Bəylər Əyyubovun qohumları iqtidara üsyan püskürdü

Bəylər Əyyubovun qohumları iqtidara üsyan püskürdüGeneralın yaxınlarını tutdular, özünün isə poqonunu böyütdülər
Ölkə başçısının mühafizə xidmətinin rəhbərinin həbsdəki bacısı oğlu vətəndaşlıqdan imtina bəyanatı verdi; qohumların məhkəmədəki sensasion açıqlamaları hakimiyyətdə şok effekti doğurub
Prezidentin mühafizə xidmətinin rəhbəri, general Bəylər Əyyubovun bacısı oğlu Osman İsayev başda olmaqla, hazırda həbsdə olan Sultan İsayev, Rauf Həsənli və Amil Şirəliyevin Apelyasiya Məhkəməsində həm özlərinin, həm də yaxınlarının verdiyi bəyanatlar ölkə gündəmində bomba kimi partlayıb.

Qeyd edək ki, Xətai Rayon Məhkəməsinin bu il sentyabrın 16-da çıxardığı qərara əsasən O.İsayev və əmisi oğlu S.İsayevin hərəsinə 2 il iş verilib. A. Şirəliyev 2, R. Həsənli isə 3 il 6 ay iş alıb.

Bu şəxslər Cinayət Məcəlləsinin 221.2.1 maddəsilə təqsirli bilinirlər. Bu maddə xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətləri nəzərdə tutur.

Bu həbslərlə bağlı ilk dəfə hələ may ayında “Yeni Müsavat” yazıb. Daha sonra isə bu olayla bağlı təfərrüatları öyrənib oxuculara təqdim etmişdik. Srağagünkü məhkəmə prosesində həbsdəkilərin özlərinin və yaxınlarının bəyanatları yazdıqlarımızı bir daha təsdiqləyib.

Həbsdə olanlardan Rauf Həsənlinin atası Orxan Həsənli isə “Yeni Müsavat”ın müxbirinə açıqlama verərək, hadisənin təfsilatını özlərinə sərf edən təqdimatla açıqlayıb. O deyib ki, gənclərin həbsinə səbəb olan hadisə bu il aprelin 21-də Nobel prospektindəki “AZURE” biznes mərkəzindəki “Opera sky” restoranında baş verib. Burada skandal olub, məkan sahibi ölkənin ikinci iqtidar soyadının daşıyıcısı olduğuna görə onun oğlunu və digərlərini həbs ediblər. O. Həsənov müxbirimizə deyib ki, insidentin olduğu yer Nərgiz Paşayevaya məxsusdur.

Arestantın atası müxbirimizə deyib ki, onun oğlu və dostları günahsızdır, əslində heç kimə heç nə etməyiblər. Lakin digər mənbələrdən gələn xəbərlər bunun tam əksini ortaya qoyur. Məlum olur ki, B. Əyyubovun simsarları həmişəki adətləri üzrə yenə də restoranda kobudluq ediblər, insanlara sataşıblar, kimisə döyüblər. Sadəcə, bu dəfə onların hədəfindəki vətəndaşlar təsadüfən Paşayevlərdən olub. Buna görə də onları əfv etmirlər.
Arestantın atası O. Həsənli müxbirimizə bu məqamı belə izah edib: “Nərgiz Paşayeva (dava olan restoranın sahibi olması iddia edilir- red.) Mehriban xanıma deyib, Mehriban xanım da cənab prezidentə. İlham Əliyev cənabları Bəylər Əyyubovu çağıraraq deyib ki, hadisəni araşdır, həll elə... Olay prezidentə elə təqdim olunub ki, guya bizim uşaqlar orda dava-dalaş salaraq müştəriləri ordan qaçırıblar. Halbuki elə ciddi şey olmayıb”.
Həbs olunanların yaxınları bildiriblər ki, kiçik mübahisəyə görə övladlarından qisas alırlar. Onlar yaxın günlərdə yenidən prezident İlham Əliyevə müraciət edəcəklərini söyləyiblər.
Srağagünkü prosesdə Apelyasiya Məhkəməsi müdafiə tərəfin vəsatətini qəbul etməyərək hökmü qüvvədə saxlayıb.

