İcra başçısı 50 ailəni ələ saldı: “Elçiliyə 6 dəfə gələrlər” - (Fotolar)

İcra başçısı 50 ailəni ələ saldı: “Elçiliyə 6 dəfə gələrlər” - (Fotolar)Bakının mərkəzində daha bir bina sökülür. Sergey Senyuşkin küçəsi, 7A saylı binanın sakinlərinə bir gün əvvəl xəbərdarlıq edilib ki, binanız bir həftə ərzində söküləcək, yerində isə park salınacaq.

Xəbər verdiyimiz kimi, dünən Bakının Xətai rayonu, Sabit Orucov küçəsində yerləşən yaşayış binalarının əlavə tikililəri sökülməsinə başlanılıb. Beşmərtəbəli binaların birinci mərtəbələrinin yol istiqamətində tikilmiş artırmaları Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən sökülüb.

Qeyd edək ki, bir müddət əvvəl həmin binaların arxasında yerləşən ticarət obyektləri, avtomobil dayanacaqları sökülüb. Söküntü işləri aparılan ərazidə park salınacaq.

Söküntü işləri başlamamışdan sakinlərə Sergey Senyuşkin küçəsindəki 7A saylı binanın yenidən üzlənəcəyi vədi verilibmiş. Lakin dünən binanın ilkin layihə vəziyyətini pozmaqla binanın yükdaşıyan konstruksiyalarını və bütövlükdə dayanıqlığın zəifləməsinə səbəb olan yenidənqurma, genişləndirmə və qeyri-qanuni aparılan tikililərə şamil olunan söküntü işlərindən sonra sakinlərə deyilib ki, bina tamamilə söküləcək, yerində isə park salınacaq. Sakinlərə o da elan olunub ki, onlara mənzillərinin əvəzində ev yox, kompensasiya veriləcək. Bu xəbərdarlıq onlara Xətai Rayon İcra Hakimiyyəti (RİH) tərəfindən edilib.

Bu gün sakinlər binalarının sökülməsinə etiraz etmək məqsədilə bir araya gəlib. Onlar 35 ildir yaşadıqları binanın sökülməsindən narazılığını bildirib.

Sakinlər virtualaz.org saytının müxbiri ilə söhbətində evlərinin sökülməsinə etiraz etdiklərini, bununla bağlı Xətai RİH-ə də öz etirazlarını bildirdiklərini və ölkə başçısına müraciət edəcəklərini dedilər.

Sakinlərdən Natəvan İmanova 35 ildir yaşadıqları binanın sökülməsini istəməyənlərdən biridir. Onun sözlərinə görə, bina qəzalı vəziyyətdə deyil və söklüməsinə də ehtiyac yoxdur: “Burada park tikməyin heç bir mənası yoxdur. Sakinlər olmadıqdan sonra parkın nə mənası var? Biz inanırıq ki, prezidentin bundan xəbəri yoxdur. Axı bu binanın sökülüb yerində park tikilməsinin anlamı nədir, bunu kim istəyər? Əlbəttə, prezidentimiz vətəndaşların narahat olmasını, evsiz-eşiksiz qalmasını heç vaxt istəməz. Bu söküntü işlərini Xətai Rayon İcra Hakimiyyəti özbaşına aparır”.

Sakini olduğu binanın sökülməsinə etiraz edənlər arasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əməkdaşı Rauf Sadıqov da var.

AMEA Nizami adına Ədəbiyyat İnstitutunun elmi işçisi, filologiya elmləri doktoru R.Sadıqov deyir ki, bu yaşda evindən çıxmağı qətiyyən istəmir: “Bu yaşdan sonra mən evimdən niyə çıxmalıyam? Hara gedəcəyəm bu yaşda? Bu, bizə qətiyyən lazım deyil. Yaxşı vəziyyətdə olan binadır. Binamızın sökülməsini istəmirik”.

Bina sakinləri deyir ki, onlar kompensasiyaya etirazlarını bildirmirlər. Çünki onlar evlərinin sökülməsini istəmədikləri üçün heç kompensasiya məsələsində danışıq da aparmayıblar. Lakin dünən söküntü işləri aparılan ərazidə olan Xətai RİH başçısı Razim Məmmədov sakinlərə sökülən evlərinin hər kvadratmetrinə görə 1200 manat kompensasiya veriləcəyini deyib.

