Müdafiə NAZİRLİYİNDƏ İdarə RƏİSİNİN poqonları söküldü…

bitmap-img6

Roqozinin səfərindən dərhal sonar Silah və Texnika İdarəsi rəisinin işdən çıxarılıb, barəsində cinayət işi açılıb!

 

Müdafiə Nazirliyinin Silah və Texnika İdarəsinin rəisi, polkovnik Yaqub Əhədov vəzifəsindən azad olunub, nazir Zakir Həsənovun əmrilə rütbəsi aşağı salınıb və barəsində cinayət işi açılıb. 
Bu barədə “AzPolitika.info”ya məlumat hərbi mənbələrdən daxil olub.
Polkovnik Yaqub Əhədov Rusiya Baş nazirinin müavini Dmitri Roqozinin martın 3-də Bakıya reallaşan qəfil səfərindən dərhal sonra vəzifəsindən uzaqlaşdırılıb və barəsində cinayət işi açılıb. Bu fakt ehtimal etməyə əsas verir ki, yüksək çinli MN rəsmisinin “vurulmasının” Roqozinin Bakıya səfəri, dolayısilə Rusiyayla silah alış-verişi ilə bağlılığı var. Saytımızı məlumatlandıran mənbə də polkovnik Əhədovun işində 3.5 milyonluq hansısa gizli müqavilənin rolundan bəhs edib, lakin təfərrüata varmaqdan imtina edib.
Polkovnik Y.Əhədovun işindən uzaqlaşdırıldığını, rütbəsinin aşağı salındığını və işinin Hərbi Prokurorluqda araşdırıldığını digər mənbələr də təsdiq ediblər. Keçmiş idarə rəisi ilə bağlı qərarın bugündə-sabahda veriləcəyi gözlənilir. Onun həbs olunacağı ehtimalı çox böyükdür.
Polkovnik Yaqub Əhədov
Xatırladaq ki, Roqozinin Bakıya iki ölkə arasında hərbi-texniki əməkdaşlıq barədə Azərbaycan prezidenti İlham Əliyevlə müzakirə aparmaq üçün gəldiyi élan olunmuşdu. Roqozinlə bərabər Bakıya “Rosoboroneksport”un və Hərbi-Texniki əməkdaşlıq üzrə Federal Xidmətin rəhbərliyi də gəlmişdi. Rusiya mətbuatı yazırdı ki, Azərbaycan tərəfi silah alışı üzrə müqavilələrin öhdəliklərini yerinə yetirmədiyinə – aldığı silahın pulunu ödəmədiyinə görə Roqozun Bakıdadır. Lakin Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu məlumatı təkzib edərək, Rusiya silahlarının Azərbaycana tədarükünə dair müqavilələr üzrə ödənişlərlə bağlı problem olmadığını, hərbi-texniki sahədə əməkdaşlığın uğurla inkişaf etdiyini bildirmişdi. Sitat: “Ümumilikdə bizim Rusiya ilə hərbi-texniki əməkdaşlıq sahəsində münasibətlərimiz kommersiya prinsiplərinə müvafiq olaraq və qarşılıqlı faydalı əməkdaşlıq əsasında uğurla inkişaf edir”. Nazir əlavə etmişdi ki, silah müqavilələrinin maliyyə dəstəyi ilə bağlı problem yoxdur.
Azərbaycanın XİN rəhbərinin sözlərinə görə, Bakı müqavilələrə uyğun olaraq bütün ödənişləri edir, lakin onların icrası ilə bağlı problemlər var: “O mənada ki, Azərbaycana daxil olan silahlar müqavilələrdə qeyd olunan texniki parametrlərə uyğun olmalıdır”.
E.Məmmədyarov xatırladıb ki, Rusiya Federasiyası baş nazirinin müavini Dmitri Roqozin martın əvvəlində məhz parametrlərlə bağlı problemin nədən ibarət olduğunu anlamaq üçün Bakıya səfər edib və ətraflı izah alıb, heç bir problem qalmayıb.
“Əsas odur ki, mal kondisiyaya uyğun olsun. Sazişlərin bir hissəsi üzrə hər şey plan üzrə gedir. Məsələ burasındadır ki, bir neçə konkret silah növlərinin texniki parametrlərinə düzəliş etmək lazımdır. Və bu, D.Roqozinin sözlərinə görə, ən qısa vaxt ərzində həll olunacaq”, – deyə nazir əlavə etmişdi.
Polkovnik Yaqub Əhədovun işdən çıxarılması və barəsində cinayət işi açılmasının səbəbini öyrənmək üçün Hərbi Prokurorluğun ictimaiyyətlə əlaqələr şəbəsindən məlumat almaq cəhdlərimiz baş tutmadı. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Vaqif Dərgahlı isə sorğumuzu yazılı yollamağı tövsiyyə etdi. Lakin iş günü sona çatsa da, sorğumuz cavablandırılmadı.






Fikirlər