Rusiya, Fransa və ABŞ-ın QAFQAZ PLANI: Hansı ssenari Azərbaycanın maraqlarına uyğundur?

Rusiya, Fransa və ABŞ-ın QAFQAZ PLANI: Hansı ssenari Azərbaycanın maraqlarına uyğundur?

Bu gün baş verən proseslər, Rusiyanın, Fransanın və ABŞ-ın region uğrunda savaşı, Cənubi Qafqazı qaynar nöqtəyə çevirməyə hesablanıb. Ermənistanı hər vəchlə qızışdıraraq Azərbaycana qarşı təxribatlara sövq etmək planı isə İrəvanın son addımlarından açıq-aşkar hiss olunur. Bir növ Azərbaycanı təxribatlara cəlb etməyə, daha sonra isə KTMT və Türkiyəni proseslərə qoşmağa çalışaraq regionu savaş poliqonuna çevirmək istəyirlər. Bəs görəsən baş verənlər fonunda Cənubi Qafqazı qaynar nöqtəyə çevirmək mümkün olacaqmı?

 

  Politoloq Samir Hümbətov bildirib ki, son dövrlər Rusiya, ABŞ və Fransanın məqəsədi Cənubi Qafqazda nüfuzunu qoruyub saxlamaq və öz hakimiyyətini möhkəmləndirmək üçün bölgədə gərginlik yaratmağa çalışmaqdır: “Bu ölkələrin hər birinin bölgəyə fərqli baxış bucaqları və maraqları mövcuddur. Rusiya Cənubi Qafqazla bağlı tamamilə fərqli mövqedən çıxış edir. Yəni Kreml sözügedən regiona başqa dövlətlərin daxil olmasını birmənalı şəkildə istəmir. Hər vəchlə gərginliyi artırmaq və öz mövcudluğunu qorumaq üçün çalışır. Burada da əsas hədəf Ermənistan və Azərbaycan arasındakı münaqişəni davamlı hala gətirmək, Qarabağ məsələsini yenidən alovlandırmaq və sülhməramlılarının bölgədə daha uzun müddət qalmasını təmin etməkdir. Fransa isə birmənalı şəkildə Ermənistanı dəstəkləməklə prosesləri nəzarətdə saxlamağa çalışır. Çünki Azərbaycanın ona müttəfiq dövlət olmayacağını anlayır. Bu baxımdan erməni lobbisinin təsirini hiss edən Fransa proseslərin rəsmi İrəvanın xeyirinə həll olunmasını istəyir. ABŞ isə regionda tam fərqli mövqe sərgiləyir. Amerikanın Türkiyə ilə müttəfiqliyini nəzərə alsaq, Vaşinqtonun Cənubi Qafqazda müəyyən mənada sülh tərəfdarı olduğunu deyə bilərik. Amma sülhün əldə edilməsindən sonra Ağ Ev Cənubi Qafqazda nəzarəti öz əlində saxlamağa çalışacaq. Hesab edirəm ki, Vaşinqtonun Ermənistan-Azərbaycan arasındakı münaqişənin bitməsini istəməsinin arxasında məhz bu məqsədlər dayanır. Çünki Azərbaycanın zəngin enerji yataqlarının olması, Çinin “kənar yol” layihəsinin bizim ərazilərimizdən keçməsi ABŞ-ı buna vadar edir”.

Politoloqun sözlərinə görə, KTMT-nin Azərbaycan-Ermənistan münaqişəsində sonuncunu çox müdafiə etmək imkanı yoxdur: “Bir tərəfdən Rusiya-Ukrayna müharibəsi gedir, digər tərəfdən isə KTMT-də təmsil olunan Belarusiya, Qazaxıstan və Qırğızıstanın Azərbaycanla yaxşı münasibətləri var. Üstəlik Qazaxıstan və Azərbaycan arasında müttəfiqlik sazişi də mövcuddur. Belə olan halda KTMT üzvlərindən kiminsə Azərbaycanla qarşıdurmaya girməyə razılıq verəcəyi real görünmür. Odur ki, bölgədə gərginliyi artırmağa cəhd etsələr də, son nəticədə Ermənistanın buna hansı müddətə tab gətirəcəyi bəlli deyil. Ona görə də, Ermənistan-Azərbaycan münaqişəsinin tam yekunlaşması üçün hələ müəyyən imkanlar mövcuddur. Yuxarıda adlarını qeyd etdiyimiz üç dövlətin bölgə ilə bağlı maraqları nə qədər çox olsa da, əsas məsələ Azərbaycanın mövqeyin önə çıxmasıdır. Şuşa şəhərində Prezident İlham Əliyevin çıxışı zamanı verdiyi mesajlar da əslində həm Rusiya, həm Fransa, həm də İrana hesablanmışdı. Bu məsələdə Azərbaycanın maraqlarını nəzərə almadan hansısa addım atmaq və bölgəyə daxil olmaq çətin məsələdir"./Konkret.az






Fikirlər