İcra başçısının OGLU yol polislərini hədələyib - FOTO

bitmap-img6

Nərimanov Rayon Prokurorluğunun əməkdaşı Məhəmməd Hacıyevin «Harmoni» klubda saldığı dava hələ yaddan çıxmayıb Vilyam Hacıyev oğlunun törətdiyi özbaşına əməllərin güdazına gedəcək Ölkəmizdə yüksək postlarda çalışan məmurların təkcə özləri deyil, övladları, yaxınları haqda yayılan məlumatlar daim ictimaiyyətin diqqət mərkəzindədir. 

Onlarla bağlı xəbərlər, qeyri-rəsmi söhbətlər, görüntülər daha çox diqqəti cəlb edərək geniş müzakirələrə səbəb olur. Heç kimə sirr deyil ki, ölkəmizdə məmur övladları əksərən cəmiyyət üçün nümunəvi olmurlar. Onların bəziləri valideynlərinin tutduğu vəzifəyə güvənərək ciddi qanun pozuntularına yol verir, xoşagəlməz hadisələrlə gündəmə gəlirlər. Mətbuatda bahalı maşınları, "avtoşluq”ları ilə ad çıxaran, qiymətli qızıl-zinət əşyaları ilə öyünən, bahalı villalarını sosial şəbəkələrdə açıq-aşkar reklam edən məmur övladları və onların əndazəni aşan əməlləri gözdən yayınmır. Qiyməti yüz minlərlə ölçülən maşınlarla Bakıda avtoxuliqanlıq edən bəzi məmur balalarının yol verdiyi nöqsanlardan gələn zərbə özlərindən daha çox valideynlərinə dəyir. Məmurların işdən çıxarılmasında özlərinin yol verdikləri nöqsanlarla yanaşı, bir çox hallarda övladlarının da davranışları mühüm rol oynayır. 
Qeyd edək ki, prezident İlham Əliyev məmur övladlarının özbaşına əməllərinin qəti əleyhinədir. Məlum olduğu kimi, ölkə başçısı dəfələrlə cəmiyyətdə özünü normal apara bilməyən bir sıra vəzifəli şəxslərin övladlarına irad tutub. Buna baxmayaraq, hələ də bəzi icra başçılarının, nazirlərin övladları qanunları pozmağa davam edirlər. Gundelik-baku.com saytında son günlər İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin Nərimanov Rayon Prokurorluğunda işləyən oğlu Məhəmməd Hacıyevin bahalı həyatı, paytaxtın müxtəlif elit məkanlarında dava salması və milyonluq maşın kolleksiyası barədə məlumatlar yayımlanıb. Məhəmməd Hacıyevin törətdiyi özbaşınalıqlar barədə yeni məlumatlar əldə etmişik. Gundelik-baku.com-a danışan etibarlı mənbənin bildirdiyinə görə, atasının var-dövləti hesabına yağ-bal içində yaşayan oğul Hacıyev bir müddət əvvəl Bakının ən bahalı məkanlarından biri sayılan «Harmoni» klubda dava salıb: «Hər zaman olduğu kimi dostları ilə kef məclisi quran icra başçısının oğlu klubda ofsiant işləyən şəxslərdən birinə ağır sözlər deyib. Nəticədə ortalıq qarışıb. 
Birtəhər sakitləşən icra başçısının oğlu yaxın dostu və iki xanımla «Bentley»ə əyləşərək paytaxtın dəbdəbəli hotellərindən birinə tərəf yol alıb. Bu zaman yol polisi əməkdaşları onu saxlayıblar. İçkili halda maşın idarə edən icra hakiminin oğlu yol polislərinə məhəl qoymayaraq hərəkətə davam edib. Ancaq onun qaçmaq istəyi baş tutmayıb. Bir neçə polis maşını onun qarşısını kəsib və içkili halda maşın sürməsinə görə onu müvafiq qaydada cərimələyiblər. Bu zaman Məhəmməd Hacıyevin yol polislərinə cavabı belə olub: «Bilirsiz mən kimin oğluyam? Sizi peşman edəcəm? Yazdığınız cəriməni özünüzə ödətdirəcəm». Daha sonra o dostu və iki xanımla birlikdə heç nə olmayıbmış kimi yoluna davam edib». Məlumatlı mənbə deyir ki, Vilyam Hacıyevin oğlu ümumiyyətlə, tez-tez kef məclisləri qurur və həmin tədbirlərdə gənc qızlar ön planda durur. Bu da prokurorluq işçisi Məhəmməd Hacıyev! Əlbəttə, belə bir adamın prokurorluq orqanlarında çalışması insanda təəssüf hissi yaradır. Bütün günü kef məclislərində olan, qanunları saya salmayan, bahalı maşınları ilə şəhərin küçələrini yarış meydanına çevirən bir gənc hansı qanundan danışa bilər axı? Məlumat üçün bildirək ki, icra başçısının oğlu 2014-cü ilin yayında prokurorluq orqanlarına işə qəbul edilib. Onun ilk iş yeri isə Qaradağ Rayon Prokurorluğu olub. Lakin o bir neçə ay burda işlədikdən sonra atasının yardımı sayəsində Nərimanov Rayon Prokurorluğuna keçib. Hazırda burda işləyir. Deyilənə görə, Məhəmməd Hacıyev işə vaxtında gəlmir və işinə məsuliyyətlə yanaşmır. 
