Şərəf nişanı Və ya ilk mükafatın simvolikası!

 Və ya ilk mükafatın simvolikası!

 

 

 

 

 

 

 

 

 

 Əslində belə bir yazıya bəlkə də onun ehtiyacı yoxdur. Haqqında deyilən və yazılan bütün yalanlara və böhtanlara ən yaxşı cavab onun öz tərcümeyi-halıdır.

 Bunu özü də bildiyi üçün indiyədək nə barəsindəki iftiralara acıqlı, qəzəbli reaksiyalar verib, nə də bu iftira sahibləri ilə hüquq müstəvisində hesablaşmaq fikrinə düşüb.

 Bunun özü onun öz tərcümeyi-halından, öz kimliyindən əminliyindən irəli gələn arxayınlığının nəticəsidir. Bilir ki, yel qayadan heç nə aparmaq iqtidarında deyil. Bilir ki, haqq nazilsə də, üzülmür. Bilir ki, yalan ayaq tutsa da, yerimir. Və onu da bilir ki, böhtan başqasına namərdcəsinə qazılan quyu kimidir – ora əvvəl-axır böhtan yiyəsinin özü düşür.

Bax elə ona görə də lap əvvəldə yazdıq ki, bu yazıya bəlkə də onun ehtiyacı yoxdur.

 Amma qədim Şərq bilginlərindən birinin dediyi kimi: “Yalana susan yalan danışanla ortaqdır”.

 Elə bu yazı da məhz son vaxtlar baş nazirin müavini, Azərbaycanın inşaat tarixinə adını parlaq hərflərlə həkk etdirmiş Abid Şərifov haqqında baş alıb gedən yalan və böhtan kampaniyasına ortaq olmamaq ehtiyacından yaranıb.

 Bəli, son günlər Azərbaycan mətbuatının müəyyən bir qismində xeyli dərəcədə mütəşəkkil təsir bağışlayan anti-Şərifov kampaniyasını görməmək mümkün deyil. Bu kampaniyanın ruhuna isə “Çamur at, izi qalsın!” məntiqi, daha doğrusu, məntiqsizliyi xasdır.

 Aydın görünür ki, biriləri hörmətli Abid müəllimə qarşı sifarişli, qərəzli şəkildə şəbəkələşiblər və bu şəbəkələşmənin qarşısına nəyin bahasına olursa olsun, 75 illik zəngin bir ömürə qara yaxmaq, ləkə salmaq məqsədi qoyulub. Əlbəttə, bu cür ömürlər, tərcümey-hallar hansısa məkrli cızma-qaralarla ləkələnə bilməzlər. Amma yuxarıda da qeyd etdiyimiz kimi – hədəf başqa, niyyət başqa, məqsəd başqadır: “Çamur at, izi qalsın!”

 ***

 Abid Şərifovun ilk ödülünün tarixi bu gündən baxdıqda çox uzağa – 1976-cı ilə gedir. Bu, “Şərəf nişanı” ordeni idi.

 Sonuncu dəfə isə o, 2014-cü ildə “Şöhrət” ordeni kimi Azərbaycanın ən yüksək, ali mükafatlarından biri ilə ödülləndirildi.

 Hər halda “Şöhrət”in də sonuncu mükafat olmayacağına əminlik hissi böyükdür, Şərifovun bu günədək ki, tərcümeyi-halı və bu gün gördüyü, gələcəkdə də görəcəyinə kimsənin şübhəsi olmayan işləri bunun təminatıdır.

 Sadəcə, indi bunu ona görə yazdıq ki, Abid müəllimin sonralar "Oktyabr inqilabı" , "Azərbaycanın əməkdar inşaatçısı" və "Fəxri nəqliyyat inşaatçısı", ən nəhayət isə Şöhrət” kimi orden və fəxri adlarla süslənən mükafatlar silsiləsinin məhz “Şərəf nişanı” ilə başlaması da sanki təsadüf deyil, tam əksinə, xeyli dərəcədə simvolikdir: elə bil hələ 40 il öncə qarşıda necə şərəfli bir ömürün yaşanacağından xəbər verir!

 ***

 Fərqindəyik: xeyli dərəcədə təvazökarlığı ilə bilinən Abid müəllim bu yazını  oxuyacağı təqdirdə indiyədək aldığı mükafatlarının sadalanmasından xoşhal olmayacaq, amma eyni zamanda bunu da yazmaq məcburiyyətindəyik - ona qarşı yalan və böhtan yarışına girmiş şəbəkə sadəcə, zəngin bir tərcümeyi-halı qaralamaq, ləkələmək niyyəti ilə yola çıxmamışdan əvvəl bu tərcümeyi-halı vicdanlı, qərəzsiz bir gözlə oxumaq zəhmətinə qatlaşmalı idilər.

 Çünki sadaladığımız ödüllərin hər birinin arxasında məhz zəhmət, gərgin əmək, alın təri, yuxusuz gecələr, öz peşəsinə hədsiz vurğunluq və cəfakeşlik dayanır.

 Bütün bunları isə anti-Şərifovçu şəbəkə hansısa maraqlar və o maraqlardan doğan sifarişli yalanlarla, iftiralarla ört-basdır edə bilməz. Alın tərinə qarşı iftira savaşı açanlar aqibətlərinin xəcalət təri olduğunu unutmamalıdırlar.

