Əyyaş əmisinə çəkən rəhbər oğlu – DTK Yuri Brejnevi İsveçdə təşkil olunan eyş-işrət şantajından xilas edib

Kreml məmurlarından və işlədiyi kollektivdən başqa onu ətrafda çox az adam tanıyıb. Qalina Brejnevanın səsli-küylü qalmaqalları fonunda o, kölgədə qalıb. Baş katibin oğlu nə atasının siyasətinə, nə anasının evdarlıq işlərinə, nə də bacısının zaman-zaman ailənin imicinə xələl gətirən əməllərinə qarışmayıb.

Yuri Brejnev 1933-cü ildə Dneprodzerjinsk şəhərində anadan olub. Valideynlərinin istəyi ilə həmin şəhərdə Metallurgiya institutunda ali təhsil alıb. Bir müddət yerli zavodlarda mühəndis vəzifəsində işlədikdən sonra Ümumittifaq Xarici Ticarət Akademiyasında təhsilini davam etdirib.

Mühəndislikdən xarici ticarət sahəsinə keçid edən Yuri Brejnev qısa müddətdən sonra SSRİ Xarici Ticarət Nazirliyinin “Yüngülsəneyeixracı” ümumittifaq birliyinə sədr təyin olunub. Bu təyinat da onun öz arzusu ilə olmayıb. Ata Brejnev bu illər ərzində oğlunun bir şəxsiyyət kimi formalaşmadığını hiss edəndə, onun işlərinə müdaxilə etmək qərarına gəlib. Brejnev öz oğlunu siyasət müstəvisində görmək istəyib, öz varisi olmağını arzulayıb. Amma oğul Brejnev atasının arzularını gerçəkləşdirə bilməyib.

Brejnev oğluna uğurlu siyasi karyera qurmaq üçün bütün vasitələrə əl atıb. Artıq sovet mətbuatında tez-tez ata və oğulun birgə şəkilləri çap olunub. Müsbət ictimai rəy yaratmaq üçün oğul Brejnev arabir Kreml tədbirlərində də görünüb. Amma özünün gördüyü işlər atasının bu cəhdlərinin üstündən xətt çəkib. Yuri Brejnev gənc yaşlarından spirtli içkilərə, qadınlara, əyləncələrə meyl göstərib. Baş katibin zəif iradəli və zəif xarakterli oğlu çox sakit və bacardığı qədər gizli şəkildə özünü kef məclislərindən məhrum etməyib. Ancaq o, əyləncələrini nə qədər məxfi saxlasa da, ata Brejnev bundan xəbər tutub və onu qorxudan bir məsələ olub ki, Yurinin bu əyləncələri ictimailəşə bilər. Baş katib təcili tədbirlərə əl atıb. Yuri Brejnev öz mühitindən uzaqlaşdırılaraq İsveçdə Sovet İttifaqının ticarət nümayəndəsi təyin olunub.

İsveçdəki fəaliyyətində də Yuri Brejnev atasının istədiyi və tələb etdiyi kimi ola bilməyib. Bu dəfə öz əyləncələrindən əl çəkməyən Yuri qərbin xüsusi xidmət orqanlarının tələsinə düşüb. Xüsusi orqanı əməkdaşlarının qarşısına Yuri Brejnevin sovet ideologiyasına uyğyn olmayan həyat tərzini dünyaya nümayiş etdirməklə SSRİ-nin nüfuzunu aşağı salmaq vəzifəsi qoyulub. Xüsusi “bal tələsi” adlı əməliyyat hazırlanıb. Əməliyyata görə, Yuri Brejnev İsveçdə yaşadığı mənzildə sərxoş vəziyyətdə bir neçə əxlaqsız qızla qurduğu kef məclisi fotolentə köçürülməli imiş. Məclisə təşrif buyuracaq qızlar da orqan əməkdaşları tərəfindəm təşkil olunubmuş. Bu dəfə isə Yuri Brejnevi DTK sədri Yuri Andropovun agenturası xilas edib. “Bal tələsi” əməliyyatı baş tutmayıb.

Bu hadisədən sonra ata Brejnev təcili olaraq oğlunu Moskvaya qaytarıb.

Yuri Brejnev 1976-cı ildə SSRİ xarici ticarət nazirinin müavini, 1979-cu ildə isə nazirin birinci müavini vəzifəsinə təyin edilib. Bu onun vəzifə karyerasında sonuncu pillə olub.

Bütün cəhdlərə və mümkün imkanlara baxmayaraq, Yuri Brejnev ölkənin siyasi proseslərində fəallıq göstərə bilməyib. Ailədə onu əmisi Yakov Brejnevə bənzədiblər. Brejnevin qardaşı Yakov da içkiyə meylli, qadınlara qarşı son dərəcə maraq göstərən bir şəxs olub. Dəfələrlə alkoqolizm xəstəliyindən müalicə alan Yakov uzun illər mühəndis işləyib. Dneprodzerjinskdə yaşayan Yakov bir şüşə konyaka, yaxud onun üçün açılmış kiçik bir süfrəyə görə dostlarının və qonşularının problemlərini həll edib. Sərxoş olduqdan sonra telefonu götürərək şəhər rəhbərliyinə zəng vurub, Brejnevin qardaşı olduğunu təkrarlayaraq problemlərin həllini tələb edib. Əslində isə hamı onun bu “xeyirxahlığının” 100 qramdan irəli gəldiyini yaxşı bilib.

Ata Brejnevin vəfatından sonra Yuri Brejnev öz vəzifəsində 1986-cı ilə qədər tab gətirə bilib. Andropov və Çernenko silahdaşlarının oğlunu “narahat” etməyiblər. Qorbaçovun hakimiyyətə gəlişindən sonra isə Yuri Brejnevin həyatında qara zolaqlar başlayıb. Qorbaçov Yuri Brejnevi bütün vəzifələrindən azad edərək təqaüdə göndərib. Ən acınacaqlısı isə o olub ki, Yuri Brejnevə fərdi təqaüd kəsilməyib. Bütün bu incikliklərdən depressiyaya düşən Yuri Brejnev içkiyə daha çox aludə olub. Uzun illərdən sonra, nəhayət, 2003-cü ildə Yuri Brejnevin fərdi təqaüd haqqını bərpa ediblər.

Yuri Brejnevin bir çox qadınlarla sevgi münasibətləri olsa da, o, bir dəfə rəsmi nikahda olub. Cütlüyün dünyaya iki oğul övladı gəlib: babasını adını daşıyan Leonid və Andrey.

53 yaşında təqaüdə göndərilən Yuri Brejnev ömrünün sonuna kimi özünü könüllü olaraq cəmiyyətdən təcrid edib. Farfordan it fiqurları kolleksiyası toplayan baş katib oğlu həyat yoldaşını itirdikdən sonra tək yaşayıb və sağlamlığında ciddi problemlər yaranıb.

2013-cü ildə Yuri Brejnev beyin xərçəngi diaqnozu ilə Moskvada xəstəxanaya yerləşdirilib. Onun müalicəsi üçün bütün mümkün tədbirlər görülüb, hətta müalicənin gedişi ilə bəzi Kreml məmurları da ciddi maraqlanıblar. Ancaq həkimlər baş katibin oğlunu xilas edə bilməyiblər.

Yuri Brejnev 3 avqust 2013-cü ildə, 80 yaşında vəfat edib. O, Moskvada Vaqankov qəbirstanlığında dəfn olunub.

İlham Cəmiloğlu, Musavat.com






Fikirlər