“AZƏRBAYCANA təzyiqlər həmişə OLACAQ, ÇÜNKİ...”

Elçin Mirzəbəyli: “Qərb, xüsusilə ABŞ postsovet məkanında mövqeyini və çəkisini çoxdan itirib...”

 

Azərbaycana qarşı AŞ PA-da və digər bəzi Qərb institutlarında gözdən salma kampaniyasının səbəblərindən biri kimi Azərbaycanın Qərbin qonşu dövlətlərlə bağlı apardığı kampaniyaların, sanksiyaların heç birinə qoşulmaması, öz ərazisindən bu və ya digər ölkəyə qarşı platsdarm kimi istifadə edilməsinə imkan verməməsi göstərilir. Hətta bunu prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov da bu günlərdə sosial şəbəkədəki statusunda xüsusi olaraq qeyd edib.

 

 

Əli Həsənov ile ilgili görsel sonucu

Əli Həsənov bildirib ki, Azərbaycan indi də Qərbin o cür layihələrində iştirak etmir: “Azərbaycanın öz milli sərvətlərinə sahib çıxması, güclənməsi və beynəlxalq aktyora çevrilməsi həmin dairələri məmnun etmir. Artıq daxildəki ”5-ci kolon" vasitəsilə iğtişaşlar təşkil etmək, qarışıqlıq salmaq və Azərbaycanı fakt qarşısında qoymaq, onu güzəştə məcbur etmək mümkün deyil. Azərbaycan Qərbin qonşu dövlətlərlə bağlı apardığı kampaniyaların, sanksiyaların heç birinə qoşulmur, öz ərazisindən bu və ya digər ölkəyə qarşı platsdarm kimi istifadə edilməsinə imkan vermir. Azərbaycan 1990-cı illərin “demokratiya dalğası”nı onun vasitəsilə cənuba və Mərkəzi Asiyaya ixrac təşəbbüslərinə də müsbət yanaşmamışdı, bu gün də Böyük Yaxın Şərq, yeni “şiə hilalı” kimi proyektlərdə də yer almır, dost Rusiya, İran və Türkiyə xalqları əleyhinə heç bir sazişdə iştirak etmir. Hərçənd bununla bağlı yetərincə təşviq, təhrik və təzyiqlər olub və davam edir.

Azərbaycan xarici siyasət kursunu müstəqil şəkildə, öz milli maraqlarına uyğun müəyyənləşdirib həyata keçirir, beynəlxalq təşkilatların tribunalarında xalqın mövqeyi ifadə olunur. Bir sözlə, əhalisinin sayı 10 milyona çatmamış bir ölkə dünyanın hegemon qüvvələrinin təzyiqləri qarşısında dirəniş göstərir, öz xəttini yürüdür və beynəlxalq aləmdə etibarlı tərəfdaş, güvənilə bilən müttəfiq kimi böyük nüfuz və hörmət qazanıb".

Bəs Azərbaycanın bu şəkildə müstəqil siyasət aparmaqda davam etməsi anti-Azərbaycan kampaniyasının, təzyiqlərin qarşıdakı zamanda da davam edəcəyi deməkdirmi?

