“Bu hakimiyyət TORPAQLARI VERMƏYƏ hazırlaşır” dedi, dindirməyə çağırıldı

Ermənistanda Nikol Paşinyana qarşı müxalifətdə olan keçmiş xüsusi xidmət rəhbəri, Serj Sərkisyanın Respublika partiyasının seçki siyahısında yer alan David Şahnazaryan Mill Təhlükəsizlik Xidmətinə çağırılıb.

Virtualaz.org erməni mənbələrinə istinadən xəbər verir ki, Şahnazaryanı baş nazirin səlahiyyətlərini icra edən Nikol Paşinyanın Qarabağ məsələsindəki mövqeyi barədə son günlər verdiyi bir sıra açıqlamalara görə dindirilmək üçün çağırıblar.

“Ermənistanın Dağlıq Qarabağın qarantı olduğu və Şahnazaryann bəyanatında mümkün dövlətə xəyanət elementlərinin yer aldığı nəzərə alınaraq onun dedikləri ağır dövləti cinayət barədə xəbərdarlıq kimi nəzərdən keçirilir və cinayət işinin qaldırılması məsələsinə baxılır”-Milli Təhlükəsizlik Xidməti bildirir.

Açıqlamada deyilir ki, David Şahnazaryan ifadə vermək və öz sözlərinə dair sübutlar təqdim etmək üçün çağırılıb.

 

Bundan əvvəl Şahnazaryan bildirmişdi ki, Nikol Paşinyanın hakimiyyətini saxlamaq üçün Qarabağı vermək planı var. Onun iddiasına görə Paşinyan Qarabağın verilməsinə mane ola biləcək qüvvələri sıradan çıxarmaqla məşğuldur. Şahnazaryan hesab edir ki, Nikol Paşinyanla Azərbaycan prezidenti arasında Düşənbədə əldə edilmiş, atəşkəsin qorunmasına və tərəflər arasında operativ əlaqənin yaradılmasına dair razılaşma da Bakıya sərf edir. Çünki Azərbaycan bu anlaşmadan istifadə edərək Naxçıvan istiqamətində yeni mövqelərini daha möhkəmləndirib, habelə Qarabağda təmas xətti boyu süni təpələr tikir. Gələcəkdə həmin təpələrdən istifadə edib hücuma keçmək üçün...

 Qeyd edək ki, Ermənistandakı seçki kampaniyası zamanı siyasi qüvvələr üçün əsas spekulyasiya mövzusu Qarabağdır və respublikaçılar daha çox bu məsələdən istifadə edərək Paşinyana hücum edirlər.






Fikirlər