Qeyd edək ki, hələ bir müddət əvvəl “Yeni Müsavat” bu olayda şikayətçi tərəf kimi təsbit olunan Fuad Abdullayevin kimliyini müəyyənləşdirmişdi. Qəzetimizə bəlli olmuşdu ki, bu şəxs Nərgiz Paşayevanın kürəkənidir. Ortadakı mənzərə budur ki, indi həbsdə olan şəxslər məhz ölkənin birinci xanımının bacısının kürəkəninə qarşı kobudluq ediblər və onu döyüblər.

Orxan Həsənlinin əməkdaşımıza söylədikləri ilə yanaşı srağagünkü məhkəmə prosesində də maraqlı hadisələr baş verib və sensasion bəyanatlar səsləndirilib.

Bəylər Əyyubovun qohumu Rauf Həsənli məhkəmədəki son sözündə Xətai Rayon Məhkəməsinin çıxardığı hökmü ədalətsiz, vicdansız və şərəfsiz adlandırıb. “Azadlıq” qəzetinin məlumatına görə, bu zaman hakim ona xəbərdarlıq edib. R. Həsənli isə çıxışına belə davam edib: “Keçən dəfə siz burda mənim atama irad bildirdiniz. O, siz gələndə ayağa qalxmamışdı. Mənim atam yaşlı və Qarabağda ”kontuziya" alan adamdı. Amma onun ayağa qalxmaması sizi narahat etdi və o cür xırda şey diqqətinizi çəkdi. Bəs nəyə görə siz 9 aydır qarşınızda barmaqlıqlar arxasında günahsız oturan insanlardan narahat olmursunuz?"

R.Həsənli tam günahsız olduğunu bəyan edib. A.Şirəliyev və vəkillər də oxşar çıxışlar ediblər.

Bəylər Əyyubovun qohumları iqtidara üsyan püskürdü

Ən sensasion bəyanatları isə Bəylər Əyyubovun bacısı oğlu Osman İsayev səsləndirib.
Prokurorun hökmün dəyişdirilməməsini hakimdən xahiş etməsi anından başlayaraq hökm oxunana qədər O.İsayev ölkədə hökm sürən ədalətsizlikdən, haqsızlıqdan danışıb.
O, hakimin hər cümləsinə “balalarından görəsən”, “inşallah, sizi də bu gün gözləyir”, “bu haqsızlığa görə tezliklə cəzanızı alacaqsınız” kimi replikalar verib.

O.İsayev məhkəmələri, hakimləri “üzdəniraqlara”, “narkomanlara” göstərmədiyi qəddarlığı günahsız insanlara göstərməkdə suçlayıb: “Bizi niyə tutursunuz axı? Nə etmişik? Cinayət etsəm, həbsdə olsam, bir qram da əzab çəkmərəm. Kiminsə xoşuna Osman gəlmir deyə türmədə yatmalıyam. Belə hökmü verənin, verdirənin balası xoşbəxt olmayacaq, ya narkoman olub zəlil günə düşəcək, ya da...”

Onun sərt replikaları yaxınlarını da narahat etməyə başlayıb. Onlar dəmir qəfəsə yaxınlaşıb onu sakitləşdirmək istəsələr də, “biz dövlət başçımıza inanırıq” kimi siyasi bəyanatlar versələr də, O.İsayev fikirlərini davam etdirib: “Nə susmaq, nə qədər susmaq olar. Susa-susa bu günə düşməmişik? Nə qədər susaq axı? Niyə susmalıyam, cinayət etmişəm? Mən məhkəmə başlayandan demişdim ki, bu hakimlər ”bunnandı", ancaq mənə inanmadınız. Bunlarda guya prezidentə hörmət var... Onların vicdanı, prezidentə hörməti olsaydı hərəmizin işindən heç olmaya 6-7 ay çıxardı".