 ***

Abid Şərifov 70-ci illərin tikinti-quruculuq erasına çevrilməsində misilsiz xidmətləri olmuş biridir. Bunu yalnız onun həmin illərdə ard-arda aldığı ali mükafatlar, fəxri adlar təsdiqləmir.

 Bunu həm də Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra ona etimad göstərməsi, yüksək vəzifələr etibar etməsi də təsdiqləyir.

 Hazırkı ölkə başçısı İlham Əliyevin də onunla işləməyə davam etməsi Abid Şərifovun gənc, müstəqil Azərbaycan dövləti üçün xidmətlərinə, əməyinə nə qədər böyük ehtiyac duyulan və bu xidmətləri, əməyi nə qədər yüksək dəyərləndirilən təcrübəli, peşəkar və zəhmətkeş şəxsiyyət olduğunun göstəricisidir.

 Sual olunur: indi ona qarşı hücuma keçən məkrli, iftiraçı şəbəkə belə bir ictimai xadimi ləkələməyə, qaralamağa, gözdən salmağa çalışmaqla nəyə nail olmaq istəyir? Bu şəbəkənin arxasındakı “gizli və kirli əllər” həm də gənc, müstəqil Azərbaycan dövlətinin ehtiyac duyduğu peşəkarlara uzanaraq, əslində kimin dəyirmanına su tökürlər?

 Fikrimizcə suallar yersizdir. Çünki bu sualların cavabı elə onların özündə gizlənib. Cəmi bir il öncə prezident sərəncamı ilə ən ali dövlət ordenlərindən birinə layiq görülmüş insana kimlər tərəfindənsə tamamilə əsassız hücumlar təşkil olunur, çirkab atılırsa, bu artıq həmin “kimlər”insə iç üzünü, mahiyyətini ifşa edir.

 ***

 Və ya ilk mükafatın simvolikası!

 

 

 

 

 

 

 

 

 

Biz ona da əminik ki, əslən Şəkidən olan və şəkililərə xas yumor hissini bu günədək də qoruyub-saxlayan Abid müəllim ona qarşı nadancasına təşkil olunan “mətbu hücumları” oxuyub sadəcə, gülür. Baxmayaraq ki, bu hücumların birbaşa tərkib hissəsi olan uydurma və iftiralar hətta ən uğursuz zarafatla müqayisədə belə, çox şit və bayağı görünür.

 Anti-Şərifov şəbəkəsinin yumor hissi hətta o qədər zəif və ya yerli-dibli yoxdur ki, Abid müəllimin müəyyən vaxtlarda jurnalistlərin sualları qarşılığında şəkililərə xas estetika ilə verdiyi yumoristik cavabların da başına ip sala, bu cavablardan “uzaqgörən” nəticələr çıxara və yeni yalanlar, iftiralar, böhtanlar uydura bilirlər.

 

 Əslində bunu həm də Abid müəllimin ona qarşı uydurmalarla və böhtanlarla silahlanan məkrli şəbəkə qarşısında qələbəsi də hesab etmək olar. Nəyə görə? Cavab sadədir: bu şəbəkə Şərifova qarşı doğru-düzgün ittihamlar yönəltməkdə o qədər çarəsiz, o qədər əlacsızdırlar ki, bəzən onun zarafatlarından belə “kompromat” düzəltmək məcburiyyətində qalırlar. Əgər Şərifovu real, haqlı tənqid hədəfinə çevirmək üçün fakt və arqumentlər yoxdursa, suda boğulan saman çöpündən yapışan kimi, haqqında danışdığımız böhtan şəbəkəsi də ən xırda və dəxilsiz detaldan ikiəlli yapışmağa məcburdur.

 Bu cür çirkin kampaniyanın sonunda isə onun müəlliflərini – istər sifarişçi(lər) olsun, istərsə də icraçı(lar)! – ancaq və ancaq iflas gözləyə bilər.

 Arxadan atılan daşlar həmişə topuğa dəyir, - bu dünən də belə olub, bu gün də belədir və sabah da belə olacağından kimsə şübhə duymamalıdır.

 ***

 Düzünə qalsa, biz bu yazıdan sonra məlum şəbəkənin öz çirkin mərəzindən xilas olacağına, tutulduğu şəratma, böhtanyaxma xəstəliyindən sağalacağına inanmırıq.

 Amma belələrinə İslam peyğəmbərinin (s) ən məşhur və ibrətamiz hədislərindən birini xatırlatmağı vacib bilirik: "Kim bir insana böhtan atsa, yaxud onun barəsində onda olmayan şeyi desə, Allah Qiyamət günü onu həmin şəxs barəsindəki sözünü geri götürənə kimi bir od təpəsinin üstündə saxlayar."

 Əgər biriləri özlərinə bu aqibəti rəva görürlərsə, onda öz nalayiq əməllərinə davam etsinlər.

 Onsuz da kimlərin hansı cür səslər çıxarmasından asılı olmayaraq karvan daima keçir, karvan həmişə öz yolundadır – dayanmadan, yorulmadan, usanmadan. Qarşısındakı bütün əngəlləri aşaraq, bütün maneələri yararaq.

 Abid müəllimin karvanı kimi!..

 

Azər Abdul.

 






Fikirlər