İcra başçısı 50 ailəni ələ saldı: “Elçiliyə 6 dəfə gələrlər” - (Fotolar)Narazı sakinlərdən Elmar Pirəliyev deyir ki, onlara kompensasiya lazım deyil: “Evimizdə yaşayırıq. Şikayətimiz, narazılığımız yoxdur. Biz binanın sökülməsini istəmirik. Kompensasiya məsələsini müzakirə belə eləmirik. Bizim tələbimiz binanın sökülməməsidir. Bizə park lazım deyil, öz evimiz lazımdır”.

Qeyd edək ki, bu binada 50-yə yaxın ailə yaşayır. 1979-cu ildə tikilən və bir il sonra istifadəyə verilən bina sakinlərinin əksəriyyəti 30-40 il çalışdıqları zavod və fabriklərdə ev növbəsinə durandan sonra bu mənzilləri ala biliblər. Binada 1, 2 və 3 otaqlı evlər var. Sakinlər yaşadıqları binanın Bakıdakı 5 ən sağlam beşmərtəbəli binadan biri olduğunu deyirlər.

Narazı sakinlərdən Şahnaz Abbasova deyir ki, 42 ildir çalışdığı zavodda növbəyə durub, ev alıb. Qonşularının əksəriyyəti də bu cür mənzil alıb: “Sökürəm demək asandır. 42 il əzab-əziyyətlə işləmişəm. Axırda bir ev almışıq. Bu evdə həyat yoldaşımla ikimiz yaşayıram. Övladlarım ailəlidir, öz evləri var. Binamız təzə binadır. Narazılığımız yoxdur. Köçmək də istəmirik. Ölkə başçımız dünənki çıxışında da dedi ki, israfçılığa yol verilməməlidir. İndi icra hakimiyyəti gəlib sağlam binanı sökür. Yerində isə park salır. Bu nəyə, kimə lazımdır? Bunun adı israfçılıq deyilmi?”.

İcra başçısı 50 ailəni ələ saldı: “Elçiliyə 6 dəfə gələrlər” - (Fotolar)

Sakinlərin narazı olduğu başqa bir məsələ isə dünən söküntü aparılan ərazidə olan icra başçısı Razim Məmmədovun sakinlərlə danışıq tonu olub. İcra başçısı narazı sakinlərin etiraz və şikayətlərinə ironik reaksiya verməklə onları daha da qəzəbləndirib.

Belə ki, sakinlərin “biz binanın sökülməsini istəmirik, bizə kompensasiya da lazım deyil” deməsinə cavab olaraq icra başçısı gülərək “hər kvadratmetrə görə 1200 manat kompensasiya veriləcək, 1500 manat isə şəhərin mərkəzində olan evlərə verilir” deyə bildirib.

İcra başçısı sakinlərə evlərinin bir həftə ərzində söküləcəyini deyib. Razim Məmmədov daha sonra üzünü sakinlərə tutaraq bir neçə dəfə xəbərdarlığa gələcəklərini deyib. Özü də çox unikal şəkildə:Elçiliyə 6 dəfə gedərlər. Biz də gəlib 6 dəfə xəbərdarlıq edərik”.

Sakinlərdən Ellada Muradova deyir ki, bu səhər binanın sakinləri öz aralarında razılığa gəliblər. Söz qoyublar ki, heç kəs evindən çıxmasın. Binada yaşayanlardan bir nəfər belə olsun evinin sökülməsini istəmir.

Onu da deyək ki, söküləcək binanın sakinləri bu gün saat 20:00-da binanın həyətindəki kluba toplaşacaq. Xətai RİH nümayəndələrinin sakinlərlə görüşə gələcəyi deyilir.

Xətai Rayon İcra Hakimiyyətindən bu məsələ ilə bağlı sorğumuza cavab olaraq bildirildi ki, sözügedən məsələ ilə bağlı açıqlama vermək səlahiyyətinə malik deyillər: “Bu haqda yalnız təsərrüfat şöbəsinin müdiri danışa bilər. O da hazırda ərazidədir”
.

İcra başçısı 50 ailəni ələ saldı: “Elçiliyə 6 dəfə gələrlər” - (Fotolar)
İcra başçısı 50 ailəni ələ saldı: “Elçiliyə 6 dəfə gələrlər” - (Fotolar)
İcra başçısı 50 ailəni ələ saldı: “Elçiliyə 6 dəfə gələrlər” - (Fotolar)
İcra başçısı 50 ailəni ələ saldı: “Elçiliyə 6 dəfə gələrlər” - (Fotolar)






Fikirlər