Başı ancaq əyləncə məclislərinə qarışan bir adamın işinə məsuliyyətlə yanaşacağını gözləmək sadəlövhlük olardı. Bir məsələni də qeyd etmək istəyirik. Hörmətli Vilyam müəllim bəlkə də elə düşünür ki, oğlunun törətdiyi özbaşınalıqlara görə ona «gözün üstə qaşın var» deyən olmayacaq. Amma icra başçısı bilməlidir ki, indiyə qədər bir neçə məmur məhz övladlarının güdazına gediblər. Məsələn, xalq artisti, məşhur tarzən Ağasəlim Abdullayevin ailə faciəsinə (həyat yoldaşı və nəvəsinin ölümü) səbəb olmuş məmur övladının törətdiyi qəzadan çox yazılıb. Belə ki, xalq artistinin ailəsinə ölüm gətirən bahalı "Mercedes-Benz G-55"in sürücüsü Xalid Mədətov və onun məmur atası Mübariz Mədətov cəzasız qalmadı. Oğlunun bu səhvi nəticəsində Mübariz Mədətov ”Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədr müavini vəzifəsindən azad edildi. Məhkəmənin hökmü ilə X. Mədətov 5 il nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 12 il həbs cəzasına məhkum edildi. Övladının yol verdiyi nöqsana görə vəzifəsindən azad olunan məmurlardan biri də sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovdur. Ötən ilin yanvar ayında oğlu Vüqar Ələkbərovla İsmayıllı sakinləri arasında yaranan insident sonrada həmin rayonda böyük etirazlara səbəb oldu. Mətbuatda "İsmayıllı hadisələri” kimi işıqlandırılan bu hadisə zamanı eks nazirin oğluna məxsus "Çıraq” HOTELI və onun bir neçə bahalı avtomobili yandırılıb. Nazirin həmin rayonun icra başçısı olan qardaşı Nizami Ələkbərov da bu hadisələrdən sonra tutduğu vəzifədən azad olundu. 
Bir neçə ay öncə Zığ şossesində avtoxuliqanlıq edən polis əməkdaşı Tural Həsənovun atası, Dövlət Gömrük Komitəsinin Yevlax Gömrük İdarəsinin rəisi Əliməmməd Həsənov da övladının ictimai yerdə qaydaları kobudcasına pozduğuna, qanunlara hörmət etmədiyinə görə tutduğu vəzifədən azad edilib. Həmçinin daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə T.Həsənov da polis orqanlarından xaric olunub. Övladının törətdiyi qəzaya görə işdən çıxarılanlardan biri də Tərtər rayon icra başcısını keçmiş birinci müavini Vidadi Bəylərov olub. Ötən il V. Bəylərovun yeniyetmə oğlu Elxan Bəylərlinin törətdiyi avtomobil qəzası nəticəsində bir nəfər ölüb. Bir neçə müddət işsiz qalan Vidadi Bəylərova bu yaxınlarda yeni vəzifə verilib. Tərtər rayonuna yeni icra başcısı təyin edilən Müstəqim Məmmədov tələbə yoldaşı Vidadi Bəylərovu Tərtər Rayon Telekommunikasiya Qovşağının rəisi təyin edib. Övladının sosial şəbəkədə dəbdəbəli həyatlarını nümayiş etdirməsi bir prokuroru da işindən etdi. Bakı Şəhər Prokurorluğunun İstintaqa nəzarət şöbəsinin rəisi Ramiz Nəbiyevin oğlu Elvin Nəbizadə xeyli sayda pulları və müxtəlif avtomobilləri sosial şəbəkədə nümayiş etdirib. Odur ki, Vilyam Hacıyev övladının qarşısını almasa, o da vəzifəsi ilə vidalaşa bilər. Yaxın günlərdə Məhəmməd Hacıyevin ölkə daxilində və xaricdə keçirdiyi istirahətin görüntülərini sizlərlə paylaşacıq.Gundelik-baku.com 

 






Fikirlər