"Terror qruplaşmalarını yaradan böyük dövlətlər ikili standartlardan əl çəkməsələr..." — POLİTOLOQ

"Terror qruplaşmalarını yaradan böyük dövlətlər ikili standartlardan əl çəkməsələr..." — Politoloq

Fransada qanlı terror aktı baş verib

Son zamanlar dünyanı terror dalğası bürüyüb. Terrora qarşı təşkilatlar yaranıb, koalisiyalar yaradılıb mübarizə aparılsa da, bunun qarşısını almaq mümkün olmur. İŞİD terror təşkilatı artıq terror aktlarını Yaxın Şərqdə yox, Qərbdə həyata keçirəcəyini bəyan edib.

Terror təşkilatlarının yaradılması, baş verən terror aktları, terrora qarşı mübarizə barədə politoloq Elşən Manafov Ölkə.Az-a danışıb:

"Terror müasir dünyanı düşündürən, ciddi şəkildə narahat edən qlobal problemlər sırasına aiddir. Bu qlobal mahiyyyət kəsb edən terrora qarşı beynəlxalq güclər birlikdə hərəkət etməsələr terrorun qarşısını almaq müşkül məsələyə çevriləcək. Terror, terrorçu qruplaşmalar tərəfindən uzun müddət bu və ya digər siyasi məqsədlər üçün törədilir. Bugünkü terror artıq beynəlxalq mahiyyət kəsb edir.

İŞİD və bundan əvvəlki Əl-Qaidə kimi terrorçu təşkilatların yaradılmasında, onların fəaliyyətlərinin istiqamətləndirilməsində müəyyən beynəlxalq güclərin, ABŞ xüsusi xidmət orqanlarının rolu və fəaliyyəti olub. Bu terrorçu qruplaşmalar ABŞ-ın dünyanın digər yerlərində geosiyasi maraqlarını həyata keçirmək məqsədi ilə yaradılmışdılar. İstər Əl-Qaidə, istər İŞİD zamanında bu terrorçu təşkilatları yaratmış dövlətlər və dövlətlər birliyi üçün artıq bumeranqa çevrilib. Bu qruplaşmalar Yaxın və Orta Şərqdə vahimə yaratmaq, bu ölkələrdə insan haqları sahəsində problemlər yaratmaq və həmin ölkələrin ərazisini işğal etmək məqsədi ilə yaradılıb. Bir çox hallarda terror olaylarından istifadə edərək, terror təşkilatlarını yaradan dövlət dünyanın bu və ya digər bölgəsinə müdaxilə edib, orada demokratiya bərqərar etmək və insan haqlarını qorumaq adı altında çıxış edirdi.

Artıq ərsəyə gəlmiş terrorçu qruplaşmalar bütöv bir dövləti xatırladırlar. İŞİD zamanında İraqda Mosulu zəbt etdikdən sonra 425 milyon dollarlıq vəsaiti ələ keçirdi. Bundan sonra İŞİD ABŞ-ın özünün də nəzarətindən çıxdı. Rusiya terrora qarşı necə mübarizə aparmaq lazım olduğunu göstərdi. Suriyada Rusiyanın terrorçulara qarşı apardığı mübarizə qısa zaman kəsiyində Suriya hakimiyyətinin mövqelərini möhkəmləndirdi, İŞİD isə dayaq nöqtələrini itirməyə başladı. Bu mənada İŞİD-in Avropaya ciddi problem yaratması təbii ki, anlaşılandır. Qərb terrorun dəhşəti və vahiməsini görür. İŞİD artıq onu yaradan Qərbi hədəfə götürüb. Bu anlamda Qərb dövlətləri, ABŞ İŞİD-ə qarşı məhz koordinasiya edilmiş üsullarla mübarizə apardıqları təqdirdə uğura imza ata bilərlər.

Terroru yaradan amil ABŞ-ın geopolitik maraqları olmayıb. Terroru yaradan amil müasir dünyada işsizlik, ayrı-ayrı dövlətlərin müflisləşməsi olub. Sosial problemlər, təhsilsizlik hamısı terrorun inkişafına təkan verir. Terrora qarşı mübarizə təkcə silah yolu ilə aparılmamalıdır. Maarifçilik aparılmalıdır. Terrordan əziyyət çəkən dövlətlərdə əhalini işlə təmin etmək lazımdır. Sosial problemlərin aradan qaldırılması üçün konkret işlər görmək lazımdır. Terrorçu qruplaşmaları yaradan dövlətlər ikili standartlardan əl çəkməsələr, geri addım atmasalar İŞİD kimi nəhəng terror təşkilatı Qərb üçün bumeranq olacaq. Bu bumeraq təkcə Qərb üçün deyil, Türkiyə, və ümumilikdə Yaxın Şərq üçün də təhlükə yaradır. Azərbaycan da terrordan əziyyət çəkən ölkələrdəndir. Ona görə də, Azərbaycan həmişə terrora qarşı mübarizə aparan koalisiyanın yanında olub. ABŞ və digər dövlətlər bunu daim qiymətləndiriblər. Ayrı-ayrılıqda Qərb dövlətlərinin aparacağı mübarizə yaxın perspektivdə ciddi uğur qazandırmayacaq. Uğur üçün beynəlxalq güclərin ortaq hərəkəti vacibdir".

Qeyd edək ki, Nitsa şəhərində sürətlə hərəkət edən yük maşını bulvarda “Bastiliya qalasının alınması” bayramı münasibəti ilə atəşfəşanlığı seyr etməyə toplaşan insanları əzib. Yadisə nəticəsində 80 nəfər ölüb.






Fikirlər