Növbəti seçkilər hansı sistemlə keçiriləcək: Proporsional, yoxsa majoritar?

"Proporsional seçki sisteminin bərpası artıq siyasi reallıqdır, amma onun yaxın dövrdə bərpa ediləcəyini düşünmürəm”.
 
Bunu açıqlamasında hüquqşünas Qulamhüseyn Əlibəyli proporsional seçki sisteminin bərpası və bunun üçün referendum keçirilməsi ehtimalına toxunarkən deyib. 
"Yarısı proporsional, yarısı majoritar olmaqla proporsional seçki sisteminin bərpası siyasi partiyaların inkişafı və cəmiyyətin siyasiləşməsi prosesinin başa çatması üçün zəruridir, vacib olan məsələdir. Bu məsələ dəfələrlə qaldırılıb. Xüsusən də 2020-ci il seçkilərindən sonra ciddi müzakirələr aparılıb", deyə Qulamhüseyn Əlibəyli vurğulayıb.
Hüquqşünas hesab edir ki, "Siyasi partiyalar haqqında” yeni qanundan sonra proporsional seçki sisteminin bərpası ideyası daha da aktuallaşıb:
"Amma proporsional seçki sisteminin yaxın dövrdə bərpa ediləcəyini düşünmürəm. Növbəti seçkilər də majoritar sistem əsasında keçiriləcək. Yalnız ondan sonra proporsional seçki sisteminin bərpası barədə düşünülə bilər. Hazırki geosiyasi reallıqlar müstəvisində sözügedən məsələ ilə bağlı referenduma getmək və sistemi bərpa etmək inandırıcı görünmür. Hələlik qarşıda xeyli problemlər var. Ən mühüm problemlər Ermənistanla Azərbaycan arasında mövcud problemin həlli, ölkəmizin ərazi bütövlüyünün tam təmin olunmasıdır".
Qeyd edək ki, xeyli müddətdir Azərbaycanda proporsional seçki sisteminin bərpa edilməsinin vacibliyi önə çəkilir. Bunun üçün hətta referendum  keçiriləcəyi də iddia edilir. Qaynarinfo






Fikirlər