Daha İKİ dövlət qurumu LƏGV edilir - ÖZƏL
AzerTaym.az
Ölkəni ağuşuna almış iqtisadi böhrandan çıxış yolları axtaran Azərbaycan hökumətinin yeni taktikalarından biri də bəzi eyni və ya oxşar dövlət qurumlarının birləşdirilməsi və ya ləğv edilməsindən ibarətdir. İndiyə qədər dövlət başçısının fərmanları ilə bir neçə dövlət qurumu ləğv olunub, başqasına birləşdirilib və sairə.
Politika.az xəbər verir ki, proseslərin gedişatı fonunda bu birləşmə və ya ləğv etmə hallarının sayı da artacaq. Büdcəni yüklənmədən xilas etmək, daha səmərəli strukturun formalaşması üçün addımlar atan hökumətin yeni hədəfləri sırasında daha iki dövlət qurumu var.
Məlumatlarda vurğulanır ki, yaxın vaxtlarda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətiylə Müdafiə Sənayesi Nazirliyi ləğv olunaraq, eyni qurumun tərkibində fəaliyyət göstərəcəklər. Politika.az xəbər verir ki, hər iki dövlət qurumunun bundan sonra Müdafiə Nazirliyinin tərkibində xidmət formasında fəaliyyət göstərəcəyi qərarlaşdırılıb.
Mənbələrin bildirdiyinə görə, hazırda bununla bağlı işlər gedir və birləşmədən sonra yaranacaq yeni qurumdan dolayı Müdafiə Nazirliyinin Əsasnaməsinə də bəzi əlavə və dəyişikliklərin ediləcəyi gözlənilir.
Bəs, ləğv olunan qurumların rəhbərlərinin aqibəti necə olacaq?Politika.az-a daxil olan məlumatlara görə, Müdafiə sənayesi naziri Yavər Camalov MN tərkibində hansısa xidmətin rəhbəri kimi fəaliyyət göstərəcəyi inandırıcı görünmür. Belə bir hadisə baş verərsə, onun istefa ərizəsi yazaraq işdən çıxacağı təxmin edilir.
Arzu Rəhimova gəldikdə isə o, hazırda da xidmət rəhbəridir, yeni birləşmədən sonra da eyni statusda qalacaq. Düzdür, ayrıca bir xidmətə rəhbərlik etmək daha optimal variantdır. Amma zərurət yaranıbsa, buna nə Rəhimov, nə də digəri etiraz edə bilməyəcək.