Sərdar Cəlaloğlu: “Onlar öz maraqları naminə RƏSULZADƏNİN nüfuzuna ZƏRBƏ vururlar”

2018-ci il ölkə prezidenti tərəfindən “Azərbaycan Xalq Cümhuriyyəti ili” olunub. 1918-ci ildə Məhəmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyəti türk və islam dünyasında ilk parlamentli respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi.

Bu gün ölkəmizdə fəaliyyət göstərən bəzi partiyalar Rəsulzadə irsinin davamçısı olduğunu iddia edirlər. Bəs görəsən onlar həqiqətən də Rəsulzadə irsinin davamçısıdırmı?

Məsələ ilə bağlı Modern.az-a danışan Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib ki, bir lider bir xalqın, bir millətin lideri olduqda, bir millət onun davamçısı olduqda o həqiqətən də milli lider ola bilər.

 “Bu gün Türkiyənin hər bir vətəndaşı özünü hansı partiyada üzv olmasından asılı olmayaraq, Atatürkün davamçısı hesab edir. Hindistanlılar isə özlərini Mahatma Qandinin davamçısı hesab edirlər. Bundan belə nəticə çıxır ki, özlərini Məhəmməd Əmin Rəsulzadənin davamçısı kimi təqdim etmək Rəsulzadəni milli lider olmaqdan çıxarır. O baxımdan bəzi qrupların öz maraqları uğruna tarixi liderləri özəlləşdirməsi yanlışdır. Məhəmməd Əmin Rəsulzadənin ideyaları Azərbaycan dövlətinin bayrağında öz əksini tapıb. Onun siyasi irsi bu gün bütün Azərbaycan cəmiyyəti tərəfindən mənimsənilib. Ona görə də əslinə baxanda, bu gün müstəqil və suveren Azərbaycan dövlətinin hər bir vətəndaşı Məhəmməd Əminin davamçısıdır, nəinki hansısa bir partiya, hansısa şəxslər.  Bu baxımdan mən belə düşünürəm ki, bəzi yoldaşlar ümummilli liderin nə olduğunu, davamçılığın nə olduğunu bilmədiyinə görə, öz maraqları baxımından hətta tarixi şəxslərin nüfuzlarına ciddi zərbə vururlar”.

AzerTaym.az 






Fikirlər