Məmmədyarov İŞGALÇIYA görə RUSİYAYA verilən notadan danışdı

Məmmədyarov işğalçıya görə Rusiyaya verilən notadan danışdı

“Moskvaya ünvanladığımız etiraz...”

 

“Rusiyanın Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü tanıdığını nəzərə alsaq, o zaman rus silahlarının işğal olunmuş ərazilərimizdə peyda olmasında heç bir məntiq yoxdur”. Bunu “Kommersant” qəzetinə açıqlamasında Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov söyləyib.
 
Onun sözlərinə görə, Rusiyanın Ermənistana satdığı silahların Dağlıq Qarabağda peyda olması Azərbaycan üçün qəbuledilməzdir: “Rusiya bir tərəfdən Minsk Qrupunun həmsədri kimi çıxış edir, digər tərəfdən isə biz hər bir dövlətin özünün lazımlı hesab etdiyi ölkəyə silah tədarük etmək haqqını tanıyırıq. Notanın məzmununda xahiş var idi ki, Ermənistana silah veriləndə bu silahlar işğal olunmuş Azərbaycan ərazilərində peyda olmasın. Bu cür tədarüklərdə son istifadəçi ilə bağlı qaydalar olur. Əgər son istifadəçi Ermənistan olsaydı, o zaman məsələ Moskva və İrəvan arasındakı ikitərəfli münasibətlər çərçivəsindən kənara çıxmazdı. 
Silahlar işğal olunmuş Azərbaycan ərazilərində peyda olanda isə bu, tamam başqa məsələyə çevrilir”.
 Daha sonra jurnalistin “istənilən halda bu silahlar Dağlıq Qarabağ ərazisində peyda olacaq” replikasına nazir “notanın da mahiyyəti bunda idi” deyib: “Rusiyanın Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü tanıdığını nəzərə alsaq, o zaman rus silahlarının işğal olunmuş ərazilərimizdə peyda olmasında heç bir məntiq yoxdur. Rusiya Xarici İşlər Nazirliyinə təqdim etdiyimiz notanın tonunun düzgün qəbul edildiyi Moskvanın sonrakı bəyanatlarından bəlli oldu”.
***
Xatırladaq ki, rəsmi Bakının Moskvaya təqdim elədiyi etiraz notası Rusiyanın 200 milyon dollarlıq kredit əvəzində Ermənistana ötürməyə başladığı müasir silah-sursatlarla bağlı idi. Həmin silahların növü və hərbi xarakteristikası barədə Rusiya mətbuatında ayrıca yazı da dərc olunmuşdu.
Bir çox analitiklərə görə, əslində söhbət qat-qat böyük həcmdən - 1 milyard dollarlıq silahdan gedir ki, bu da tam haqlı olaraq Azərbaycanda narahatlıq doğurmuş və etiraz notasının verilməsi ilə nəticələnmişdi. Hər halda, həmin silahların əhəmiyyətli hissəsinin işğal altındakı Azərbaycan ərazilərində yerləşdirilməyəcəyinə dair heç bir zəmanət yoxdur. 
Moskvanın cavab notasında da bu barədə heç nə deyilmirdi. Demək, belə bir şey istisna olunmur və Bakının əndişəsi tamamilə əsaslıdır. Çünki Moskva istəməsə, silahlar separatçı rejimin öhdəsinə keçə bilməz.
Bunun ardınca isə Azərbaycanla Türkiyə arşında növbəti, birgə hərbi təlimlərin startı verildi və hələ də davam edir. Rəsmi Bakı bu təlimlərlə həm də anlatmağa çalışır ki, işğalçının silahlandırılmasının cavabı iki qardaş ölkə arasında hərbi əməkdaşlığın gücləndirilməsi olacaq. Azərbaycan XİN başçısının son müsahibəsinin məzmunu özün də həm də xəbərdarlığı daşıyır - İrəvana və Kremlə ünvanlı...

AzerTaym.az






Fikirlər