Politoloq Elçin Mirzəbəyli ile ilgili görsel sonucu

Politoloq Elçin Mirzəbəyli “Yeni Müsavat”a anti-Azərbaycan kampaniyasının səbəblərinin müxtəlif olduğunu dedi:“Onlardan biri də Azərbaycanın təkcə qonşu ölkələrə qarşı deyil, bütövlükdə ayrı-ayrı güc mərkəzlərinin maraqlarından qaynaqlanan kampaniyalarda iştirak etməməsidir. Azərbaycan Rusiyanın da apardığı kampaniyalarda iştirak etmir, Ukraynanın, Gürcüstanın, Moldovanın ərazi bütövlüyünə dəstək verir, separatizmə, terrorizmə qarşı ən kəskin mövqedən çıxış edir, bütün proseslərə beynəlxalq hüququn prinsiplərindən çıxış edərək yanaşır. Ən doğrusu da elə budur. Qərb, xüsusilə də ABŞ postsovet məkanındakı mövqeyini və çəkisini çoxdan itirib. SSRİ dağıldıqdan sonra imperiyanın çaynağından yenicə qurtulan dövlətlər öz müstəqilliklərini qorumaq, təhlükəsizliklərini təmin etmək üçün real alternativlər axtarırdılar. Rusiyanın təsir imkanlarının yetərincə olmaması postsovet məkanında ciddi boşluqlar yaratmışdı. Müstəqilliklərini yenicə əldə etmiş ölkələr Rusiya təhlükəsi qarşısında Qərbdən real dəstək gözləyirdilər, amma bu dəstəyi almadılar. Əksinə, ABŞ və müttəfiqləri Rusiyanın öz enerji resurslarını Avropa və dünya bazarına çıxarmasına, güclənməsinə və postsovet məkanına təsir imkanlarını artırmasına real şərait yaratdılar. İndi isə istəyirlər ki, öz müstəqilliklərini çox böyük çətinliklərlə qoruyan, dövlət kimi formalaşan ölkələr onların Rusiya və İrana münasibətdə dəyişən maraqlarından qaynaqlanan oyunlarında iştirak etsinlər, təhlükəsizliklərinə heç bir təminat olmadan özlərini ciddi zərbə qarşısında qoysunlar. Biz Ukraynanın timsalında Qərb dövlətlərinin Budapeşt anlaşmasından irəli gələn öhdəliklərinə necə əməl etmədiyinin şahidi olduq. Anlaşma tərəflərindən biri digərinin ərazisini işğal etdi, digər iki tərəf - ABŞ və Britaniya isə bəyanatlarla öz işlərini bitmiş hesab etdilər. Bütün bunlar nəticə çıxarmaq üçün yetərli məqamlardır”.

Politoloqun sözlərinə görə, Azərbaycan Qərbin sanksiyalarında ona görə iştirak etmir ki, bu sanksiyaların tətbiqi mexanizmləri beynəlxalq hüququn prinsiplərinə söykənmir: “Dünyada yalnız BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının qəbul etdiyi sənədlər beynəlxalq hüquqi sənəd statusu daşıyır. İndiki halda Rusiyaya qarşı sanksiyaların beynəlxalq hüquqi statusu yoxdur. Bu sanksiyalar barədə qərar ABŞ və müttəfiqləri tərəfindən qəbul olunub, bu sanksiyalarla bağlı beynəlxalq konsensus yoxdur. İrana münasibətdə isə biz ABŞ-ın mövqeyinin necə sürətlə dəyişdiyinin şahidi olmuşuq. Obama İranla saziş imzaladı və hətta buna görə Nobel mükafatı aldı. İndi isə Tramp Koreya problemini guya həll etməklə Nobel mükafatı almaq istəyir, İrana qarşı isə ritorikanı gücləndirir. Bir neçə ildən sonra ABŞ-da siyasi hakimiyyət dəyişə, misal üçün, prezident Cekson Trampın siyasətinin üzərindən xətt çəkə bilər. Biz müstəqilliyimizi ABŞ prezidentlərinin Nobel mükafatı alması üçün əldə etməmişik. Azərbaycana qarşı təzyiqlərə gəldikdə isə, biz illərdir ki, bu prosesin davam etdiyini görürük. Azərbaycana qarşı nə vaxt təzyiq olmayıb ki? Təzyiq olub və olacaq. Qərbin Azərbaycandan hansısa gözləntilərinə o zaman adekvat cavab vermək olardı ki, ”qoca qitə" və onun okeanın o tayındakı dirijoru ölkəmizin ərazi bütövlüyü ilə bağlı birmənalı mövqe nümayiş etdirərdilər. Azərbaycanın ərazilərini işğal etdiyinə görə Ermənistana və onun hərbi-siyasi müttəfiqi olan Rusiyaya da sanksiya tətbiq edəydilər. Amma bu, baş verməyib, əksinə, işğalçıya hərtərəfli dəstək verilib".

E.Mirzəbəyli vurğuladı ki, regionda çox önəmli proseslər baş verir və biz bu proseslərdən öz maraqlarımızı təmin etmək üçün maksimum faydalanmalıyıq: “Nə qədər çətin olsa da, qonşu dövlətlərlə münasibətləri qoruyub saxlamaq və inkişaf etdirmək lazımdır. Bu siyasət bir gün öz bəhrəsini mütləq verəcək”.






Fikirlər