“Xarici İşlər Nazirliyi MƏNİ ÇOX əsəbiləşdirir”

“Dəfələrlə Milli Məclisə belə beynəlxalq sənədlər daxil olanda mənə elə gəlir ki, bunu tərcüməçi yox, kompüter tərcümə edib”.

 

AzVision.az xəbər verir ki, bunu parlamentin sədr müavini Valeh Ələsgərov “Ümumdünya Poçt Konvensiyasına və onun yekun Protokoluna qoşulmaq haqqında” sənədi müzakirə edən zaman deyib.

O, bu tip sənədlərin Azərbaycan dilinə çox bərbad tərcüməsindən şikayət edib: “Heç nə anlamaq olmur. Biz müstəqil dövlətik və müstəqil qanunvericiliyimiz var. Niyə axı öz dilimizə belə yanaşırıq?! Məsələn, preambula sözü bizə ruslardan gəlib. Məgər biz ruslara qədər yazıb oxumağı bilməmişik? Bir vaxtlar rus dilində danışmaq modda idi, indi də deyəsən, sənədləri əcnəbi dildə yazmaq moda düşüb. Bu, məni çox əsəbiləşdirir”. 

Valeh Ələsgərovla həmfikir olan spiker Oqtay Əsədov: “Dəfələrlə bu kimi sənədlər Xarici İşlər Nazirliyindən bizə gələndə irad bildiririk. Amma nəticəsi yoxdur. Hətta təklif etmişik ki, orada bəlkə bir tərcümə qrupu yaradılsın. On dəfə deməyimizə baxmayaraq, heç bir nəticə yoxdur” – deyə, o bildirib.






Fikirlər