Hərbi ekspertdən Qarabağ HƏYƏCANI- Xeyrimizə olmayan çirkin və naxələf PROSESLƏR

Hərbi ekspertdən Qarabağ HƏYƏCANI- Xeyrimizə olmayan çirkin və naxələf proseslər

Qarabağla bağlı xeyrimizə olmayan çox çirkin və naxələf proseslər

Əziz dostlar! Hörmətli həmkarlar!
Yəqin ki, Fransa prezidenti Fransua Ollandın Fransadakı ermənilərin Əlaqələndirmə Şurasının üzvləri ilə görüşdə səsləndirdiyi bəzi fikirlərlə çoxunuz tanışsınız. Sırf erməni marağından çıxış edən Fransa rəhbəri, öz Rusiyalı qardaşlarının Qarabağla bağlı səsləndirdiyi əndrabadi fikirlərdən də daha əcaib, daha üzücü bir mövqe ortalığa qoyub. Onsuz da bu günədək Fransanın qatı ermənipərəst olduğunu bilirdik və görürdük. Amma daha bu qədər açıq-saçıq, Azərbaycanın beynəlxalq hüquqla tanınan ərazi bütövlüyünə və suverenliyinə bu şəkildə açıq hörmətsizlik məncə hamımızı ciddi-ciddi düşündürməli, narahat etməlidir. 
Erməni təcavüzü haqda bir kəlmə danışmayan bu adı siyasətçi, əməli isə separatçıları dəstəkləyən Olandın söylədiyi fikrə görə Fransanın Azərbaycandakı səfiri günü sabah Azərbaycanın Xarici İşlər Nazirliyinə çağırılmalı və ondan rəsmi izahat alınmalıdır. Dağlıq Qarabağ münaqişəsinin həlli barədə üzərində ATƏT-in Minsk qrupu çərçivəsində öhdəlik götürən ikinci bir həmsədr ölkə də, faktiki olaraq separatçılara dolayısı da olsa açıq dəstək nümayış etdirib. Fransa prezidenti tərəfindən səsləndirilən sözlər heç bir şəkildə beynəlxalq hüquq normalarına sığışmır və Azərbaycana qarşı hörmətsizlikdir. Mən başa düşürəm ki, biz sabah bu məsələnin üstünə necə lazımdırsa getsək, ermənipərəst ruslar və fransuzlar az qala "şalvarlarını başlarına çəkəcəklər" ki, guya biz onların fikrini düzgün başa düşməmişik. Xeyr cənablar, tovarişlər və müsyolar! Biz sizin natəmiz niyyət güdən sözlərinizi də, məqsədlərinizi də gözəl anlayırıq.
Xatırlayırsınızsa, Rusiya xarici işlər naziri erməni Sergey Lavrov Qarabağla bağlı başından yekə danışanda mən və bir çox dostlarımız təkid və tələb edirdik ki, həm Amerika, həm də Fransa həmsədr ölkə kimi Lavrovun söylədiklərinə münasibət açıqlasınlar. Amma, bizimkilər faktiki susdular və buyurun, davamı gəldi və gəlməkdə davam edəcək. Özü də bizim əsla xeyrimizə olmayan tərzdə. Siz bir azdan Amerikanın dəliqanlı, ağlına və ağzına nə gəldi danışan təsiri bağışlayan Donal Trampdan da Qarabağla bağlı bizim ziyanımıza olan fikirlər eşitsəniz, əsla təəccüblənməyin. Olacaq, inanın ki, olacaq. Ona görə də, F. Ollandın ermənilərin öz müqəddəratını təyin etmək hüququnun olması ilə bağlı dediyi fikirlər sizə adi sözlər təsiri bağışlamamalıdır. 
Deməli, Putin, Oland və bu yaxınlarda Ağ Evi tərk edən Obama belə razılaşıblar ki, onlar ardıcıl və metodoloji formada Qarabağın tədricən Azərbaycandan
 
uzaqlaşdırılması, qoparılması ilə bağlı fikirlər söyləsinlər və bu proses yavaş-yavaş işə düşüb. Mən dəfələrlə demişəm ki, Qarabağla bağlı xeyrimizə olmayan çox çirkin və naxələf proseslər gedir. Ölkə başçısı da bu haqda Nazirlər Kabinetinin ötən il keçirilən iclaslarından birində açıq şəkildə bəyan etmişdi ki, bağlı qapılar arxasında keçirilən görüşlər zamanı bir çox söz sahibi olan dünya dövlətlərinin rəhbər şəxsləri Azərbaycanı faktiki Qarabağdan əlini üzməyə çağırışlar edirlər. Azərbaycan kiçik ölkədir. Bu gün dünyada hər şeyi güc və digər amillər həll edir. Ona görə də, hesab edirəm ki, biz tez bir zamanda istər diplomatik yolla olsun, istərsə də hərbi yolla, Qarabağla bağlı çox düşünülmüş bə ağıllı addımlar atmalıyıq. Belə olmazsa, vay halımıza. Özünü guya dərin siyasi biliyə malik kimi göstərmək istəyən olandlar, lavrovlar, putinlər nədən başa düşmürlər ki, bu gün dünyada 5000-dən çox xalq var və bu xalqlardan cəmi hardasa 202-si öz müqəddəratını təyin edib, öz dövlətini yaradıb. 
 Əgər Qarabağla bağlı Azərbaycanın BMT çərçivəsində qanuni beynəlxalq hüquqları qorunmayacaqsa, sizi inandırım ki, xalqların öz müqəddaratını təyin etmə prosesinin acı nəticələrini ilk növbədə Rusiyanın özü, ardınca da Fransa və digər dövlətləri hiss edəcəklər. 
Tanrı Azərbaycanımızı haqsızlıqlardan qorusun. Qarabağımızın başının üstündən günü-gündən daha da qalınlaşan "qara bulud"ları tez bir zamanda uzaqlaşdırmağa bizə güc və təpər versin.
Üzeyir Cəfərov
hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant






Fikirlər