Türkiyədə rezonans doğuran Öcalan mesajının ŞİFRƏLƏRİ...

Türkiyədə rezonans doğuran Öcalan mesajının şifrələri

MHP lideri Dölət Baxçalının PKK lideri Abdulla Öcalanla bağlı verdiyi açıqlama son günlərdə Türkiyə ictimaiyyətində ciddi rezonansa səbəb olduğundan ən müxtəlif prizmalardan ciddi müzakirələrə yol açıb.

Bir çoxları Baxçalının bu açıqlamasını dövlətə xəyanət, bir qismi daxili auditoriyaya hesablanan siyasi spekulyasiya amili və sair formada dəyərləndiriblər. Amma Baxçalının bu açıqlamasını bütün bunlardan öncə Yaxın Şərqdəki proseslər və bu proseslərin Türkiyənin təhlükəsizlik sisteminə yarada biləcəyi təhdidlər prizmasından yanaşmaq lazımdır. 

Digər tərəfdən Baxçalının bu açıqlamasını hakim Cümhur İttifaqının təmsilçisi kimi prezident Rəcəb Tayyib Ərdoğanın razılığı əsasında Türkiyəni gözləyən təhdidlərin qarşısının alınmasında ölkə daxilində həmrəyliyin əldə olunması məqsədilə verilən bir mesaj kimi oxumaq önəmlidir.

Bu gün Türkiyənin suverenliyinə, ərazi bütövlüyünə və təhlükəsizliyinə ən ciddi təhdid isə PKK/YPG-dir. Kollektiv Qərb və Türkiyənin istəməyən qüvvələr Türkiyənin zəiflədilməsində, parçalanmasında Ankaraya qarşı bu kartdan istifadə etməkdədir. 

AKP iqtidarı hakimiyyətə gəldiyi ilk vaxtlardan terrorçu PKK probleminin həll edilməsi istiqamətində antiterror əməliyyatları ilə yanaşı, siyasi yollarla məsələnin həlli istiqamətində ciddi fəaliyyət göstərib. Lakin bunun siyasi həll yolu çox ağır olub. Terror təşkilatı olan PKK-nın xaricdəki  havadarları problemin siyasi həll yoluna hər addımda mane olublar və olmaqdadırlar da. 

Əngəllərə baxmayaraq Ankara bu istiqamətdəki siyasətində ardıcıl olub. Problemin siyasi həll yolunun nəticəsi olaraq bu gün Türkiyədə kürdləri təmsil edən siyasi partiya fəaliyyət göstərir və bütün səviyyələrdə keçirilən seçkilərdə iştirak edir. Bunun nəticəsidir ki, bu gün yetərincə sayda kürd toplumunu təmsil edən siyasi partiyanın təmsilçiləri Türkiyə parlamentində və bələdiyyələrdə təmsil olunurlar.  

Digər tərəfdən Ankara bu təhdidi zərərsizləşdirmək üçün regional əməkdaşlığa üstünlük verib, həm Bağdadla, həm də İraqın şimalında İraq Kürdüstan Regional Rəhbərliyi ilə sıx təmaslar qurulub. Bunun nəticəsi olaraq həm Bağdad, həm də Ərbildəki İraq Kürdüstan Regional Rəhbərliyi  PKK/YPG-yə qarşı mübarizədə dəstək verirlər. Amma bütün bunlar problemin tam həlli üçün yetərli deyil. Çünki PKK/YPG-nin xaricdəki dəstəkçiləri Türkiyə daxilindəki əlaltıları vasitəsilə problemin həllinə imkan vermirlər.

Xarici təhlükəyə qarşı effektiv mübarizə aparmaq üçünsə daxildə siyasi və milli həmrəyliyə ehtiyac var. Bu olmadan xarici təhdidə qarşı mübarizə bir çox hallarda lazımi effekt vermir. MHP lideri Dövlət Baxçalının PKK lideri Abdulla Öcalanla bağlı verdiyi bəyanat da bu niyyəti güdür.

Baxçalı və AKP hakimiyyəti hesab edir ki, Öcalan Türkiyəni təhdid edən PKK/YPG təhlükəsinin siyasi yolla həllinə yardımçı olarsa, milli həmrəylik naminə cəzasının qalan hissəsindən azad olunmasını istisna etmir.

Son olaraq onu qeyd etmək lazımdır ki, Öcalanla bağlı verilən mesaj Türkiyənin bu gün üzləşdiyi xarici təhdidi zərərsizləşdirməkdən irəli gələn zərurətdir.

Mürtəza Bünyadlı
Ölkə.Az






Fikirlər