KİMLƏR PREZİDENTLİYƏ NAMİZƏD OLACAQLAR? – Barışmaz müxalifət boykota gedir

Hakim Yeni Azərbaycan Partiyası (YAP) fevralın 7-də keçiriləcək prezident seçkilərində öz ideri İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürdükdən sonra seçki prosesində hərəkətlilik başlayıb.

Hakim partiyanın qərarından sonra Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, deputat Zahid Oruc prezidentliyə namizəd olacağını açıqlayıb.

“AzPolitika.info”-ya daxil olan məlumata görə, daha bir neçə partiya sədri prezidentliyə namizəd olmaq niyyətindədir, gələn həftənin əvvəlində onların bu barədə qərarları elan ediləcək.

Belə ki, namizədlər sırasında AXP sədri Pənah Hüseynin, BAXCP sədri Qüdrət Həsənquliyevin, BQP sədri Fazil Mustafanın, AMCP sədri Razi Nurullayevin, REAL sədri İlqar Məmmədovun adları çəkilir.

Barışmaz müxalifət düşərgəsinə gəlincə, bu gün AXCP-nin qurultayında prezident seçkilərinin müzakirə olunacağı nəzərdə tutulub. Partiya yetkililərinin sosial şəbəkədəki paylaşımlarından partiyanın seçkiləri boykot edəcəyi gözlənilir.

Müsavat Partiyasının da növbədənkənar seçkilərdə iştirakla bağlı mənfi qərar verdiyi bildirilir.

“AzPolitika.info”-ya daxil olan məlumata görə, seçkiləri boykot edən partiyaların funksionerləri vahid platforma yaratmaq barədə müzakirələrə başlayıb. Bu barədə AXCP və Müsavat Partiyası arasında razılıq əldə olunub. Platformaya fərdi üzvlərin, QHT-lərin, ictimai liderlərin, mühacirətdə olan müxalifətçilərin də cəlb edilməsi planlaşdırılır.






Fikirlər