O.İsayev replikalarında ölkədə 1937-ci il repressiya ab-havasının olduğunu bəyan edib: “Azadlıq, demokratiya deyirlər. Budur demokratiya, budur azadlıq?! Günahsız insanları türməyə doldurmaqdır demokratiya? Bir zənglə adamları məhv edirlər. Biz Azərbaycanı orda-burda tanıtmaq üçün nələr etmişik? Bu nə münasibətdir bəs bizə? Lazım deyil, heç mənə belə ölkədə vətəndaş olmaq. Mən bu vətəndaşlıqdan da imtina edirəm”.
“Yeni Müsavat”ın əldə etdiyi məlumata görə, həbs edilənlərin belə sərt bəyanatlar səsləndirmələrinə onların həbsdən buraxılması üçün yaxınlarının üz tutduqları bütün instansiyalardan “yox” cavabı almalarıdı. Eyni zamanda onların yaxınları səkkiz aydır aldadıldıqlarını və süründürüldüklərini bildirirlər.

Adıçəkilən şəxslərə ən pis təsir edən isə onların rəsmən sındırılmasıdı. Onlar bu həbslə toxunulmazlıqlarının aradan qalxdığını və nüfuzlarına zərbə vurulduğunu düşünürlər. Bu barədə əməkdaşımıza danışan məlumatlı şəxs deyib ki, əslində bir neçə il həbsdə yatmaq onlar üçün problem deyil: “Onların içəridə özlərinə hər cür şərait yaratmağa imkanları var. Həbs müddətlərinin də səkkiz ayı artıq arxada qalıb. Onları həbs müddətlərindən daha çox, belə bir qərarın verilməsi narahat edir. Barələrində çıxarılan qərarı özləri üçün şərəf məsələsi sayırlar. Buna görə də nə yolla olursa-olsun bu qərarı dəyişdirməyə çalışırlar. Buna görə də belə qəzəblidirlər və faktiki olaraq təmsil olunduqları hakimiyyətə üsyan edirlər”.

Aldığımız məlumatda o da bildirilir ki, uzun illər yaxın qohumlarının hətta ağır kriminal əməllərini ört-basdır etdirən general Bəylər Əyyubov bu dəfə qohumlarının qələmlərinin çox yuxarı yerdən qırıldığını bildiyindən bu məsələyə açıq müdaxilə etməyib. Əksinə, hüquq-mühafizə orqanlarının rəhbərlərinə “nə cəza istəyirsinizsə verin” deyib.
Eyni zamanda bu hadisədən sonra ipə-sapa yatmayan başqa qohumlarının bir neçəsinə ölkəni, bir neçəsinə isə Bakını tərk etməyi tapşırıb. General rəsmi şəkildə bacısı oğlunun həbsdən buraxılmasına müdaxilə etməsə də, əslində bu hadisənin ona da çox pis təsir elədiyi bildirilir.

Hər kəsə məlumdur ki, generalın ətrafındakılar məhz onun hesabına, ona güvənərək özbaşınalıqlar və qanunsuzluqlar edirlər. Onların vurulması həm də B. Əyyubovun vurulmasıdır və hakimiyyət daxilində xeyli yüksək vəzifəli şəxslə münasibətləri çox gərgin olan generala ağır zərbədir. Lakin heç şübhəsiz ki, B. Əyyubov ölkənin birinci şəxsi üçün önəmli fiqurdur. Bəlkə də bunu bir daha bildirmək və generalın könlünü almaq üçün prezident İlham Əliyev dünən ona general-polkovnik rütbəsi verib. Qohumlarının həbsindən, məsələnin ictimailəşməsindən sonra bu rejimə 21 il sədaqətlə xidmət etmiş birisinin sınan qəlbini ancaq bu cür ələ almaq olardı...






Fikirlər