DEPUTATLARIN BİTMƏYƏN MAAŞ DƏRDİNƏ fərqli reaksiyalar – “BELƏ OLSA, RÜŞVƏTƏ…”

milli-meclis-4

Milli Məclisdə plenar iclaslardan sonra cəmiyyətdə ən çox müzakirə olunan məsələlərdən biri deputatların maaş artımı ilə bağlı məsələ qaldırmasıdır. Xüsusilə son 1 ildə bu barədə parlamentdəki çıxışların sayı xeyli artıb. Hər büdcə müzakirəsi zamanı deputatlardan bəziləri maaş azlığından şikayət edir və artımını istəyirlər. Bu çıxışıların nəticəsi olaraq may ayında qanuna dəyişiklik edildi və millət vəkillərinin maaşı qaldırıldı. Lakin maaş tələbinin ardı-arası kəsilmir.

Bir neçə həftə əvvəl büdcə müzakirələri zamanı deputat Qüdrət Həsənquliyevin ev məsələsini qaldırması isə kulminasiya nöqtəsi idi. O, Milli Məclis üzvlərinin ev almağa maaşlarının çatmadığını, bunun üçün dövlətin onlara ev verməli olduğunu dedi və bununla da tənqid atəşinə tutuldu.

Deputatların maaşı həqiqətənmi azdır?

BakuPost məsələ ilə bağlı iqtisadçı-ekspert Samir Əliyevin fikirlərini öyrənib. S. Əliyev deyib ki, deputatlar Azərbaycanda yüksək maaş alan kateqoriyadadırlar: “Hər bir şəxs yüksək maaş almaq istəyir və maaşının artırılmasına çalışır. Amma etiraf etməliyik ki, bu gün millət vəkillərinin maaşı ölkədə ən yüksək maaşlardan biridir. Onlar dövri olaraq qanunlar qəbul edir və əlbəttə ki, onların maaşlarının yüksək olmasına heç kim etiraz etmir. Amma gəlin görək ölkədə digər sahələrdə maaşlar hansı səviyyədədir? Bu gün orta əmək haqqı 530-540 manat civarındadır. Nəzərə almaq lazımdır ki, mütləq əksəriyyətin maaşı bu gün 200-300 manatdır. Çoxunun maaşı 400 manatı keçmir. Orta əmək haqqının o səviyyədə olmasının əsas səbəbi, əlbəttə, neft sektoru, bank sektoru və digər sahələrdir. Əmək haqlarında böyük uçurum var. Bu səbəbdən də düşünürəm ki, deputatların xüsusi imtiyaz əldə etmələri indiki zamanda bir o qədər də məqbul deyil. Kimlərinsə maaşının arıtılmasına, rifahının yaxşılaşdırılmasına etiraz etmirəm. Amma nəzərə alaq ki, özəl sektordan fərqli olaraq deputatlar dövlət büdcəsi və vergi ödəyicilərinin hesabına maaş alır”.

İqtisadçı deputatların maaşdan başqa əlavə gəlir yerlərinin olduğunu xatırladıb:“Deputatların əksəriyyəti maaşla dolanan şəxslər deyil. Onların bu və ya digər formada biznesi, pedaqoji fəaliyyəti, əlavə gəlir mənbələri var”.

samir e

S. Əliyev ehtiyacı olan millət vəkillərinin xidməti evlərlə təmin edilməsinin daha münasib olduğunu düşünür: “Ev məsələsindən danışırıqsa, xidməti evlərin verilməsi daha münasib olardı. Bildiyim qədərilə xidməti evlər olur, sadəcə deputatların hər birinin öz evi olduğu üçün onlardan istifadə etmirlər.

Bundan başqa, deputat olmaq özünə maddi rifah təmin etmək deyil, xalqa dəstək olmaq, qanunvericiliyi təkmilləşdirmək kimi mənəvi öhdəlikdir. Deputatlar seçiciləri qarşısında belə bir öhdəlik götürüblər”.

Keçmiş millət vəkili, Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev büdcə müzakirələri zamanı qaldırılan məsələnin bu şəkildə reaksiya doğurmasını düzgün hesab etmir: “Belə bir fikir səslənmişdi ki, bəzi qurumların rüsumlar hesabına əldə etdikləri vəsaitlərin bir hissəsi deputatların maaşlarına yönəldilsin, yaxşı olar ki, bu vəsaitlər bütövlükdə büdcəyə köçürülsün. Belə bir fikir səslənmişdi. Bu da bir mövqedir. Söhbət cərimələrdən əldə edilən, xidmət haqqı ilə bağlı vəsaitlərdən gedirsə, bunlar hamısı qanunvericilik tərəfindən müəyyən ediliblər və onlar büdcəyə çatmalıdırlar. Burada ziddiyyətli bir şey görmürəm. Burada əsas məqsəd nə idi, aydın şəkildə görünür”.

elimemmed-nuriyev

Eks-deputat korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinin əsas hissələrindən birinin dövlət qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi olduğunu deyib: “Vəzifəli şəxslərin sosial müdafiəsi güclü olmalıdır. Əgər vəzifəli şəxsin maaşı yaxşı olarsa, onun korrupsiyaya meyilliliyi azalacaq. Bir qurum rəhbəri yüz milyonlarla vəsaitlə bağlı qərar qəbul edir. Əgər onun əmək haqqı yüksək olarsa, şübhəsiz vəsaitlərlə bağlı daha doğru qərar verəcək. Əmək haqqının artması onları korrupsiya sövdələşmələrindən çəkindirə bilər”.

Məlumat üçün bildirək ki, Azərbaycanda parlamentin sədri 3712 manat, sədrin I müavini 3340 manat, Milli Məclis sədrinin müavini 3154 manat, Milli Məclisin komitə sədri 2970 manat, komitə sədrinin müavini 2784 manat, sıravi deputat isə 2598 manat maaş alır.

 






Fikirlər