Səlim Müslümov narazı əlilləri qəbul etdi - (Yenilənib)

Səlim Müslümov narazı əlilləri qəbul etdi - (Yenilənib)Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi mətbuat xidmətinin rəhbəri Elman Babayev virtualaz.org saytına bildirib ki, Xırdalandan gəlmiş bir qrup əlili nazir Səlim Müslümov qəbul edib.

“Bu gün onsuz da qəbul günü idi. Nazir həmin əlilləri qəbul etdi, dinlədi. Əlillərin problemi yaşadıqları binadakı enerji problemi ilə əlaqədar idi. Nazir tikilməkdə olan obyektlərin müdriyyətinə tapşırıqlarını verdi. Tezliklə problemləri həll olunacaq. Ancaq onu da bildirim ki, bu problemin həlli başqa qurumlara aid idi” - deyə E.Babayev bildirdi.

* * *12:35

Bu gün saat 11 radələrində bir qrup əlil Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında aksiya keçirməyə cəhd edib. Onlar hökumətdən kommunal şəraitlərinin yaxşılaşdırmasını tələb edib.

Əlillər virtualaz.org saytının nazirliyin qarşısında olan müxbirinə bildiriblər ki, Xırdalan şəhəri, H.Tağıyev küçəsi, 56 və 56a saylı ünvandakı əlillər evində yaşayırlar. Onların evinin yaxınlığında tikilən yeni binaya görə bir həftədir ki, işıqsız qalıblar.

“Gün ərzində mənzillərimizə qısamüddətli və zəif elektrik enerjisi verilir. Axşamlar isə ümumiyyətlə, işıqları söndürürlər” - deyə əlillər bildirdilər.

Əlilllərin kütləvi şəkildə nazirlik binasının qarşısına toplaşdıqlarını görən nazirlik işçiləri onları dərhal qəbul otağına dəvət etdilər. Hazırda əlillər nazirlik işçiləri tərəfindən dinlənilir.

Nazirliyin mətbuat xidmətindən aksiyaya münasibət öyrənmək istəsək də sorğumuza cavab verən olmadı. Bununla belə tərəflərin mövqeyini öyrənib dərc etməyə çalışacağıq.






Fikirlər