19.03.2014. - Samir Şərifov doğrudanmı Zakir Həsənovun əmrini ləğv elətdirib?

19.03.2014. -   Samir Şərifov doğrudanmı Zakir Həsənovun əmrini ləğv elətdirib?Müdafiə Nazirliyi “Samir Şərifov Zakir Həsənovun əmrini ləğv etdirib?” başlıqlı məlumata münasibət bildirib.

Qeyd edək ki, məlumatda müdafiə naziri Zakir Həsənovun xidmətdə fərqlənən bəzi zabitlərin maaş və mükafatlarını artırmaq üçün əmr imzalaydığı, lakin əmrin Maliyyə Nazirliyinin etirazına səbəb olduğu bildirilib: “Zakir Həsənovun bu əmrilə Müdafiə Nazirliyinə ayrılan büdcənin dəyişdirilməsi zərurəti yaranır. Büdcədə maaş və mükafatların artımı nəzərdə tutulmayıb. Samir Şərifov artıq Zakir Həsənovun əmrlərinin ləğvi ilə bağlı rəsmi tələb irəli sürüb”.

Virtualaz.org saytının sorğusuna cavab olaraq nazirliyin mətbuat xidmətindən bildiriblər ki, Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrin maliyyələşdirilməsi dövlət büdcəsindən müdafiə xərcələri bölməsi üzrə nəzərdə tutulmuş vəsaitlər hesabına həyata keçirilir. Mətbuat xidmətindən onu da dedilər ki, müdafiə nazirinin belə bir əmri olmayıb: “Təbii ki, olmayan əmr ləğv edilə bilməz. Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrin maliyyələşdirilməsi dövlət büdcəsindən müdafiə xərcələri bölməsi üzrə nəzərdə tutulmuş vəsaitlər hesabına həyata keçirilir.

“Hərbi qulluqçuların statusu haqqında Azərbaycan Respublikasının Qanunu”na uyğun olaraq, hərbi qulluqçulara təminat xərcliyi verilməsinin qaydası və bu xərcliyin normalarının, o cümlədən vəzifə və rütbə maaşlarının məbləğlərinin dəyişdirilməsi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunur.

Azərbaycan Respublikasının prezidenti - Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin 18 dekabr 2013-cü il tarixli Azərbaycan Respublikası Müdafiə Nazirliyi haqqında müvafiq fərmanının icrası ilə əlaqədar aparılan islahatlara əsasən, bəzi kateqoriyadan olan hərbi qulluqçuların vəzifə maaşlarında ediləcək dəyişiklilərlə əlaqədar təkliflər hazırlanıb və razılaşdırılması üçün Maliyyə Nazirliyinə göndərilib. Layihəyə müsbət rəy verilərsə, sənəd təsdiq olunması üçün Nazirlər Kabinetinə göndəriləcək.

Yalnız Nazirlər Kabinetinin müsbət qərarından sonra sənədin icra olunması üçün müdafiə naziri müvafiq əmr imzalayır”.


Ülviyyə






Fikirlər