O, daha QÜRURLA DALĞALANACAQ...

Related image

Azərbaycan tarixinin şanlı səhifəsi- 1918 ci il noyabrın 9-u. Milli varlığımızın, suverenliyimizin, həmrəyliyimizin, gücümüzün rəmzi olan Azərbaycan Bayrağının yarandığı gün...

Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası 1918-ci il noyabrın 9-da Azərbaycanın üçrəngli - mavi, qırmızı, yaşıl zolaqlardan ibarət və üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan milli bayrağının təsdiq edilməsi haqqında qərar qəbul etmişdi.

 Milli bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada (İndiki Azərbaycan Dövlət Neft Şirkətinin yerləşdiyi binada) qəbul edilib və qaldırılıb.

 Təəssüflər olsun ki,  uğurumuz çoxlarını narahat edirdi. Müstəqilliyini elan edən Azərbaycanın qalibiyyəti ilə barışa bilməyənlər çox əngəllər törətməyə çalışırdılar. Bunun nəticəsi idi ki, bayrağımız dövlət statusunu 1920 ci ilin aprelinə kimi qoruyub saxlaya bildi.

Xalqımızın mərd oğlu Heydər Əliyev yenidən sevincimizi bizə qaytardı. Bu yol asan keçilmədi, amma nəticədə qələbə bizim oldu. Belə ki, 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilib.

1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Dövlət bayrağı haqqında” Qanun qəbul edərək bayrağımıza Dövlət bayrağı  statusunu  verib.

 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət bayrağını bərpa edib.

 Bu gün  Azərbaycan müstəqildir. Müstəqil Azərbaycan Respublikasının rəsmi rəmzləri-bayrağı, himni, gerbi vardır. Dövlətimiz günü- gündən inkişaf edir. Bu, hər bir vətənini, millətini sevən azərbaycanlının qürur duyduğu bir məqamdır. 

 Unutmaq olmaz ki, bir dövlət olaraq biz heç nəyi asanlıqla əldə etmədik. Hər bir uğurumuzun əsasında, başda rəhbərimizin və xalqımızın əziyyəti, əzmi, cəsarəti  və birliyi dayanırdı. Azərbaycan Respublikasının Dövlət bayrağı, Azərbaycan vətəndaşlarının milli həmrəylik, milli varlıq, suverenlik, vahid məfkurə ətrafında sıx birləşmələrinin əsas göstəricisidir.

 Dövlətimizin rəmzi olan bayrağa hörmət və ehtiram hər birimizin əsas və müqəddəs borcudur. Dövlətini, vətənini, millətini sevməyən, heç kimi sevə bilməz. Kimliyindən, vəzifəsindən asılı olmayaraq bu hər bir azərbaycanlının vətəndaşlıq borcudur. Mötəbər tədbirlərdə Azərbaycan himninin səslənməsi, Azərbaycan bayrağının sanki xalqımızın yüksəlişinin göstəricisi kimi yavaş-yavaş ucalması bir vətəndaş kimi məni həm duyğulandırır, həm də qürurlandırır. Himnimiz səslənərkən, bayrağımıza baxıram. Himnimizin sözləri və bayrağımızın rənglərinin mənası birləşərək  necə də bütöv Azərbaycanımızı təsvir edir. Bayraq hər bir vətəndaşın milli vəsiqəsidir. Bayraq sənin özün və özülündür. Bayrağımız qürur mənbəyimizdir, and yerimizdir Təsadüfi deyil ki, vətəni uğrunda canından keçən hər bir şəhidimizin məzarı bayrağımıza bükülərək torpağa tapşırılır.

 Bu, onun göstəricisidir ki, bayrağım, torpağım, vətənim, millətim  uğrunda canımdan keçdim. Bayraq elə bir müqəddəs varlıqdır ki, onun altında ölmək belə şərəflidir.  Bu milli mənsubiyyətə bağlılığın sübutudur.

 Xalqımızın mərd oğulları da bayrağımıza təkcə sözlə deyil, canıyla, qanıyla, hörmət etdiyini, dəyər verdiyini göstərir. Andiçmə mərasimlərində ölkə başçımızın diz çökərək bayrağımızı öpməsi, hərbi hissələrdə vətənə xidmətə yollanan əsgərlərin bayrağımıza sarılaraq valideyni və milləti qarşısında bayrağa and içərək hərbi xidmətə yollanması da Azərbaycan vətəndaşının bayrağına hörmət edib, onu uca tutduğunu göstərir.

 Prezident İlham Əliyev 2009-cu il noyabrın 17-də “Azərbaycan Respublikasının Dövlət bayrağı gününün təsis edilməsi haqqında” sərəncam imzalayıb. 

9 noyabr Azərbaycanda rəsmi olaraq Dövlət Bayrağı Günü kimi qeyd edilir. Dövlət Bayrağı Günü kimi məhz bu tarixin seçilməsi müstəqil Azərbaycanın Demokratik Cümhuriyyətimizin varisi olaraq öz tarixinə xüsusi önəm verdiyini bir daha sübut etdi. 

 Bayrağımızın rəngləri... Göy, qırmızı, yaşıl.  Rənglərin bu cür seçilməsi də təsadüfi deyildir.Göy rəng- bizim türk milliyətinə mənsub olduğumuzu, qırmızı rəng bir dövlət olaraq əsas məqsədimizin müasirlik, demokratiya, müstəqillik olduğunu, yaşıl rəng dinimizin İslam dini, bizim müsəlman olduğumuzu göstərir. Bayrağımız rənglərinin verdiyi məna, görünüşü, tarixi, bizə aid olduğunu sübut edir. Bayrağımız dəyişilməzdir, unudulmazdır və müqəddəsdir.  

 Milli varlığımız-bayrağımız hər zaman əbədi olacaq, bütün dünyada Azərbaycan dövlətinin və millətinin varlığını və müstəqilliyini təsdiqləyəcək.

 Bizim bir millət kimi Qarabağ kimi dərdimiz var. Gülsək tam gülə bilmirik, sevinsək ürəkdən sevinə bilmirik.  Hər zaman Qarabağımız yada düşür.

 Hiss edirik ki, tam deyilik. Bizdə olmayan, bizə aid torpaqlarımızın həsrəti bizi məyus edir. Var olsaq da, Qarabağımızı unutmuruq. Bizim olana qədər də bir dövlət kimi tam olmayacağıq. Ümidlə torpaqlarımızın bizə qayıdacağı günü gözləyirik. Bu gün bayrağımız da dalğalanır. Bayrağımıza diqqətlə baxdıqda onda da bu ümidi görürəm. Sanki həmin günü gözləyir.

 Qarabağda dalğalanacağı gün... Orada bambaşqa daha qürurlu,  daha vüqarlı görsənəcəyini bilirəm.  O tarix gələcək. Bayrağımız Qarabağdan asılacaq. O zaman xalqımız sevincli və xoşbəxt olacaq. Onda isə Azərbaycan bayrağı  bir başqa gözəl görünəcək mavi səmalarda. Zirvələrə ucalan bayrağımız daha qürurla və məğrur dalğalanacaq.

Yaqut Aslanova.






Fikirlər

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi