilməz: “Bütün ordu, polis, başqa dövlət strukturları bütün gücünü qoymuşdu ki, o meydanı dağıtsın, məhv eləsin. Milli Azadlıq Hərəkatını beşiyində boğsun. Elə bir üsul, metod, elə bir təxribat yox idi ki, ona əl atmasınlar. Ancaq heç nəyə nail olmalıdlar. O vaxt elə təkcə Bakıda 750 mindən çox erməni vardı. Ermənilər də bütün təxribatlara əl atırdılar ki, xalqı qan içində boğsunlar. Amma heç bir təxribat bunun qarşısını ala bilmədi. Sovetin hərəkatın içinə yerləşdirdiyi agentura da axırda məcbur qaldı azadlıqdan danışmağa. Özlərini istiqlal tərəfdarı kimi göstərməyə başladılar. İndiki nəsil tam mənada o hadisələri başa düşə, anlaya bilməz”. 

Nemət Pənahlı başqa maraqlı məqamlara da toxunub: “O dövrün rəsmi hakimiyyəti-din xadimi, incənət xadimi, ədəbiyyat adamlarının mövqeyi belə idi ki, biz Moskvaya nə qədər yaltaqlansaq, Moskvaya nə qədər qul və kölə olduğumuzu sübut etsək, o qədər Moskva Dağlıq Qarabağ məsələsini Azərbaycanın leyhinə həll edəcək. Amma mən elan elədim ki, bu gündən bura Azadlıq meydanıdır və bizim başımıza gələn bütün müsibətlərin, bəlaların baiskarı rus imperiyasıdır. Yəni biz bütün çılpaqlığı ilə millətə bunu aşıladıq. Millətdə özünə güvən yaratdıq. O xadimlər ki, adını çəkdim, deyirdilər, rusa qarşı çıxmaq olmaz, Azərbaycanı yer üzündən silərlər. Azərbaycan heç vaxt müstəqil yaşaya bilməz. Biz isə çalışdıq onu sübut edək ki, Azərbaycan rusa qarşı çıxa da bilər, mübarizə apara bilər, müstəqilliyə nail ola da bilər. Həyat da göstərdi ki, bizim tutduğumuz xətt ən doğru, düzgün xəttdir. Həmin dövrdə yenidənqurma uğrunda mübarizə aparanlar, SSRİ-nin tərkibində suveren haqlarımızı müdafiə edənlər milli azadlıq xəttini vurmaq məqsədilə bu yolu seçmişdilər. Həyat da sübut elədi ki, onların dedikləri cəfəngiyatdır, imperiyanın tərkibində hansısa müstəqillikdən söhbət gedə bilməz. O dövrdə o yolu tutanların əksəriyyəti sovet imperalizminə xidmət edirdi. Elələri də vardı ki, qorxurdu, heç cür anlamırdı ki, rus imperiyasına qarşı mübarizə aparmaq olar. Hətta milli, vətənpərvər insanlar da qorxurdular. Təsəvvür edə bilmirdilər müstəqilliyimizi”. 

 Milli Dövlətçilik Partiyasının sədri deyir ki, o dövrdə təkcə müstəqllik uğrunda mübarizə aparanlar yox, milli satqınlar da meydanda olub: “Meydana rəhbərlik edənlər mən idim, Məhəmməd Hatəmi, Sabir Rüstəmxanlı idi. Eyni zamanda hərəkatın nüvəsində “Çənlibel”, “Yurd”, “Karvan”, “Oğuz” kimi birliklər dayanırdı. Zərdüşt Əlizadə, Araz Əlizadə kimi milli satqınların komandası isə müstəqilliyə qarşı idi. Bu gün elə təəssürat yaradılar ki, erməni Azərbaycana qalib gəlib. Ancaq elə deyil. Bu fikir cəfənfiyatdır, qəti şəkildə doğru deyil. Erməni, rus məhz Azərbaycan kommunistlərinin Vətəninə, millətinə etdiyi xəyanət nəticəsində bizə qalib gəlib. Həmin dövrün polisi, KQB-si, siyasi hakimiyyəti xalqın əl-qolunu bağlayırdılar. Təsəvvür edin, Dağlıq Qarabağ hadisələrinə erməni kommunistləri rəhbərlik edirdi, erməni dövləti, siyasi hakimiyyəti faktiki olaraq bütün xalqı birləşdirib Dağlıq Qarabağın işğalına yönəltmişdi. Bizdə isə başda Vəzirov olmaqla milli satqınlar xalqın ov tüfəngini yığır, əl-qolunu bağlayırdılar. Mübarizə aparan insanları həbs edib türmələrə doldururdular. Bütün variantlara əl atırdılar ki, xalqın əl-qolunu bağlasınlar. Erməni polisi gəlib Azərbaycanda ov silahlarını yığmırdı ki?! Erməni polisi milli azadlıq uğrunda mübarizə aparan insanları həbs etmirdi ki? Erməni hakimiyyəti bunları məhz Azərbaycan hakimiyyətinin əli ilə edirdi”. 

 

Nemət Pənahlı deyib ki, o vaxt Qərbi Azərbaycandan köçürülən həmyerlilərimizi Qarabağa yerləşdiriblər, ancaq hakimiyyət onları oradan köçürüb: “Qərbi Azərbaycandan gələn həmyerlilərimizin əsas tələbi bu idi ki, bizi Dağlıq Qarabağa yerləşdirin, biz özümüz ermənini ordan qovub çıxaracağıq. Biz qaçqınları Qarabağa yerləşdirirdik,  Azərbaycan polisi, KQB-si siyasi hakimiyyətin göstərişi ilə gecə ilə onları ordan çıxardıb Bakıya gətirirdilər. Mənim zərrəcə şübhəm yoxdur ki, Azərbaycan hakimiyyəti Qərbi Azərbaycandan gələn qaçqınların Dağlıq Qarabağa yerləşdirilməsinə imkan versəydi, bu məsələ həmin vaxt həll ediləcəkdi. Yəni ən böyük xəyanətkar başda Vəzirov olmaqla onun komandası və müxtəlif don altında-liberal, demokrat donu altında xalq hərəkatına yerləşdirilmiş agenturadır. Bunun nəticəsində biz uduzduq. Hakimiyyətin xəyanəti olmasaydı, 100 il də qalsa ermənilər qalib gələ, Azərbaycan torpaqları işğal edilə bilməzdi”.






Fikirlər